22 Sentyabr, 2017 - Cümə

Şərqin incisi Əfhədi Marağayi

Şərqin incisi Əfhədi Marağayi

Orta əsrlərdə İslam şərqində yetişib ədəbiyyat və mənəviyyat dünyasına incilər bəxş edən böyük mütəfəkkirlər çox olmuşdur. Bu mənəviyyat böyüklərindən biri də görkəmli mütəfəkkir, sufi-şair Şeyx Marağalı Əvhədəddindir. O, vaxtilə həm Azərbaycanın paytaxtı, həm də Yaxın Şərqin ən məşhur mədəniyyət mərkəzlərindən biri olmuş Marağa şəhərində dünyaya göz açmışdır. Ömrünün böyük hissəsini Marağada yaşamış Əvhədəddin (Əvhədi) təhsilini də elə bu şəhərdə almışdır. Ərəb və fars dillərinə mükəmməl şəkildə bələd olmaqla yanaşı, nücum, məntiq, təsəvvüf, fəlsəfə, ilahiyyat və s. elmlərlə də dərindən yiyələnmişdir. O, həyatını bir müddət səyahətlərdə keçirərək müxtəlif şəhərlərdəki mənəviyyat böyüklərinin hüzurunda tələbə olmaq üçün səy göstərmişdir. Bir neçə il İsfahanda yaşayan Əvhədi daha sonra doğma şəhəri Marağaya qayıdaraq insanları irşad etmək vəzifəsinə davam etmişdir. Onun yazdığı arifanə şeirlər insanların ruhlarında dərin izlər qoymuş, qəlblərində oyanışa vəsilə olmuşdur.
XV əsrin məşhur təzkirəkçisi Dövlətşah Səmərqəndi “Zikri-şeyxül-arif, əl-müvəhhid Əvhədi Marağayi” başlığı altında yazır: “Əvhədi arif, müvəhhid, möhtərəm və mehriban bir adam idi. O, arif vəsufi olmaqla bərabər, zahiri fəzilətlərdə də üstün bir insan idi. O, Şeyx Əvhədəddin Kirmaniyə iradət əli vermiş, yəni onun müridi olmuş və ona görə də özünə Əvhədi təxəllüsünü seçmişdir”. Əvhədi ilk zamanlar şeirlərini “Safi” təxəllüsü ilə qələmə almışdır. Həqiqətən də onun əsərlərini vərəqləyən zaman “Safi” təzəllüsü ilə bir neçə rübaiyə rast gəlmək mümükündür:

Safi səni görcək ruhu ağlayır,
Qəm və kədər daşını sinsəinə basıb ağlayır.
Dedin ki, Safinin ağlamasının səbəbi nədir?
Canı dodaqlarına çatıb, ondan ötrü ağlayır.

Əbdürrəhman Cami “Nəfəxatul-üns” əsərində Əvhədi haqqında belə yazır: “Şeyx Əvhədəddin, Şeyx Əbu Hamid Əvhədəddin Kirmanin müridi olmuşdur. Onun lətif və çox şirin bir şeir divanı vardır. Həqayiq və məarifə dair yazdığı 2cami-cəm” məsnəvisini həkim Sənaninin “Hədiqə” əsərinin təsiri altında qələmə almışdır. Şeyx Əvhədəddin 1338-ci ildə vəfat etmişdir.

Haqqında Əkinçi