25 Sentyabr, 2017 - Bazar ertəsi

Sədaqət Yusifqızı

Sorağını Almaniyada yaşayan həmkarım, Svetlana xanımdan aldım. Sonra telefonla əlaqə yaradıb Azərbaycanın musiqi beşiyi olan Bakı Musiqi Akademiyasına yollandım. Oqtay Abasquliyevi tanımasam da, görməsəm də Svetlana xanım İsmayılova onun haqqında ilk təəssüratı yaratmışdı məndə.

–Oqtay müəllim çox mədəni bir insandır, gözəl pedaqoqdur, ziyalıdır. Ən əsası, Bakı Musiqi Akademiyasının yükünü çiynində daşıyanlardan biridir—demişdi .

Çox təvazökar, həm də sakit təbiətlidir, Oqtay müəllim. Özü haqqında danışmağı heç sevmir. Gördüyüm andan, ilk təəssüratım da belə oldu.
Sədaqət Yusifqızı
–Məni musiqiyə gətirən Üzeyir bəy olub—deyə sözə başladı. Biz onunla qonşu idik. Evimizdə pianino vardı. Mən də calırdım. Amma, nənəm icazə verməzdi..Deyərdi ki, aşağıda Üzeyir bəy yaşayır, sən onu narahat edirsən. Bir gün Üzeyir bəy bizə zəng edib nənəmdən soruşur ki, sizdə pianino çalan kimdir? Nənəm də cavab verir ki, nəvəmdir. –Onu yanıma gətirin—deyir Üzeyir bəy.

Biz nənəmlə düşdük Üzeyir bəygilə. O musiqi qabiliyyətimi yoxladı və musiqi məktəbinin direktoru Kövkəb Səfərəliyevaya zəng vurdu. Getdim musiqi məktəbinə–dedi Oqtay müəllim.

İnsanın istedadının, qabiliyyətinin üzə çıxmasında, inkişaf etməsində ailənin, məktəbin rolu böyükdür. Oqtay müəllim adlı—sanlı , ziyalı ailəsində dünyaya gəlib. Valideynləri respublikanın tanınmış mütəxəssisləri, yaradıcı insanlar idi. Bülbül adına Orta İxtisas Musiqi məktəbinə gəldiyi gün də onun bəxti gətirdi.Tale onun qarşısına Reqina Siroviç kimi bir müəllimi çıxardı. O vaxt R.İvanovnanın xidmətləri hamıya bəlli idi. O, böyük təcrübəyə malik mütəxəssis idi və uşaqlarla gözəl işləyirdi. Oqtay Abasquliyev böyük ifaçılıq məktəbinin əsaslarını elə burada—R. Siroviçin sinfində öyrəndi.
O, Musiqi məktəbini əla qiymətlərlə başa vurdu. Dövlət imtahanında onun məharətli ifası imtahan komissiyasının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru , görkəmli bəstəkar, professor Cövdət Hacıyevin diqqətindən yayınmır . Oqtay Abasquliyev ən yaxşı pianino ifaçısı kimi ilk üçlüyə düşür və həmin il uğurla imtahan verib konservatoriyanın fortepiano fakültəsinə daxil olur. Oqtay müəllim deyir ki, müəllim sarıdan həmişə bəxtim gətirib. Burda da o, Mayor Rafaeloviç Brennerin sinfinə təyin edilir. Brenner Leninqrad konservatoriyasının məzunu, olduqca istedadlı pianoçu və müəllim idi. Bir çox gənc pianoçu məhz onun sinfində təhsil almaq arzusu ilə konservatoriyaya daxil olurdu. Və fakültənin ən bacarıqlı, yüksək ifaçılıq qabiliyyətinə malik tələbələri bu sinifdə təhsil alırdı. Professor Brennerin sinfi bir məktəb idi. Bu məktəbi uğurla bitirmək, gənc ifaçı üçün olduqca önəmli və şərəfliydi. Oqtay Abasquliyev bu illərdə müxtəlif səpgili əsərləri proqramına daxil edib. Onun repertuarında Baxla yanaşı, C.Hacıyev, Motsart, Çaykovski, Raxmaninovun əsərləri də yer alır. Təhsil aldığı illərdə Bakıda keçirilən birinci Zaqafqaziya (1960) müsabiqəsinin və Azərbaycan gənclər (1962) festivalının iştirakçısı və laureatı olub.

Oqtay Abasquliyev 1963-64- cü illərdə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında, sənətşünaslıq doktoru, professor Y.İ. Milşteynin sinfində təhsilini davam etdirib. O, milli piano ifaçılığımızın istedadlı nümayəndəsidir. Böyük ifaçılar sırasında onun özünə məxsus yeri var.

1963-cü ildən Bakı Musiqi Akademiyasının müəllimidir. Müəllimlik ən uca, ən ali bir peşədir. Tək qabiliyyətlə gözəl musiqiçi olmaq olar, amma gözəl müəllim olmaq üçün həm istək, həm bilik, həm peşəkarlıq, həm də ürək gözəl olmalıdır. Bunlar Oqtay müəllimdə var. Bu keyfiyyətlərinə görə 1976-cı ildən 2003-cü ilə qədər, düz 27 il fortepiano fakültəsinin dekanı olub. Onun tələbələri dünyanın müxtəlif yerlərində, ayrı-ayrı təhsil ocaqlarında, eyni zamanda onunla Bakı Musiqi Akademiyasında çalışırlar.

—Bu illər ərzində 200-dən çox pianoçu yetişdirmişəm. Onlar mənim sinfimdə təhsil alıblar. Nərminə Quliyeva, Gülnarə Səfərova, Xədicə Rzayeva, Samir Mirzəyev, Mədinə Tuayeva, Mehriban Ağayeva, Səbinə Mehdiyeva, Günay Qasımova, Ayan Salahova, Fidan Ağayeva, Nigar Məcidova, Züleyxa Bayramova, lalə Musayeva və başqaları Beynəlxalq və Respublika müsabiqələrinin laureatlarıdır. Dekan işlədiyim müddətdə 2000-də çox məzunumuz olub. Onlar da mənim tələbələrim sayılır—deyir Oqtay müəllim.

Nümunəvi dekan olduğuna görə O. Abasquliyev 2003-cü ildə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru seçilib. Amma, heç dəyışmədi. Özünə xas olan insanlığı, mədəniyyəti, təmkini, peşəkarlığı və sadəliyi ilə yenə iş başındadı.

Vaxtında çox konsertləri olub. İndi daha çox pedaqoji fəaliyyəti ilə məşğuldur. Professor Oqtay Abasquliyev Əməkdar incəsənət xadimidir.

Artıq üçüncü ildir ki, Qəbələ şəhərində keçirilən beynəlxalq festival və pianoçular müsabiqəsində, dünya şöhrətli musiqiçilərdən ibarət 12 nəfərlik münsiflər heyətinin tərkibinə Oqtay Abasquliyevin daxil olması onun sənətinə , peşəkarlığına verilən qiymətin nəticəsidir.

Sədaqət YusifqızıO, özünü peşəsindən ayrı heç təsəvvür eləmir. Və burda Bakıda onun üçün doğmadan da doğma olan bir ünvan var. Bakı Musiqi Akademiyası. Çünki, bütün həyatı bura ilə bağlı olub. Dostları, həmkarları, sevdiyi tələbələri—hamısı burdadı. Azərbaycan musiqi mədəniyyətinin beşiyi olan konservatoriya. O burda olmağından çox məmnundur. Söhbətimizin sonunda:

–Məni bu sənətə Üzeyir bəy gətirib. İndi mənim oturduğum bu kabinet də vaxtı ilə onun iş otağı olub—dedi Oqtay müəllim.

Yaxşı musiqiçi, gözəl müəllim və əsil insan. Onu tanıyanlar belə

deyirlər Oqtay müəllim haqqında dahi Üzeyir bəy də xeyir-duasını verdiyi balaca qonşusunu elə belə görmək istəmişdi.

Haqqında Əkinçi