25 Sentyabr, 2017 - Bazar ertəsi

Sədaqət Yusifqızı

İllər öncə Azərbaycan televiziyasının efirindən belə səslənmişdim tamaşaçılara; Bu kənd, bizim kəndimizdir. Dağın hündür yamacında kameranı yerləşdirib, min illərin Sədaqət Yusifqızıdağlarını, bu dağlara söykənən axar-baxarlı kəndi lentin yaddaşına köçürmüşdük. Onda dağlar da o dağlar idi, kənd də o kənd. Uşaqlığımızdakı kimi.
Onda kəndin səs-küyündən qulaq tutulurdu. Səhərdən-axşama qədər maşınların,traktorların səsi kəsilmirdi. Kəndin küçələrində boş-bekar adam gözə dəyməzdi. Hər kəs öz işindəydi. Əkinçi əkinində, biçinçi biçinində. Hamının işi vardı. Uşaqların da. Bizim tərəflərdə tütün becərilirdi. Mayda tütünün şitili sahəyə köçürüləndən sentyabrın sonuna qədər hamı tütünlə məşğul olurdu. Alağa,tütün dərməyə dəstəylə gedərdilər.Dərsdən sonra uşaqlar da analarına qoşulurdular. Payızda fındıq yetişəndə işlər lap qarışardı. Amma,hər şey o qədər maraqlı idi ki. Hamı bir-birinə kömək edirdi. B unu da həvəslə edirdilər. Bəzən söz düşəndə, o vaxtın uşaqları deyirlər ki, bizi kənddən tütün qaçaq saldı. Hər halda, bu gün həsrətini çəkdiyimiz çox şeylər vardı onda.
İndi əyyam dəyişib, kənddə dəyişib. Adı qalıb.İndi kəndin nə maşını var, nə traktoru, nə də kombaynı. Qışda kəndin küçələrinin qarını kürümək üçün ekskvator da tapılmır. Buz əriyənə kimi bütün yollar qalır Allahın umuduna.
Ötən qış da çox sərt oldu. Əslində, qarı,şaxtasıyla o yerlərə yaraşan qış idi. Hamı sevinirdi. Məhsul bol olacaq- deyirdilər. Adətən qış yumuşaq keçəndə, yaz kürlük edir, tez-tez yağışlar yağır, dolu düşür, məhsul zay olur. Bu il belə olmadı.
Demə,daha dəhşətli günlər qarşıdaymış.
Sədaqət YusifqızıHələ yaz təzə başlamışdı, xəbər çıxdı ki. zəlzələ olub. Elə bərk olmasa da, yeri silkələmişdi. Uşaq vaxtı belə olanda,yaşlı adamlar deyirdilər ki, yer tərpəndi. Olub-keçsə də, adamların içində bir narahatlıq qaldı. Söz-söhbəti qurtarmadı, dedilər yenə gözlənilir. O yerlər seysmik bölgə sayılsa da biz həmişə dağlara söykənmişik. Min illər boyu insanlara arxa-dayaq olan, dağlara. Fikirləşmişik ki, dağlar bizi hər bəladan qoruyacaq. Çünki,gözümüzü açıb, bu dağları görmüşük. Dağ dibindəki evlərlə dağın arası vur-tut 100 addım olardı. Günümüz o dağlarda keçib. Çiyələyindən tutmuş alça, zoğal,əzgil, yemişan, qoz- hər şey vardı, bu dağlarda. Güneyinə,quzeyinə, dərəsinə, hər cığırına bələd idik. Hər halda,bizə belə gəlirdi ki,dağlar bizi darda qoymaz.
Nəhayət, vaxt-vədə yetişdi. 7 may 2012-ci il .Saat 9.40-da hər kəsin bağında-bağçasında işlədiyi bir vaxtda gurultu qopdu.Dalınca, tozanağıynan zəlzələnin dalğası gəldi. Və həmin andan, bizim kəndin— Zaqatalanın Gözbarax kəndinin adı tarixə düşdü.Zəlzələnin ocağı kimi. Qonşu kəndlər – Mamrux, Çobankol, Qımır da çox ziyan çəkdi. Orda da evlər dağıldı. Amma zəlzələnin episentri kimi Gözbaraxda dağılan evlər yüzlərlədir. Bu, dəhşətli bir işdir. Rəsmi məlumat yayıldı ki, zəlzələnin gücü 7 bal olub.
Köhnə tikililər anındaca dağıldı. Möhkəm, təzə evlərinsə divarları çat-çat oldu. Birinci zəlzələdən belə çıxdı,kəndimiz. Elə bildik, qurtardı. Çünki,belə görmüşdük. O vaxt Bakıda da belə oldu.
Gün ərzində nisbətən zəif təkanlar bir neçə dəfə oldu. Axşama doğru yenə xəbər gəldi li, evlərə girməyin,güclü zəlzələ gözlənilir.
Sədaqət Yusifqızı19.15-də daha güclü bir dalğa gəldi və bütün kənd dumana büründü, nisbətən yararlıı evlər də yararsız hala düşdü. Bu daha dəhşətli bir çaxnaşmaydı. Görünür, bu da Allahın bir sınağıydı. Yenə şükür, mal-mülk getsə də ölüm-itim olmadı. Yalnız, bir qadın uçqunun altında qalmışdı, onu da həmin gün Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov müalicə üçün Bakıya göndərdi.
Nazir zəlzələ bölgəsində vəziyyətlə tanış oldu..
Köməyə hərbiçilər,polis işçiləri,həkimlər cəlb olundular. İnsanlara ilk yardım göstərildi–çadırlar quraşdırıldı,ərzaq paylandı. Səhərisi ölkə prezidenti İlham Əliyev bölgəyə səfər etdi. Kəndin adamları ilə görüşü oldu. Və orda da dedi ki, heç kim narahat olmasın,sizə olduğundan da gözəl evlər tikiləcək.
Kəndin ən çətin günlərində insanlarımıza arxa-dayaq duranlar çox oldular. Adlarını açıqlamaq istəməyən neçə-neçə insan çadırlarda yaşayanlara yardım elədi. Sağ olsunlar.
Artıq o vaxtdan xeyli keçsədə, insanlar hələ də stresdən qurtarmayıblar, amma, bir az sakitləşiblər. Çünki,kənddə iş başlayıb. İlk öncə məktəbin tikintisi başlanıb. Yeni dərs ilində qapılarını şagirdlərin üzünə açacaq.
Sədaqət YusifqızıQəzalı evlər sökülür, yeni evlərin özülü qazılır. Soyuqlar düşənə kimi, evlərin də tikintisi başa çatacaq—deyirlər. İnşallah.
Onda GÖZBARAX yenə əvvəlki həyatına qayıdacaq. Həmişəki kimi yenə qonaq-qaralı olacaq kəndimiz. Bu qarışıq zamanda olan umu-küsülər də yaddan çıxacaq. Uzun illər öncə işin çoxluğundan, indi isə işsizlikdən kənddən uzaq düşən oğullar da bir gün doğma el-obaya dönəcək. Boş qalan yurdlar da, oğul həsrətiylə dünyadan köçən ata-anaların narahat ruhları da onda rahatlıq tapacaq.
Bu kənd, bizim kəndimizdir. Bu dağlar da, bizim dağlardı. Mənim, sənin, hamının.
Yeni kənddə görüşmək ümidiylə;
SƏDAQƏT YUSİFQIZI

Haqqında Əkinçi