19 Noyabr, 2017 - Bazar
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Mən Zaqatalanın Gözbarax kəndində doğulub böyümüşəm. Evimiz də meşənin lap ətəyindədi. Həyətimizdə həmişə müxtəlif heyvanlar olub.Qırqovuldan tutmuş ta soltan toyuğuna qədər. Hətta ayılar da meşədən həyətimizə necə deyərlər “qonaq” gəlirdilər.
Düzünü deyim ki, heç vaxt heyvanxanada olmamışdım. Ümumiyyətlə, uşaqlıqdan da bu istək olmayıb məndə. Bəlkə də kənddə doğulub-böyüdüyüm üçün sevmirəm zooparkı. Yerindən asılı olmayaraq, yaşadığı ərazidə sakin, bəlkə də lap elə sahib olan heyvanları şəhərdə görməyi heç arzulamamışam.

Sədaqət YusifqızıBu günlərdə rəfiqəmin təklifi ilə yolumuzu şəhərimizdəki zooparkdan saldıq. Həm görmək,həm də gördüklərimizi bölüşmək üçün.

Kassadan bilet alıb içəri keçdik.. Gəzdik, gördük. Amma, nədənsə indiyə qədər burada olmadığıma görə də təəssüflənmədim. Heyvanxana uşaqların ən sevimli yeridir. Ona görə də bura ən çox uşaqlar gəlirlər. Onların hamısı bu heyvanları yaxşı tanıyırlar. Hər birinin nəyə qadir olduğunu da bilirlər. Hələ körpə ikən nənə və babalaının söylədikləri nağılların qəhrəmanı kimi, sonra dərs kitablarından, televiziyada vəhşi təbiət haqqında çəkilən sənədli filmlərdən, lap elə cizgi filmlərindən. Doğrudan da uşaqlar nağıllardakı kimi vəhşi heyvanları meşədə, ceyranları düzdə, timsahı göldə. qırqovulu kol dibində görsəydilər onlar üçün daha maraqlı olardı və onlarda azərbaycanın təbiəti haqqında da dolğun təəssürat yaranardı.

Bakı zooparkı MDB ölkələri arasında ən kiçik zooparkdır.

Zoopark deyilənə görə əvvəllər Bayılda yerləşirmiş. 1980-ci ildə bura köçürülüb.Əvvəllər Bakı zooparkına fil də gətirmək istəyiblər, amma ərazinin kiçikliyi buna yol verməyib.Hətta bir zamanlar burada qırmızı kitaba adı düşən heyvanlar da olub.
Zooparkda yaşayan heyvanların əvvəlki yerlərinin necə olduğunu bilmirik. Amma , düz 32 ildir ki, heyvanlar bu ensiz qəfəslərdə yaşamağa məhkumdurlar. Nəriltisiylə dağı-daşı lərzəyə salan ayı da, cəngəlliklərin şahı şir də,pələng də, kiçik bir səsdən hürkən ceyran da, səmada qanad çalan qartallar da laqeyd baxışlarıyla ətrafı seyr edirlər. Görünür bu yaşam yorub onları.
Kim deyir ki, heyvanların taleyi olmur! Məncə zooparkda yaşayan heyvanlar , məhz taleləri üzünə gülməyən heyvanlardı.
Burada yaşayan bəzi heyvanların adları da var. Əgər yadınızdadırsa bir şir var idi. Deyilənlərə görə hər namaz vaxtı “ ALLAH” deyirmiş.O vaxtlar zooparka böyük axın olub. O şirin adı “Maykl” dır. Amma Maykl indi susur…

Sədaqət Yusifqızı“Vəhşi təbiət” filmlərində ayının nərildəyə-nərildəyə hücuma keçdiyini, pələngin ovunu bir anda xırpaladığını, maralın qayaların üstündə təkə ilə kəllə-kəlləyə gəldiyini, timsahın o biri sahilə keçmək üçün suya baş vuran ceyranlara qəfil hücum etdiyini görmüşük. Bu onların həyat uğrunda mücadiləsidir. Təbii ki, zooparkın sakinləri olan bu heyvanlardan onu gözləmirik. Amma…

Türklər zooparka “ Hayvanat bahçesi “ deyirlər. Doğrudan da adına layiqdir hayvanat bahçeləri. Hər bir heyvanın özünə məxsus bağçası var. Biz də zooparkımızı elə görmək istərdik

Ekskursiyamızın sonunda zooparkın ternologiya şöbəsinin müdiri Esmira Əhmədova ilə görüşdük. Rəhbərlik etdiyi şöbə məməli heyvanlar, dırnaqlılar və yırtıcı heyvanlara nəzarət edir. Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. İki ildən artıqdır ki, burda işləyir. İşindən razıdır.

—Heyvanlarla işləmək həm rahat, həm də maraqlıdır. Müxtəlif ölkələrin zooparkları ilə əlaqələrimiz var. MDB ölkələri, İran, Çexiya. Heyvanları mübadilə edirik. Tehran zooparkından şir gətirilib, Çexiyadan kenquru,alpak, ilanlar alınıb, Belorusdan vaşaq və quşlar göndəriblər.Biz də onlara qartal vermişik.

— Bura daha çox kimlər gəlir?

— Yaşlı adamlar hər zaman gəlirlər. Gənc valideynlər körpələrini tez-tez gətirirlər. Bir də məktəblilər.

— Zoopark sizin xoşunuza gəlirmi?

— Hə yaxşıdı,bizdə başqa zooparklarda olan bütün heyvanlardan var. Amma, yerimiz darısqaldır. Ona görə də heyvanları qəfəsdə saxlayırıq. Eşitdiyimizə görə zooparkı şəhərdən kənara köçürəcəklər. Və ümid edirik ki, onda yerimiz daha geniş olaçaq.

Sədaqət Yusifqızı Və onda bizim də heyvanlara baxanda ürəyimiz qısılmayacaq, yazığımız gəlməyəcək. Və əsil park kimi bura gələnlərin sayı da çox olacaq.

Haqqında Əkinçi