25 Sentyabr, 2017 - Bazar ertəsi

Savalan Fərəcov

Onun şəkli intibah dövrünün qravüralarından birində alleqorik Elm fiqurunun sağ tərəfində, dünyanın ən görkəmli alimləri arasında çəkilib. Çünki o dövrdə dünyada heç bir alim öz müşahidə və hesablamalarının dəqiqliyində onunla müqayisə olunmamışdı…

Uluqbəy, öz adı ilə anılan imperatorluq qurmuş Əmir Teymurun nəvəsi idi. Hələ erkən yaşında qardaşlarından fərqli olaraq saraydan,dövlət işindən uzaq durur. Meydanlarda at çapmaq, qurşaq tutmaq və qılınc oynatmaq kimi hərb işi ilə maraqlanmır. Bütün bunlar ona irad tutulsa da, o, inadından dönmür… Bir gün babası Əmir Teymurun yanında olur. Bildirir ki, o, elmlə məşğul olmaq istəyir… Hökmdar bir anlıq fikrə gedir. Yadına Uluqbəyin hələ uşaqkən onun sualına verdiyi cavab düşür…
Əmir Teymur bir gün Gülüstan bağına gəlir. Bir müddət orada qalmalı olur. Ona görə də əyanlara tapşırıq verir. Nəvələrini onun yanına gətirirlər. Gecənin aydınlığında nəvələrindən biri-Uluqbəydən soruşur: -Ürəyin nə istəyir, deynən verim! Uşaq da yavaşca əlini yuxarı qaldırır. Göydə sayrışan ulduzu göstərir və deyir: – Baba, onu istəyirəm! Əmir Teymur uşağın cavabından tutulur. Uluqbəyin qeyri-adi cavabı onu düşündürür…
Savalan Fərəcov Uluqbəy saraydan, taxt-tacdan nə qədər qaçsa da, taleyin hökmündən qaça bilmir. …Vaxt gəlir o da hökmdar taxtında oturur. Lakin onun hökmdarlığı uzun sürmür. Oğlu Əbdüllətif ona qarşı çıxır. O da oğlu ilə mübarizə aparmaqdan imtina edir. 24 oktyabr 1449-cu ildə təslim olur və aman istəyir… Şeyxlər elə həmin gün ona məhkəmə qurur.Onu zalımlıqda, ədalətsizlikdə günahlandırırlar. O, məhkəmədən yalnız bircə şey Səmərqənddə qalmağı və elmlə məşğul olmağa icazə istəyir… Məhkəmə isə qərar çıxarır ki, xan günahlarını yumaq üçün mütləq Məkkəyə getsin. Oğlu isə atasını öldürməyəcəyinə söz verir. Uluqbəy məhkəmədən çıxıb evinə gəlir. Lakin şeyxlər elə həmin gecə başqa bir qərar da çıxarır: Uluqbəy ölüm cəzasına məhkum olunur.
Üç gündən sonra Uluqbəy Hacı Xorasanla Məkkəyə yola düşür. Lakin Səmərqəndə yaxın kəndlərin birində çapar onları saxlayır. Bildirir ki, saraydan məktub gətirib. Məktubda xanın adından əmr olunur ki, durduğunuz yerdən tərpənməyin. Uluqbəyin öldürülməsi isə Sulduzlar nəslindən olan Abbasa tapşırılır. Çünki onun atası neçə il əvvəl Uluqbəyin əmrilə edam edilmişdi. O,fitvanı alıb atını dördnala çapır və özünü onlara çatdırır. Bildirir ki, sabiq xan islam ehkamlarından uzaqlaşdığına görə ölümə məhkum olunub…
Abbasın nökərləri əli-qolu sarınmış Uluqbəyi arxın kənarına gətirir və diz çökdürürlər. Abbas isə onun qabağına keçir. Cəlladın qılıncı bir an yuxarı qalxıb zərblə onun boynuna yenir. Cahan hökmdarının başı bulanlıq arxa tərəf diyirlənir. Qumlu çəhlimdə qan ləkəsi salır…
Çox keçmir sabiq hökmdarın ölüm xəbəri Səmərqəndə çatır. Uluqbəyin yaxın köməkçisi, şagirdi və dostu Əli Quşçu faciədən xəbər tutur. Bilir ki, Uluqbəyin qətli onun şagirdlərinin və əsərlərinin məhvi deməkdir. Ona görə də tez atına minib rəsədxanaya gəlir. Ağzınacan kağızla dolu kisəni atın tərkinə qoyub oradan uzaqlaşır…
O, əvvəl Çinə, ordan da Herata gedir. Ancaq heç bir iş görə bilmir. Nəhayət, gedib İstanbula çıxır. Orada Uluqbəyin «Ulduz cədvəli» kitabını çap etdirir. Kitab tezliklə Dəməşqdə və Qahirədə yenidən nəşr olunur. XVII əsrdə kitab üç dəfə Londonda, sonra Parisdə, Florensiyada və Cenevrədə nəşr edilir. «Ulduz cədvəli» kitabı o qədər heyranedici olur ki, bir çox alim cədvəlin orijinallığına şübhə ilə yanaşır. Alimin apardığı müşahidə və hesablamaları mümkünsüz hesab edirlər. Bu səbəbdən XX əsin əvvəllərində Avropanın və Asiyanın bir çox alimi Uluqbəyin vətəni Səmərqəndə gəlir. Ancaq onlar Səmərqənddə rəsədxananın yerini belə müəyyən edə bilmirlər. Kor-peşman geri dönürlər. Lakin təkcə rus arxeoloqu Vyatkin inadkarlıq göstərir. 1908-ci ildə Səmərqənd ətrafında arxeoloji qazıntılar aparır. Arxivlərdə çalışır, qocalarla söhbətlər edir. Sonda torpaq idarəsinin arxivinə də gedir.Bir neçə ay orada çalışır. Gərgin axtarışdan sonra XVII əsrə aid bir sənəd tapır. Sənəddə “təlli-rəsəd” adı ilə bir sahənin satılmasından bəhs edilir. Müəyyən olunur ki, həmin sahə Qırxqız qəbiristanlığı yaxınlığındakı Kuhək təpəsində yerləşir. Beləliklə, Vyatkin rəsədxananın harada olduğunu təxminən müəyyən edir. Günün səhəri həmin sahəyə gəlir. Tələsmədən təpəyə qalxır. Ətrafı seyr edir. Aşağıda dayanmış dehqanlar ona yaxınlaşır və deyir:
– Bura müqəddəs yerdir, buranı qazmaq olmaz. Burada məzar var!
– Axı məzar bütün təpəni tuta bilməz!
– Çox-çox əvvəl burada Uluqbəyin rəsədxanası olub.
– Bax, mən o rəsədxananı axtarıram…
Qoca dehqanlar şübhə ilə başlarını bulayır. Bir-birilərinə deyirlər. Biz də elə bilirik ki, bu rus balası dəfinə axtarır…
Rəsədxanada qazıntı işinə bir də 1941-ci ildə II Cahan müharibəsinə az qalmış başlanır. Lakin iyunun 22-də qazıntı işi dayandırılır. 1948-ci ildə iş yenidən bərpa olunur. Sonuncu qazıntı işləri Uluqbəy rəsədxanasını yenidən qurmağa əsas və imkan verir.
Səmərqəndin dörd tərəfindən də aydın görünən təpənin üstündə girdə, tənha və sirli bir bina ucaldılır. Damında çoxda böyük olmayan cihazlar yerləşdirilir. Mərkəzində Vyatkinin tapdığı kvadrat möhkəmləndirilir. Kvadratın bir ucu yerin altında, o biri ucu binanın çölünə çıxarılır. Onun hər iki tərəfində ulduzları və günəşi müşahidə etmək, nəzəri işlər görmək üçün müxtəlif binalar tikilir.
Rəsədxananın içəri divarları şəkillərlə, sxemlərlə bəzədilir. Şəkil və sxemlərdə yeddi qübbə, doqquz səma, yeddi planet, ulduzlar və iqlim qurşaqlarına ayrılmış Yer kürəsi göstərilir. Orada həm də zəngin kitabxana yaradılır. Çünki rəsədxana təkcə müşahidə yeri olmamışdı. Orada dövrün ən bilikli adamları – riyaziyyatçılar, filosoflar çalışmışdır. Təbii ki, rəsədxanada rəmmallar da çalışıb. Çünki o dövrdə rəmmallıq astronomiya və riyaziyyata nisbətən daha nüfuzlu elm olub. Belə ki, riyaziyyat və astronomiya rəmmallığa xidmət edən tətbiqi elmlərdi. Onu da qeyd edək ki, Ulduz cədvəli kitabı beş hissədən ibarətdir. O beş hissənin ikisi rəmmallığa – ulduzlara görə insan taleyindən xəbər verilməsinə həsr olunub…
… Sonda belə qənaətə gəlmək olar ki. Uluqbəylə aparılan mübarizədə İslam təəssübkeşləri məğlub olub. Düzdü, aparılan mübarizədə rəsədxana dağıdılır, bir hökmdar kimi Uluqbəy qətlə yetirilir. Lakin Uluqbəy ömrü yazdığı əsərlərində yaşayır. Adı, şöhrəti uzaq-yaxın ölkələrə yayılır, tarixin yaddaşında əbədiləşir. Onu da qeyd edək ki, Uluqbəyin üstündə Teymuri adı vardı. Ancaq arxeoloq Vyatkini Səmərqəndə – Kuhək təpəsinə gətirən bu səcərə deyildi. Bir alimin şöhrət tacı- əsərləri idi.
Arxeoloq Vyatkin ömrünün bir neçə ilini rəsədxananın tapılmasına və bərpasına sərf edir. Sübut etmək istəyir ki, XV əsrdə Səmərqənd dünyanın əsas elmi mərkəzlərindən biri olub. Bu həqiqət , 1941-ci ilin iyun ayında II Cahan müharibəsinin başlanmasına beş gün qalmış bir sıra alim , həkim, kriminalist və tarixçini Guri-Əmir məqbərəsinə gətirir. Orada, bir məzarın sinə daşında oxunur: “ Bu nurlu qəbir … hökmdarın sonuncu rahat yeridir. Cismi bura yendirməklə cənnət bağlarına səfa gətirmiş , behişt sakinlərinin gülşəninə səadət bəxş etmişdir. O həm də dünyaya və dinə kömək edən istəkli sultan, savadlı xəlifə sultan Uluqbəydir – Allah onun qəbrini nurla doldursun… Onun oğlu ona qarşı haqsızlıq etmiş və atasının boynunu xəncərlə vurdurmuşdur. O, hicri 853-cü ildə Ramazan ayının 10-da əzab-əziyyətlə ölmüşdür”.
Savalan Fərəcov Tarixin təzadlı səhifələrində göstərilir ki, münəccim Uluqbəyin qətlindən bir il keçməmiş Əbdüllətif taxtdan salınır.Sonra da ata qatili kimi edam olunur. Hakimiyyətə gələn yeni xan siyasi məqsədlə Uluqbəyin cənazəsini Guri-Əmir məqbərəsində dəfn etdirir.Vaxtilə Uluqbəyin ölüm fitvasını verdirən və qətli hazırlayan şeyxlər isə sağ-salamat qalırlar. Həm də cənazənin qalıqlarını məqbərəyə gətirilməsində böyük canfəşanlıq göstərirlər.

Haqqında Əkinçi