19 Noyabr, 2017 - Bazar
Şahlar Kərimov

Şahlar Kərimov

Dost – tanışın köməyi ilə iki adamlıq kupeyə bilet alsam da, yenə narahat idim – yol yoldaşım kim olacaqdı görəsən?.. İçəriyə başı papaqlı, əli zəmbilli, qarabuğdayı bir kişi girdi və yanını yerə qoyub soruşdu:
– Sən də Ağdama gedirsən?
– Bəli.
– Çox gözəl, çox pakizə.
Papağını çıxarıb stolun üstünə qoydu, cibindən “Avrora” qutusu çıxartdı və bir dənəsini götürdü, səbrlə sığalladı, tütünündən bir qədər yerə tökdü, sonra müştüyə taxıb kibritlə yandırdı.
– Qapını bərk bağla, bacoğlu – dedi. – Mənim o çox səs-küynən aram yoxdu.
Qapını bağladım. O:
– Bacoğlu, cəftəsini də çək! – dedi – amma bir istəkan yaxşı çay da olsa, lap ayrı iş olardı!..
Durub çıxdım. Bələdçi qadını tapıb çay sifariş verib qayıtdım və kişinin təkidi ilə qapının cəftəsini yenə içəridən vurdum.
Tanışlığımız başladı. Mən kiməm, nəçiyəm, atam-anam, uşaqlarım varmı? Təhsilim, iş yerim nə vəziyyətdədi? Ata-anamla bir yerdəmi oluruq? Hər şeyi şirin dillə, yerbəyer öyrəndi. Özünün tərcümeyi-halını ətraflı danışdı, adını, yaşını, işini dedi, öz ailə üzvlərini, qiyabi də olsa, mənimlə tanış etdi.
Söhbətin şirin yerində bələdçi qadın içəri girdi. Dörd stəkan çay gətirdi, biletlərimizi alıb çıxdı. O çıxana qədər kişi onun ailə vəziyyəti haqqında da bəzi şeylər öyrənə bildi və çıxıb getdikdə ardınca:
– Bu arvaddan yaxşı sağıcı olarmış, bacoğlu, – dedi. – Buzovun buruntağını çəkib inəyin ayağına elə bağlayarmış ki, vallah, heç urufu da inciməzmiş!
Sonra zənbilini çıxarıb xeyli axtardı və oradan bir ovuc kişmiş çıxarıb stolun üstünə atdı.
– Bacoğlu, çayı çərəzsiz içə bilmərəm. Mən çox çaypərəstəm, hind çayı evimdən əksik olmaz. Kiloynan alaram. Ağdamda tanışım var, kilosunu on iki manata verir. Hələ oğlum da Bakıdan arabir Seylon çayı göndərir. Mənim oğlum çox qanan adamdı. Yekə yerdə işləyir. Bax, bu çayı gətirən kimi iyindən bildim ki, birinci sort Lənkəran çayıdı. Bir də ki, çərəzimiz var, çərəzinən içmək olar.
– Çərəz nə olan şeydi, əmi?
– Niyə bilmirsən nədi çərəz? Heylə şey olmaz, bacıoğlu, bilməmiş olmazsan!
O siqaret çıxarıb müştüyə taxdı, çox səbr və arxayınlıqla yandırdı, bir-iki qullab vurub sözünə davam etdi:
– Hər şeyin çərəzi var bala, bu dünyada, çərəzsiz heç bir şey ola bilməz?
Bax, nə qədər canlı cisim varsa, hamısının çərəzi var. Üzr istəyirəm səndən bala, uzunqulağında çərəzi var! Eşşəkqanqalı… Yox belədi, belə deyil, bacıoğlu?
Kişinin danışığındakı məntiq məni maraqlandırır, özünə çəkirdi. Düşünürdüm ki, o, çərəz sözünü nə isə fikirləşdiyimdən başqa mənada yozacaq, ancaq indi görürdüm ki, kişi nə danışdığını dürüst bilən adam imiş. Çox şirin-şirin siqaret çəkir, çox şirin-şirin də danışırdı. Öskürəyi də lap ciyərindən gəlirdi. İndi tamamilə əmin idim ki, bu dəfə çox maraqlı adamla yol yoldaşıyam.
– Bax, misal üçün, bacoğlu, mənim çay içməyim üçün kişmiş çərəzdi. Çayı, bax, bu kağızın arasındakı əl vuranda əzilən kövrək qəndnən də içmək olar, amma kişmişnən içmək ayrı şeydi. Kişmiş çaya çərəzdi.
Kişinin təkidi ilə çayı kişmişlə içməyə başladım. O, doğrudan da, ağzının dadını bilən adam imiş! Necə olub ki, indiyəcən mən bunu bilməmişəm. Bundan sonra yəqin ki, masamın üstündən kişmiş qabı əksik olmaz!
– Düzünə qalsa, bacoğlu, çərəzə o yeyib yatmış, yoğunumuş adamlar çox həriskar olurlar. Həmişə çərəz axtarırlar: plovdan, kababdan iyrəniblər, ağ balıq, qızıl balıq axtarırlar, fındığı-qozu sındırıb yeməyə ərinirlər, ləpəsini alıb yeyirlər, çiy yeməkdən doyublar, ləpəni qovurdub isti-isti yeyirlər. Hələ bunlar da soyuda bilmir çərəz həvəslərini! Bax, belə adamlardan, bacıoğlu, gözlə özünü, oğluma da demişəm, belə adamlardan nə desən gözləmək olar.
– Əmi, elə həmişə pisliyəmi olur bu çərəzlər?
– Yox, bacoğlu, mən heylə demədim ki… Pisi də var çərəzin, yaxşısı da! Amma yaxşısı neyləyəcək sənə yaxşılıqdan savayı. Pisindən uzaq ol, bacoğlu, pisindən! Dünyada nə qədər ki, pis işlər, bəd əməllər baş verir, hamısı çərəzdəndir. Bax, oğurluğa meyli olan adamlar üçün oğurluq bir çərəz kimi başlayır. Çərəzin, bala, iki yana meyli var. O da asılıdı adamın cinsindən. Kimin ki, cinsi yaxşıdı, onun çərəzi də yaxşılığa doğrudu, yox, kimin ki, pisdi, onun çərəzi də pisliyə tərəfdi.
O, “nəzəriyyəsini” tutarlı-tutarsız dəlillərlə sübuta yetirməyə çalışır, qəribə-qəribə misallar çəkirdi…
– Bunlar hardan gəlib ağlına, ay dayı?
– Dayını çox da heylə dərrakəsiz adam bilmə, bacoğlu, dünyanın altına da bələddi, üstünə də!
O, müştüyünə bir siqaret keçirtdi, alışdırıb dərin bir qullab vuraraq sözünə davam etdi:
– Hə, bacoğlu, de görüm, şəxsən sənin ağlına gəlib bunnar?
– Yox, vallah, heç yatsam yuxuma da girməzdi! Bəs bu çərəz söhbətinin kökü hardandı?
Kişinin üzünə dalğın bir təbəssüm qondu, alnının qırışları elə bil dərinləşdi, artdı.
– İndi ki, belə maraqlanırsan, danışım da bacoğlu, neynək. Bu əhvalat müharibədən dörd-beş il sonra baş vermişdi. Onda elə vaxtım idi ki, kənddə adnan deyilirdi. Müharibə vaxtı qantujnı olub qayıtmışdım, sonra da ferma müdiri olub bron almışdım. Xəstəliyim də tamam-kamal qurtarmışdı. Məni qoydular sədr. Təsərrüfat ağır idi, çətin idi, indiki texnika yox idi… Başını ağrıtmıram ki, bacoğlu?
– Yox, dayı, xoşdur.
– Lap əvvəlcə, adamları idarəyə çağırmaq üçün, kabinetimi süpürüb-eləmək üçün kuryer lazım oldu. “Arıq” ləqəbli bir cavanı kuryer götürdüm. Gerçək adı Qubad idi. Müharibə vaxtı arıq düşmüşdü. Dedim yazıqdı, bizim arvada da bir az qohumluğu çatır… Hara getdim – onu özümnən apardım. Mən nə yedim – o da ondan yedi. Kökəldi, əməlli-başlı adam oldu. Evləndirdim – gözəl bir qız aldım ona. Evli-eşikli adam olandan sonra dedim tay kuryer işləməyi də yaxşı deyil, qoydum briqadir. Kömək elədim, özünə ev tikdi, tükləndi.
Bələdçi qadın içəri girdi. Stəkanları yığışdırıb aparmaq istədikdə kişi sözünü saxlayıb arvada:
– Bacı, bizə dörd çay da gətir, – dedi. – Özü də mənim xətrimə lap tünd elə. Elə çay gətir ki, bizim arvadın çayından yaxşı olsun.
Qadın otaqdan çıxdı. Bir də qayıda biləcəyindən ehtiyat edərək, kupenin qapısını arxasınca tez çəkdim.
– Hə, sonra nə oldu?
– Bacoğlu, sonra Arıq Qubad oldu müavin Qubad. Qoydum onu özümə sədr müavini. Tay mən geydiyim kostyumdan geyir, mən mindiyim ata minirdi. Raykoma-zada da mənnən gedirdi. Bacoğlu, hər şey onnan başladı ki, MTS rəisilə aramız dəydi. O da belə oldu: bir gün gördüm “Villis” gəlib durdu idarənin qabağında, məni çağırdılar. Getdim ki, MTS rəisidi, gəlib fermaların vəziyyəti ilə tanış olmağa. Oturdum maşının gerisində. Elə kəndin içindən çıxırdıq ki, baxdıq, bir neçə uzunqulaq doluşub məscidin artırmasına, kölgələnir. MTS rəisi yaman nüfuzlu, həm də pis nəfsli adam idi. Qəfildən zarafatla qayıdasan ki:
– Bir ora bax, məscidə toplaşanlara – uzunqulaqları göstərdi rəis: – Görürsənmi, kolxozçulardı ha, yığışıblar günorta namazına… – Guya mənnən zarafat edirdi. Elə bildim, bacoğlu, başıma qaynar qazandan su tökdülər. Söz rəisin ağzından qurtaran təki cavabını verdim: “Yox, yoldaş rəis, – dedim, səhv eləyirsiniz, onlar Çınqıllı bəyləridi. Sovet hökuməti bəyliklərin alıb əllərindən, qaçıb bura pənah gətiriblər…” Mən belə deyincə gülüşmə düşdü. Sonra hamı fikirləşib görəndə ki, mən nə demişəm, hamı kiridi, selə-suya döndülər. Rəisin atası Çınqıllı bəylərindən idi. Elə bil, bacoğlu, kişini gülləylə vurdun, bütün günü fermaları gəzdik, bir kəlmə kəsib danışmadı. Amma elə hey bloknotuna nə isə yazdı…
– Sonrası da belə oldu ki, bacoğlu, bir gün Qubad söhbət zamanı ağzından qaçırdı ki, adamı yıxsa, sirr verdiyi ən yaxın adamı yıxar. Düzü, mən bu sözdən pərt oldum, ancaq başa düşmədim nə deməkdi bu. Bir gün hay gəldi ki, kolxozun taxıl zəmisi yanır. Camaata qıy vurdum, hamı tərpəndi oddağa tərəf. Mən özüm telefonla yanğınsöndürənləri çağıranacan gecikdim. Baxdım ki, hamı gedib, bir Qubad qalıb, bir mən, bir də kolxozun “palturka”sı. Şofer də, necə olubsa qaçıb haya, maşını da qoyub gedib. Maşını sürə bilirdim, açarım da vardı. Oturduq maşına, xoddayıb sürdüm düz oddağa. Kənddən elə bir xeyli aralaşmışdıq, qəfildən maşının qabaq təkəri bir arxa düşdü. Maşının tyaqası qırıldı. Gördük maşın enişaşağı götürülüb. Birtəhər kabinkadan atlanıb düşə bildik. Maşın enişaşağı yellənib gedib girdi kolxozun bir sürü qoyununun içinə, neçəsini xışdadı, sonra da aşdı… Qubadı qoydum maşının yanında, bərk-bərk tapşırdım ki, maşını mən sürdüyümü heç kəsə deməsin. Heç kim də soruşmadı. Yanğını da söndürdük, maşın da bir təhər düzəldi. Qoyunlara da əncam çəkdik, hər şey yerli yerində. Amma bu Qubad elə yerli-yersiz görürdün elə deyirdi: “Adamı yıxsa, ancaq sirr verdiyi yaxın dostu yıxa bilər!” heç mən anlamırdım ki, o niyə belə deyir, ta işin başı yarılmayınca. Heç demə, Qubad gözünə dönmədiyim, get gir MTS rəisinin yanına, deynən ki, bəs mənim adım olmasın, maşını sədr aşırıb… Aradan on gün keçməmiş kolxoza yoxlama göndərildi. Nəçərnik, milisiyə tökülüb gəldi kəndə. Soruşdurma başladı. Nə qədər çək-çevir elədilər, şofer heç nə boynuna almadı, dedi ki, maşını mən özüm sürmüşəm, sədr olmayıb maşında. Çoban dedi mənim heç nədən xəbərim olmayıb. Qubad ancaq, bacoğlu, zıx dayandı üzümə!.. Bax, o vaxtdan bacoğlu, başa düşdüm ki, o boynu əyri, çəp gədənin çərəzi var imiş, mən bilməmişəm. Satqınlıq imiş çərəzi. Gərək mən bunu o birinci kərə “adamı sirr verdiyi yaxın dostu yıxa bilər!” deyəndə başa düşəydim. Ancaq onda anlamamışdım, ağlıma gəlməmişdi ki, çörək verib saxladığın, adam eləyib ortalığa çıxardığın, neçə vaxt dost deyib arxa çevirdiyin bir adam səni sata bilərmiş! Anladım ki, bacoğlu, indiyənətən də o özünü xəyanət etməkdən güclə saxlayırmış, daha doğrusu, qorxurmuş məndən. İnanmırmış ki, yıxa bilər məni. Yıxacağına inamı olan kimi satıb… İndi bacoğlu, cavanlara mənim əvvəlinci nəsihətim budur ki, dostluq, yoldaşlıq elədikləri adamın əvvəlcə çərəzini müəyyənləşdirsinlər. Görsünlər onun çərəzi nədir. Çünki, bacoğlu, mütləq hərənin bir çərəzi var!..
Kişi deyəsən sözünü bitirmişdi. Qutusundan yeni siqaret çıxarıb müştüyə taxmağa başladı. Yandırıb ciyər dolusu bir qullab vurdu, sonuncu stəkanı qabağına çəkdi. Onun bir daha danışmaq istəmədiyini duyub sorğuya keçdim:
– Axırı necə oldu bəs, sənə nə cəza verdilər?
– Nə cəza verəcəkdilər, bacoğlu, kolxoz sədrliyindən çıxardılar, ən pisi də o oldu ki, Qubadı mənim yerimə sədr qoydular…
Bundan sonra nə o dindi, nə də mən. Heç birimiz aralığa çökmüş bu sükutu pozmaq istəmirdik.
İndi mən qəzetin üstünə tökülmüş kişmiş dənələrinə acıqla baxırdım. Yerlərimizi düzəldib uzandıq, işığı keçirtdik. Beş dəqiqədən sonra aşağıdan kişinin xorultusu eşidildi. Mən isə hey o üz-bu üzə çevrilir, yata bilmirdim. Pəncərənin örtüyünü aralayıb qaranlıqlar içində sayrışan işıqlara tamaşa edirdim…

Haqqında Əkinçi