25 Sentyabr, 2017 - Bazar ertəsi
Sədaqət Yusifqızı

Sədaqət Yusifqızı

Sədaqət YusifqızıDahilərdən biri deyib ki, analar təpədən- dırnağacan sevgi ilə doludur.Övlad dünyaya gələn gündən bu sevgiyə bələnir.O böyüyür,yaşa dolur.Ana məhəbbəti isə tükənmək bilmir.

Əslində yazını bu günün qəhrəmanı ilə başlamalıydım.Amma anası Aygün xanım telefonda sevincək—Biz müsabiqədən qələbə ilə qayıtmışıq dedi.Onun xoşbəxt səsini eşidəndən və onunla görüşəndən sonra özümdən asılı olmayaraq yazımı analarla başladım.

Onlarla ilk tanışlığım Səməd Vurğunun ev muzeyində–Aygün xanımın iş yerində başlamışdı. Muzey haqqında yazı hazırlamalı idim.Birdən divardakı şəkil və altındakı ad –soyad diqqətimi çəkdi

Aygün xanım—Oğlumdur-dedi. Adını Vurğun qoyduq.Atasının icazəsi ilə soyadını da Vəkilov yazdırdıq.

—-Böyük babası kimi şair olacaq?

— Xeyr, yazmağı yoxdur, amma ümid edirəm ki,yaxşı müsiqiçi olacaq.Bir zamanlar mənim də çox həvəsim vardı. Amma, başqa sahəni seçdim.Çalışacağam ki, oğlum arzularımı gerçəkləşdirsin.

Aygün xanımla söhbətimiz bir il əvvəl olmuşdu. Bu günlərdə yenidən görüşdük.Vurğun dərsdə olduğuna görə söhbətdə iştirak edə bilmədi.

—Aygün xanım, indi rahat-rahat açıqlayın görək Vurğun hansı müsabiqədən qayıdıb? Müsabiqə harada keçirilirdi?

—Müsabiqə İtaliyanın Pezera şəhərində keçirilirdi. Bu 7-ci Beynəlxalq CİTTA-Dİ PESARO müsabıqəsi idi. Bu müsabiqəyə Azərbaycandan müsiqiçi dəvət etməmişdilər.Səfər mənim şəxsi təşəbbüsümlə oldu. Müsabiqəyə rəsmi dəvət olunan Sankt Peterburqlu dostlarımızın təklifi ilə biz də qatıldıq. Müsabiqə 4 qrup üzrə keçirilirdi.Tədbirə pianoçular,vokalçılar, nəfəs alətləri və kamera ifaçıları dəvət olunmuşdu.Və həm də uşaqlar yaş kateqoriyasına görə də iki qrupa bölünmüşdülər.Vurğunun 12 yaşı var.Birinci qrupa düşürdü.Amma münsiflər onu dinləyəndən sonra ikinci qrupa keçirdilər və dedilər ki,Vurğunun musiqi duyumu çox yüksəkdir.Ən əsası da odur ki, onda baş, ürək və barmaqlar arasında harmoniya var.Ona görə gözəl alınır.
Sədaqət YusifqızıMüsabiqədə 30 pianoçu iştirak edirdi.Həm də yaxşı ifaçılar vardı.Ona görə ilk anda çox narahat olduq. Düzdür, büz ora birinci yer üçün getməmişdik. Bu,bizim xarici musiqiçilərlə, xarici səhnə ilə ilk tanışlığımız idi.

— Aygün xanım,müsabiqə necə keçdi,ürəyinizcə oldumu?

—Əlbəttə, Müsabiqə iştirakçıları dünyanın müxtəlif ölkələrindən gəlmişdilər. Hamıya eyni diqqət, qayğı vardı.Tədbir Pezera şəhər meriyasının binasında oldu.Vurğun Bethovenin 5 nömrəli sonatasından 2-ci,3-cü hissəni, Şopenin 5-ci etüdünü və Listin “Məhəbbət xəyalları”nı ifa etdi.
Çıxış o qədər gözəl oldu ki,onu heyranlıqla dinləyirdilər.Mənə deyirdilər ki, siz narahat olmayın,oğlunuz əsil professonal ifaçıdır.Müsabiqənin qalibi o,olacaq.Amma,inana bilmirdim.Nəhayət, müsabiqə başa çatdı.Başladılar qalibləri elan eləməyə.Üçüncü, ikinci, birinci yerin qalibləri elan olundu.Qaldı ən yüksək yer.Və birdən aparıcının səsi eşidilir.Müsabiqənin 12 yaşlı qalibi, Azərbaycanlı pianoçu Vurğun Vəkilov.Mənim üçün o qədər gözlənilməz oldu ki, inanın, orda o sevincin şokunu yaşadım. Bu çox qəribə bir hiss idi.Bircə onu bilirəm ki,Vurğun mənə Eurovizion qədər bir sevinc yaşatdı.Çox xoşbəxtəm.

Sədaqət YusifqızıSonra Massuma Tonuççi qaliblərə mükafat və prizləri təqdim etdi.Müəllimlərə və valideynlərə də diplomlar təqdim olundu.

Üç gün sonra qaliblər konsert proqramı ilə səhnəyə çıxdılar.Vurğun bu dəfə Qara Qarayevin “Eskiz”ini ifa etdi.Tamaşaçılar həm əsəri,həm də ifanı çox bəyəndilər.Bu konsertdə də qaliblərdən biri—vokalçı Qran Priyə layiq görüldü.

Qaliblərlə daha bir görüş Rassini adına konservatoriyanın müəllim və tələbələri ilə oldu.Vurğun Şopenin “Vals”ı ilə səhnəyə çıxdı.Çox maraqlı tədbir idi.Mənə deyirdilər ki,Vurğunu burda qoyun,təhsilini davam etdirsin.Əlbəttə, bu gələcəyin işidir.Bircə onu deyə bilərəm ki, çox yadda qalan,unudulmaz bir səfər oldu.
Muzeylərə getdik, Romanı ,Venetsiyanı gəzdik

—Qələbənin sevincini ilk öncə kiminlə bölüşdünüz?

—Əvvəlcə atasiyla, o Bakıdaydı, sonra da müəllimləri—Elmira xanım Mustafayeva və Musiqi Akademiyasının prorektoru, professor Oqtay Abbasquliyevlə.

–Bu qələbədə kimin zəhməti daha çoxdur?
–Hər birimiz nə etməliydiksə elədik. Amma, Vurğun daha çox çalışıb.Mən də onu belə görmək istəyirdim.Vurğun çox maraqlı uşaqdır. Dünyaya ,insanlara öz baxışı, münasibəti var.Hər yerə bir gedirik.Heç yadımdan çıxmaz, bir dəfə qonaq gedirdik.Hündür binaları olan bir küçədə taksidən endik. Dedim ki, binalar da elə tikilib ki,heç göyün üzü görünmür.Birdən Vurğun dedi ki, ana bəs burda adamlar Allaha necə yalvaracaqlar? Onun bu sözlərindən çox təsirləndim.Çünki Vurğun onda hələ balacaydı.
–Aygün xanım, Vurğun hansı bəstəkarları çox sevir?
Vurğunun sevdiyi bəstəkarlar çoxdur. Onlardan Q.Qarayev, İ.Hacıbəyov, Bethoven, Şopen, Şubert… Amma Bethoveni daha çox sevir.
Çünki,uşaqlıqdan həmişə deyirdi ki,böyüyəndə Almaniyaya gedib Bethovenin qəbrini ziyarət edəcəyəm.Ona yas verəcəyəm.Hardan ağlına gəlmişdi,bilmirəm.

Məşhur rəssam Rafael deyib ki,anamın bircə öpüşü məni rəssam elədi.

Biz də inanırıq ki,Vurğunun həm istedadı,həm zəhməti, həm də anasının sevgisi onu böyük musiqiçi edəcək.Və gələcək nəsillərə öz sözünü də musiqiylə deyəcək.Uğur olsun!

Haqqında Əkinçi