19 Noyabr, 2017 - Bazar

Sədaqət Yusifqızı

XATIRLAYIN
Məhəmməd Nəbi oğlu Əsədov. Yaşasaydı yetmiş yaşı olacaqdı. Qoymadılar. Ömrünün 50-ci ilində erməni terrorunun qurbanı oldu. Çıxdıqları xoş məramlı yoldan geri dönmədilər.
Sədaqət Yusifqızı

Son günə qədər bu torpaq, bu Xalq, bu Vətən üçün çox iş görmüşdü general Əsədov. Adına layiq bir qəhrəmanlıq səhifəsi yazmışdı.

1960-cı ildə Bakı statistika texnıkumunu bitirdi. Bir müddət doğma Zəngilanda işləyəndən sonra hərbi xidmətə getdi və üç il orduda qulluq etdi. Ordudan qayıdıb, Sumqayıtdakı 1 saylı tikinti trestində betonçu kimi işə başladı.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit fakültəsinə daxil oldu. Bir müddət sonra fakültə Xalq Təsərrüfatı institutuna verildiyindən M.Əsədov 1970-ci ildə həmin institutunun məzunu oldu.

Məhəmməd Əsədovun həyatında yüksəliş dövrü bundan sonra başlayır. Əvvəlcə, Sumqayıt ŞPK-də təlimatçı, sonra sənaye, daha sonra təşkilat şöbəsinə müdir vəzifəsinə təyin edilib.

1978-80-ci illərdə Ağsu rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. Növbəti iki il Moskvada təhsil aldıqdan sonra MTN-də yüksək vəzifədə xidmət edib.

Sədaqət YusifqızıO vaxtkı respublika rəhbərliyi işdə qazandığı uğurlara, insanlarla işləmək bacarığına və yüksək insani keyfiyyətlərinə görə onu Beyləqan rayon partiya komitəsinə birinci katib təyin edilir. İşə başladığı birinci ili rayon bütün sahələrdə yüksək göstəricilərlə başa vurdu. Və Məhəmməd Əsədovun rəhbərlik bacarığı bir daha üzə çıxdı. Qurub-yaratmaq, insanlara kömək etmək, onların dərdlərinə şərik olmaq. Bu idi onun amalı. Rayonda aparılan abadlıq işləri, mədəni-məişət obyektlərinin tikilməsi, su kəmərinin çəkilməsi, əhalinin rifahının yaxşılaşdırılması—qısa müddətdə əldə olunan uğurlar idi
Məhəmməd Əsədov 1986-88-ci illərdə Mərkəzi Komitədə inzibati orqanlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. İşgüzarlığı, yüksək insani keyfiyyətləri,ziyalılığı ilə sayılıb-seçilən M.Əsədov bu dəfə göstəricilərinə görə geridə qalan Ağdaş rayonuna birinci katib təyin olunur. Rayon mədəniyyət sarayının bərpası, kənd yollarına asfalt döşənməsi, tarıxı şəxsiyyətlər üçün muzeylərin yaradılması ilk növbədə görülən işlər oldu.

Sonra bir il Quba rayonunda işini davam etdirdi. Burda da peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, eyni zamanda gözəl insani keyfiyyətləri onu böyük nüfuz sahibi etmişdi.

Sədaqət YusifqızıMilli təəsübkeşlik və ləyaqət hissinə malik qeyrətli, vətənpərvər insan olan M.Əsədov 1990-cı ilin aprelində Azərbaycan Respu
blikasının Daxili İşlər Naziri vəzifəsinə irəli çəkilir. Çox yüksək vəzifə sahibi—nazir,dövlət müşaviri olmasına baxmayaraq, tez-tez təhlükəli bölgələrə gedərək, torpaqlarımızın müdafiəsi üçün bütün qüvvələrini səfərbər etmişdi. O, səngərlərdə döyüşən əsgərlərlə birgə əlinə silah alıb torpaqlarımızın müdafiəsində dayanırdı.

Dağlıq Qarabağla bağlı problemlərin həllində general Əsədov böyük rol oynayırdı. İnsanların təhlükəsizliyi, qatarların mühafizə olunması, dövlət əhəmiyyətli obyektlərin qorunmasında onun xidmətləri danılmazdır.

Xüsusi Təyinatlı Milis dəstələrinin yaradılması onun təşəbbüsü idi. Döyüş bölgələrində keçirilən bütün uğurlu əməliyyatların başında general Əsədov dayanırdı. Qarabağ savaşının əsas dönüş nöqtəsi olan “Çaykənd əməliyyatı” onun adı ilə bağlıdır.

Ona; “ ehtiyatlı ol, təhlükəli yerlərə getmə”- deyəndə –“ Mən xalqımın oğluyam! “—deyirdi.
Müstəqillik, azadlıq—istədiyi bu idi. Bu amal yolunda qurban getdi general Əsədov. Vətənimiz, torpağımız, xalqımız üçün ən dəyərli insanlardan biri, elə birincisiydi Məhəmməd Əsədov. Belə qəhrəmanları unutmağa haqqımız yoxdur.

Haqqında Əkinçi