22 Sentyabr, 2017 - Cümə

Şəbnəm Məmmədova “Bütöv Azərbaycan” qəzeti

Epik növün geniş yayılmış janrlarından biri də lətifələrdir. Məlum olduğu kimi, lətifələr gündəlik həyatımızın müxtəlif məqamlarını çevrələyən məzəli sonluqlarla başa çatan qısa həcmli satirik hekayələrdir. Lətifələrdə xalq gülüşü və həcvi özünü xüsusi şəkildə əks etdirir. Əlbəttə, hər bir xalqın öz yumor qəhrəmanı vardır. Məsələn, ruslarda boyu kiçik, ağlı böyük İvanuşka, Ukraynada- Katiqoroşek, Belarusda-Nesterka, Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Türkmənistanda Molla, yaxud Xoca Nəsrəddin, Kuzey Kıbrısda, Qaqauziyada Nastradin Xoca, Qaraçayda Nəsr Xoca, Tacikistanda- Müşfiqi, Qazaxstanda və Qaraqalpaqstanda Aldar Kosa və b. Bununla belə Qaraqalpaqstanda bir lətifə qəhrəmanı da vardır ki, onun adı Ömirbəydir. Ömirbəyin timsalında biz qaraqalpaq xalqının milli təfəkkürünün, yumorunun, hazırcavablığının, dəcəlliyinin təcəssümünü görürük. Yuxarıda öncə adları çəkilən lətifə qəhrəmanlarına nisbətən, Ömirbəy lətifələrinin “yaşı” o qədər də çox deyil. Onun haqqında tədqiqatçılar neçə onilliklərdir söhbət açsalar da, insanlar arasında o, əlli ilə yaxındır ki, geniş tanınır. Qaraqalpaq dastançı və tədqiqatçılarının fikrincə qədim Qaraqalpaqstanın iri ticarət mərkəzi olan Cumbay şəhərində XIX əsrin sonu XX əsrin əvvəllərində doğrudan da Ömirbəy adlı birisi yaşamışdır ki, əksər zarafatçıl, insanları güldürən və düşündürən hekayələr məhz onun adına yazılmışdır. Bəzi ağsaqqallar Ömirbəyi gözləri ilə gördüklərini söyləyirlər. Bəziləri Qaraqalpaqstanda Ömirbəyin qohumlarının, nəslinin yaşadığını təsdiqləyirlər. Qeyd edək ki, bu tipli hazırcavabların həqiqətən də mövcud olub-olmadıqları haqqında fikirlər də birmənalı qəbul edilmir. Məsələn, Şəki lətifələrinin əksəriyyəti Hacı dayıya məxsus olsa da, onun şəxsiyyəti ilə bağlı fikirlər də mübahisəlidir.
Hər bir xalqın lətifələri özünəməxsusluğu ilə seçilməsinə baxmayaraq, türk xalqlarının lətifələri, o cümlədən Ömirbəy lətifələri mövzu və məzmun baxımından daha orijinaldır. Yəni türk lətifələrində xalq yumoru, xalq həcvi qüvvətli şəkildə özünü göstərir. Etnik-milli xarakteri əks etdirən türk xalqlarının lətifələri müxtəlif şəkildə qruplaşdırılır. Məsələn, Hoca Nəsrəddin fıkraları (fıkra-lətifə deməkdir), Bektaşi fıkraları, Oflu Hoca fıkraları, Böyük şəhər fıkraları (İstanbul, Bursa, Ədirnə); Bölgə fıkraları: Azərbaycanda isə Molla Nəsrəddin lətifələri, Hacı dayı lətifələri, Abdal Qasım lətifələri, Ayrım lətifələri, Şilyan lətifələri, ləzgi lətifəli və s.
Ömirbəyin yaşadığı dövrdə Qaraqalpaqstan Xivə xanlığının ən geridə qalmış əyalətlərindən idi. Təbii ki, bu dövrdə Ömirbəyin kasıblığı, əyalətin ənənəvi məişət ukladı, insanların dini baxışlarının məhdudluğu nəinki ona, həm də digərlərinə mane olurdu. Kasıb, heç bir hüquqa malik olmayan Ömirbəyin başlıca silahı hədəfə dəyən iti və hazırcavablıqla seçilən sözləri idi. Ömirbəy özü dəfələrlə “Ağıl və bicliyin kasıbın silahı” olduğunu qeyd etmişdi. Ömirbəy də öz dəlici-didici ifadələri ilə imkan düşdükcə özgə əməyindən xeyir götürənlərə, insanlara daim yalan danışanlara qarşı mübarizə aparır, dini ehkamçılığı tənqid edir, varlıların kasıbların hesabına daha tez varlanmasının yol verilməzliyinə qarşı sərt çıxış edirdi.
Qaraqalpaqstanda Ömirbəyi “lakkı” (yəni “lağlağıçı”) adlandırırlar. Yeri gəlmişkən bildirək ki, satira və yumor, həcvedici elementlər nəinki lətifələr, həm də qaraqalpaq folklorunun digər janrları üçün xarakterikdir. Lətifələr nəinki qısa tamamlanmış süjetli epizodlardır, həm də sual-cavab şəklində olan bu tipli dəlici zarafatlar (reprizlər) sözün nə qədər canlı həyati olduğundan xəbər verir. Ömirbəyin adının birinci hisəssi “Ömir” “həyat” deməkdir. Elə buna görə də Ömirbəyin lətifələri həyatiliyi və ibrətamizliyi ilə seçilməkdədir. Təssüf ki, Ömirbəyin olduqca maraqlı lətifələri, digər dillərə tərcümə olunsa da, Azərbaycan dilinə tərcümə olunmamışdır. Elə bu ehtiyac üzündən Ömirbəy lətifələrindən bir neçəsinin Azərbaycan oxucuları üçün maraqlı olduğunu nəzərə alıb dilimizə tərcümə etməyi qərara aldıq.
Bir dəfə də kifayətdir
Ömirbəy Solaxay ləqəbli yoldaşı Dosnazarla mərc qururlar. -Sən minirsən arabaya, mən ayağımı üç yerə döyürəm, sən də düşürsən yerə.
-Yalnız ona görə ki, sən ayağını yerə döyəcəksən?- deyə Dosnazar gülümsünür. Sən öz ayağını döyəcəksən, mən də arabada oturacağam! O, tezliklə arabaya atılıb minir.
– Hə, buyur. Deməli, ayağını cəmi üç dəfə yerə döyəcəksən?
-Niyə üç dəfə!- deyib Ömirbəy çiyinlərini çəkir. Bəlkə bir dəfə də kifayətdir.
Ömirbəy ayağını yerə döyür. Dosnazar gülməyə başlayır.
İkinci dəfə ayağımı yerə mən ancaq sabah döyəcəyəm, üçüncü dəfə isə bir həftədən sonra. Əgər onda da arabadan düşməsən, deməli sən uddun,- deyib, Ömirbəy onu sakitləşdirir.
Dördüncü imkandan istifadə edərəm
Bir dəfə Ömirbəy uşaqlığı dövründə xanın daha çox sevdiyi şaftalı ağacına nərdivanı söykəyib yarı hündürlüyə dırmanır. Bağa çıxan xan onu görür.
Xan qəzəblənərək deyir:
-Əgər şaftalılara əl toxundursan başını üzəcəm. Əgər yerə düşməyə çalışsan itləri üstünə qısqıracağam. Əgər yerində qalsan səni oğru adlandırıb, hər iki əlini kəsəcəm.
Ömirbəy o andaca nərdivandan yerə atlanır və gülümsünərək deyir:
-Mən dördüncü imkandan istifadə edərək sağ qalmağı üstün tuturam!
-Oy Allah, bircə bunu nəzərə almamışdım, – deyib, xan başını bulamağa başlayır.
Eşşəyin ogurlanması
Ömirbəyin eşşəyi oğurlanır. Qonum-qonşu, dost-tanış onun yurtasında yığışıb hadisəni müzakirə etməyə başlayırlar.
Yığışanlardan biri deyir: Gərək eşşəyi möhkəm bağlayardın.
Elə yatmalıydın ki, hər hansı balaca bir səsə, xışıltıya oyana biləydin, – deyə ikincisi məsləhət verir.
Üçüncü isə, ümumiyyətlə, eşşəyin yurtada saxlanmasının məqsədəuyğun olduğunu bildirir.
-Hər şeyin təqsirkarı özünsən! Təəccüblüdür ki, bu eşşəyi bir ay bundan qabaq niyə oğurlamayıblar? Dördüncü dodaqaltı qımıldanır.
Ömirbəy susur. Məsləhətlər isə hər tərəfdən bir-birinin ardınca səpələnir.
-Bəd it saxlamalıydın ki…..
-Yaxşı yiyənin eşşəyi ona kənar adam yaxınlaşanda anqırmalı idi…
-Eşşəyin noxtasını ayağına bağlamalıydın ki, onun kiçik bir tərpənişini hiss edəydin…
Nəhayət, Ömirbəy özünü saxlaya bilməyib deyir.
-Nədir, hamınız mənim üstümə düşmüsüz? Bəlkə oğru barədə də nə isə deyəsiz? Sizin deməyinizdən belə çıxır ki, hər şeyin təqsirkarı bircə mənəm.
Yuxumun yarısı
Ömirbəyin dostları yurtada oturub yuxularını danışırlarmış. Növbə gəlib çatır Ömirbəyə.
-Mən gələcəkdən xəbər verən yarımçıq yuxu gördüm.
-Necə yəni?- dostlar təəccüblənirlər.
-Yuxuda gördüm ki, çiynimdə qızıl dolu kisə aparıram, ağırlıqdan çiynim bərk ağrıyır.
-Hə, noolsun ki? Oyandın, qızıl vur-tut yarım kisədir?
-Yox. Gözümü açanda kisəni görməsəm də, çiynim indiyə qədər də ağrıyır.
O harda belə gün görə bilər?
Bir dəfə Ömirbəyin arvadı kasıblıq və aclıqdan cana doyaraq ərinə deyir:
-Ömirbəy, sən belə ağıllı, hər şeyi bilənsən, de görüm, kasıblıq bizdən nə vaxt əl çəkəcək?
Ömirbəy gülümsünərək deyir:
-Sən mənimlə çoxdan bir yerdə yaşasan da, sanki hələ də həyatı yaxşı başa düşmürsən! Özün yaxşı bax: sən xeyirxah, sakit qadınsan, mən də cığal deyiləm. Sakit hamı ilə dil tapıb yaşayırıq. Kasıblıq nə üçün bizdən əl çəkməlidir? Onun yeri burada rahatdır. Məgər biz onu incidir, yaxud təhqir edirik. O harada belə gün görə bilər.
Lap az qalıb
Ömirbəyin eşşəyi ölür.
Bunda
n az keçmiş Ömirbəy yolla gedərkən bir eşşək nalı tapır. Nalı diqqətlə nəzərdən keçirən Ömirbəy əllərini göylərə qaldıraraq deyir:
-Ay Allah! Əgər nalı mənə sakitləşmək üçün göndərirsənsə, bir azca da geniş ürəkliliyini axıra qədər göstər. İş ki belə başlayıb səndən xahiş edirəm az qalıb! Elə et ki, mənə üç nal, bir də bir eşşək göndər. Vəssalam. Bunu etməyə sənə nə var ki?
Yurtanın yanından yol gedir…
Ömirbəy sanki gələcək alim kimi söz və ifadələrdə dəqiqliyi sevərdi. Bir dəfə necəsə yurtanın yanında oturarkən, yoldan keçən yolçu ondan soruşur:
-Hörmətli insan, bu yol hara gedir?
Ömirbəy cavab verir:
-Bütün həyatımı mən burada yaşamışam, bir dəfə də görməmişəm ki, yol getsin! O daim burada dayanır!
-Hörmətli insan, bağışlayın, soruşmaq istəyirdim ki, bu yol hara aparır?
-Hə bu başqa məsələ! – Ömirbəy yolçuya bu yolla hara gedib çıxmağı izah edir.

Haqqında Əkinçi