22 Sentyabr, 2017 - Cümə
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Sədaqət YusifqızıHər bir sənət əsəri sənətkarın zəhmətinin bəhrəsidir.Daim axtarışda olan,həmişə sərbəstliyi,azadlığı sevən bu insanların öz dünyası var. Bəzən tamaşaçını heyrətə gətirən sənət əsərlərinin çoxu bu dünyanın məhsuludur. Hamının zövqünü oxşayan və nəsildən-nəslə ötürülən bu əsərləri qoruyub saxlayan,onlara əbədi həyat bəxç edən bir mədəniyyət ocağı var—Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi…Mərkəz qədim İçərişəhərin əyri,dolanbac küçələrinin birindəki Bəylər məscidində yerləşir.

Azərbaycanda bərpaçılıq sənəti mərhum sənətkar, hamının “Restavrator Fərhad”kimi tanıdığı Fərhad Hacıyevin adı ilə bağlıdır.O,1957-ci ildə R.Mustafayev adına İncəsənət Muzeyinin zirzəmisində ilk bərpa mərkəzini açıb.1981-ci ildə respublika mədəniyyət Nazirliyinin qərarı ilə emalatxanaya mərkəz statusu verilib.İndi burada 60 nəfər yüksək ixtisaslı mütəxəssis çalışır.Onlar boyakarlıq,qrafika.tətbiqi sənət,xalça,tikmə,metal,ağac.zərgərlik nümunələrinin bərpası ilə məşğul olurlar.

Mərkəzin dörd şöbəsi var—tətbiqi sənət, rəngkarlıq, qrafika və elmi-tədqiqat şöbələri. Tətbiqi sənətə tikmə, xalça daxildir.Muzeylərdəki xalçalar bərpa, konservasiya olunaraq onların ömrü uzadılır.Rəngkarlıq şöbəsində ev-muzeylərdən və incəsənət muzeyindən gətirilən əsərlər bərpa olunur.

Qrafika şöbəsində isə proqramlar, afişalar, əlyazmalar təzələnir. Məsələn, Abşeron Tarix-Diyarşünaslıq Muzeyindən Mehdi Hüseynzadənin məktubunu,Üzeyir Hacıbəyov və Teatr Muzeyindən 53 eksponatı bərpa ediblər.

Mərkəzin əməkdaşları tez-tez rayonlardakı muzeylərə baş çəkirlər. Onlar muzey işçilərinə eksponatları necə mühafizə etməyi öyrədirlər. Mərkəzin Elmi-Bərpa şurası var.Hər bir eksponat qəbul olunanda öncə şuranın müzakirəsinə verilir. Yalnız bundan sonra bərpa olunur.

Şuraya memarlıq doktoru Vilayət Kərimov rəhbərlik edir.Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Əlyazmalar institutunun böyük elmi işçisi Arif Ramazanov, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə,xalçaçı-rəssam Tariyel Bəşirov qurumun üzvləridir.

Bərpaçılıq sənətinə yiyələnmək üçün təkcə rəssam olmaq azdır. Bərpaçı-rəssam geniş dünyagörüşünə,dərin biliyə malik olması ilə bərabər, sənəti sevməlidir. İncəsənət əsərlərinin bərpası və ekspertizası ixtisası üzrə təhsil alan tələbələr tədris yaradıcılıq təcrübəsini burada keçirirlər.

Sədaqət YusifqızıXalça üzrə ən peşəkar bərpaçılar keçmiş SSRİ məkanında cəmi dörd şəhərdə, Moskva, Kiyev, Vilnüs və Bakıdakı bərpa mərkəzindədir.

—Mərkəzdə hansı sahə üzrə mütəxəssis qıtlığı var?-deyə mərkəzin direktoru Zərifə xanım Məlikovadan xəbər aldıq.

–Keçən il Tarix muzeyinin eksponatlarını bərpa etdik. Eksponatlar içində şüşə qablar vardı.Mən elə bilirdim ki, şüşə üzrə mütəxəssisimiz yoxdur. Amma onu bizim keramika ustamız Soltan elə bərpa etdi ki, özümüz də mat qaldıq.Arxeoloji parçaları, dəri eksponatları də bizim işçilərimiz bərpa etdilər.Ona görə qətiyyətlə deyə bilərəm ki,heç bir sahədə çətinliyimiz yoxdur. Ötən il Amerikadan tikmə üzrə mütəxəssislər gəlmişdilər.Onlar həm muzeylərdə, həm də bizim mərkəzdə işçilərimiz üçün ustad dərsləri keçirdilər. Əvvəldən planlar belə idi ki, işçilərimizdən birini Amerikaya ixtisas artırma kursuna aparsınlar.İşimizlə tanış olandan sonra dedilər ki, biz hələ sizdən çox şey öyrənməliyik. Doğrudan da, çox bacarıqlı mütəxəssislərimiz var. Ruhəngiz Əliyeva, Bəsti Əliyeva tikmə üzrə bərpaçı kimi əvəzolunmazdılar.Rəngkarlıq üzrə Natiq Səfərov, Elmira Səfərova, qrafika sahəsində Xatirə Tağıyeva, Ülviyyə Şirinova, xalçaçı-rəssamlar Sima Quliyeva, Xatirə Əzimova, Gülminə Əhmədova əsil peşəkardırlar.
Sədaqət Yusifqızı
Mərkəzimizin öz ənənələri olub,işləri ilə tanınıb.Bir-neçə il əvvəl Moskvada Ümumittifaq Elmi-Tədqiqat Bərpa İnstitutunun 50 illik yubileyi keçırılırdı.Tədbirdə mən də iştirak edirdim.Orada bizim mərkəz haqqında xoş sözlər deyildi, onun yaradıcısı Fərhad Hacıyev böyük hörmətlə yad edildi.Mən də onun davamçısı kimi bundan çox böyük qürur hissi keçirdim.

Bərpa mərkəzinin işi həm çətin,həm də çox məsuliyyətlidir.Bunu kollektivin hər bir üzvü bilir.Ənənələrə sadiq olan kollektiv Fərhad Hacıyevin başladığı işi layiqincə davam etdirir.

Haqqında Əkinçi