19 Noyabr, 2017 - Bazar

Sədaqət Yusifqızı

Deyirlər Allah hər bir bəndəsinə çəkə biləcəyi qədər verir. Bu baxımdan Flora xanımın bir yaradıcı insan kimi yükü həmişə çox olub. Həm jurnalist, həm də yazıçı kimi. Qəribədir, bütün peşə sahibləri, hər kəs özü haqqında düşünür, özünü fikirləşir. Jurnalist başqalarını . Çünki, özü haqqında düşünməyə vaxtı olmur jurnalistin. Beləcə ömür də axıb gedir su kimi. Bu da onun ömür payıdır. Qismətinə jurnalist kimi yaşamaq düşüb. Və buna görə də tanrıdan çox razıdır Flora xanım.

Həyat yoldaşını—vaxtı ilə mətbuatda çalışmış Allahverdi müəllimi ən yaxın dostu adlandırır. Onlar iki dəyərli oğul böyüdüblər. Elnur da, Bəhruz da valideynlərinin yolunu davam etdirirlər. Gülnur, Gülcan adlı iki gözəl nəvəsi var.

–Oğlan doğulsaydım yenə jurnalist olardım—deyə sözə başladı. Amma,onda hobbi kimi seçərdim jurnalistikanı. Özüm dedektiv olardım. Həyatda o qədər haqsızlıqlarla üzləşirik ki, ona görə bu qənaətə gəldim. Onda işimlə kimlərəsə kömək edərdim.

İndi gənclikdəki çox şeyin həsrətini çəkirəm. Rusiyanın televiziya kanallarında sovet tarixi ilə bağlı gizli məlumatları verirlər. O məxfidə hansısa həqiqəti öyrənirsən. Putinin bir sözü vardı. Deyir ki, sovet hökumətinin dağılmasına sevinənin ürəyi, yenidən qurulmasını istəyənin ağlı yoxdur. Mən Sovet hökumətinin qurulmasını istəmirəm,qətiyyən, amma dağılmasını da ürək ağrısı ilə izlədim.Keçmişə nəzər salmadan yaşamaq mümkün deyil. Keçmişi bilmək lazımdır.

Məmməd Arazın gözəl bir misrası var:

Ağıllı azdıqca, ağılsız artır
Qoruyun dünyanı ağıllılardan

Bu gün dünya televiziya vasitəsilə hər kəsin evinə gəlir. Baxın, hər tərəfdə müharıbə, terror, qan. İnsan oğlu Allahın verdiyi ilə niyə razılaşmır? Qamarlamaq, hər şeyə sahib olmaq nə üçün önə keçir?

Pərvanəyə fikir vermisizmi? Həmişə işığa can atır. Bəzən qəribə suallar qarşısında qalırsan. İrəli, Avropaya baxmaq istəyirsən. İnsan daima inkişafda olub, yaxşısını seçməlidir. İşığa can atan insanların içində vicdan olur. İşıqsız insanın vicdanı olmaz.

Dəfələrlə demişəm, insan bəzən kiminsə–övladının, ailəsinin, dostunun, tanışının xatirinə ürəyincə olmayan işin ardınca gedə bilər. Amma dərk eləməlidir ki, hara gedir.

Tələbə vaxtı bir müəllimimizi şərləyib tutdular. Məhkəmədə demişdi ki, tələbələrim gəlsin. Üzünü bizə tutub dedi ki, mən müəlliməm, qatil deyiləm. O qızı mən öldürməmişəm. Hakim soruşdu ki, axı sən cinayəti boynuna alıb, sənədə imza atmısan. Dedi ki, verdiyiniz cəzaya dözmədiyim üçün, bir anlıq yaşam üçün mən bunu etdim. Ancaq mən tələbələrimə yalan danışa bilmərəm. Qoy onlar bilsinlər ki, mən günahkar deyiləm.

O hadisə heç vaxt yadımdan çıxmır. Yazmaq istəmişəm, amma hələ yaza bilməmişəm.

Bir şair vardı, çox cavan öldü. Onun bir misrası yadımdadı:

–Haqqı axtarırdım, qəbrini tapdım—deyirdi.

Amma, mən heç qəbrini də tapmadım. Heç nə tapmadım. Mənim söz mülküm var. Oxuyanlar, məni tanıyanlar bilirlər bu mülkdə hər şey öz yerindədir. Əyər–əskiyi yoxdur. Söz xiridarları bunu deyirlər. Bəzən deyirlər ki, mən hələ sözümü deməmişəm. Yox, mən sözümü demişəm.

Qədim Zəngəzurun Qarakilsə (Sisian) rayonunun Urud kəndində dünyaya gəlib Flora Xəlilzadə. Alimlərdən Ziya Bünyadov, Məşədixanım Nemətova, Vəli Əliyev , yazıçılardan Eyyub Abbasov, Əli Vəliyev öz əsərlərində bu yerlərdən yazıblar.

–Doğulduğum kənd tarixi abidələrlə zəngin bir yer olub—deyir Flora xanım. Sovet dövründə kənd haqqında sənədli film çəkilmişdi. Mən orta məktəbdə oxuyanda “Oqonyok” jurnalında kəndimiz haqqında yazı çıxmışdı. İndi yox, amma sovet dınəmində bu böyük hadisə idi. Yazmışdılar ki, bu kəndin bu qədər alimi var. Onu da kəndin təbiəti ilə əlaqələndirirdilər.

Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin zirvəsində elə insanlar var ki, onların şəcərə baxımından kökü o kəndlə bağlıdır. Məsələn, M.Ə. Rəsulzadınin silahdaşı Məmməd Aran o torpaqdan olub. Heydər Əliyevin ata nənəsi Urudlu qızıydı. Məmməd Arazın anası ordandı. Kəndin qəribə təbiəti vardı. Az qala hər həyətdə su qaynayırdı. Artıq 23 ildir ki, mənim kəndim ermənilərin əlində əsirdir.

Mən şəcərəm haqda heç düşünməmişdim. Sonra arxiv sənədləri əlimə keçdi və bu mənim üçün çox maraqlı oldu. Ana babam Cənubi Azərbaycanın Qaradağından gəlib. Anamın ana tərəfi isə Şuşadandır. Atamın da ulu babası Ərdəbildəndir. Nənəsi isə Urud qızı olub. Hesab edirəm ki, Şuşa bütün Azərbaycanın ruhunun vətənidir. Uşaqlıqdan sevdiyim yer olub Şuşa. Kəndimə gedən yol Şuşa qalasının altından keçirdi.
Deyim ki, mənə türklüyümü anladan düşmənim olub. Onlar bizə turkes deyirdilər. Mənim nəslimin kişilərinin qəbirləri bir yerdə deyil. Onları ermənilər müxtəlif yerlərdə öldürüblər və orda da dəfn olunublar. 1988-ci ildə torpağım işğal olundu. Anam, bacım o vaxt ordan qovulub, qarın, buzun üstünə atıldı. O burda düz 9 ay yataqda qaldı və şam kimi əridi. Mən anamı da şəhid hesab edirəm. Anamın son istəyi: –bağçamızdan bir ovuc torpaq gətirib qəbrimin üstünə səp—oldu. Mən bunu edə bilməmişəm. O yollar dumandı hələ. Amma ümidimi itirmirəm. Mən etməsəm də, övladlarım bunu edərlər.
Mənim uşaqlarım burda doğulub. Onlar çox istəyirlər ki, ata-anasının vətənini görsünlər. Bunu bızə görə istəyirlər. Amma, bu mənim çəkdiyim həsrət deyil axı. Bakıdan Uruda gedən yollar Qarabağdan keçib gedirdi. Mən bu gün o yolların həsrətini çəkirəm.

Dünyanın çox yerində olmuşam. Misir ehramlarını gəzəndə, Nilin üstündən keçəndə elə bilirdim tarix kitabını oxuyuram.

Kəbəni ziyarət edəndə elə bilirdim anamın, bacımın da ruhunu gətirmişəm.

Anam öləndə pəncərəyə bir ağ göyərçin qondu. Bizdə eyvanda qumru olur, yuvası da var. Amma göyərçini eyvanımızda ilk dəfə görürdüm.
Bacım rəhmətə gedəndə yenə ağ göyərçin gəldi, məhəccərə qondu, üç gün orda oldu. Dən də verdik yemədi.

Sədaqət YusifqızıMən Məkkədə olanda otaq yoldaşlarımdan biri rus qadın idi. O müsəlmanlığı qəbul etmişdi. Otaqda uzanmışdım. Qadının səsinə oyandım. Kimisə sevə–sevə oxşayırdı. Gözümü açdım,gördüm sinəmin üstündə göyərçin var.. Açıq pəncərədən gəlmişdi. Mən onu sığalladım. Qanad çaldı,getdi. Rus qadın dedi ki, bu əzizlərinin ruhudur. Onda mən o göyərçinləri xatırladım.

Oktyabrın 12-sində anam dünyasını dəyişib.Soyuq,çiskin bir gün idi. Oğlum Elnurla getdik Saray qəbristanlığına. Ora çatanda ala-bula bir pişik çıxdı qabağımıza. Keçdi önə və qəbrüstünə getdi bizimlə. Mən baş daşına əlimi çəkdim. Pişik də gəldi, daşa özünü sürtdü və üstündə uzandı. Sonra getdik bacımın qəbrinin üstünə. Orda da eyni qaydada mənim elədiklərimi təkrar elədi. Sonra çıxdı hasarın üstündə uzandı. Evə qayıdandan sonra dini kitabları vərəqlədim. Yazırlar ki, pişik o dünya ilə bu dünya arasında vasitəçidir.

Dünya öz yaratdıqlarıyla gözəldir. İnsanın insana etdiyi zülmü də heç kim etmir. Hər şeyi tanrının adı ilə bağlayırıq. Tanrı ədalətlidir. Həmişə uca rəbbin ətəyindən yapışırıq. Məmməd Araz deyirdi:

Ya Rıbbim, bu dünya sən quran deyil
Yerini dəyiş səmada

Həyatda hər kəsin öz işi var. Mənim devizim budur: Dünya nadanlardan xilas olsun.

Dünən müstəqilliyimizin əleyhinə olan insanlar bu gün müstəqilliyimizdən ağızdolusu danışırlar. Mən onlara necə inanım?

Ali Sovetdə Heydər Əliyevi danışmağa qoymayan insanlar bu gün onun doğum günündə, ölüm günündə cani-dildən danışırlar. Mən onlara necə inanım?
Mən tarazlığın tərəfdarıyam.

Bütün çətinliklərinə baxmayaraq öz peşəmi çox sevirəm. Məni bu sənət tanıtdı. Yurnalist kimi dünyanı gəzdim.

Jurnalistlər, yazıçılar birliyinin üzvüyəm. On beş kitabın müəllifiyəm. Mən öz işimlə məşğulam.

Çox gözəl, Flora xanım. Heç kimin işinə, həyatına müdaxilə etmədən insanların yalnız öz işi ilə məşğul olması çox gözəldir.

Sədaqət YusifqızıBunu da yekun söz əvəzi dedi jurnalist xanım:

Qış da məndən vəfalı
Daş da məndən vəfalı
İldə bir yol Vətəndə
Qış da məndən vəfalı…

Haqqında Əkinçi