25 Sentyabr, 2017 - Bazar ertəsi

Savalan Fərəcov

Ötən yüzillikdə azərbaycanlı qadın obrazının kübar cizgilərini özündə daşıyan onlarla, yüzlərlə xanımlarımız yaşayıb. Onlardan biri də Sona xanım Axundova olub. Təəssüf ki, indiyədək bu xanım haqqında ətraflı araşdırma aparılmayıb… Onun haqqında tədqiqatçı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Ənvər Çingizoğlu ilə söhbət etdik:

Savalan Fərəcov – Sona xanım Axundovanın ailə şəcərəsini araşdırmışam. Sona xanımın atası İsgəndər Mirzə Əbdülhüseyn bəy oğlu Axundov 1862-ci ildə Şamaxı şəhərində anadan olub. Molla yanında ibtidai təhsil alıb. Sonra gimnaziyada oxuyub. Tanınmış vəkil, həm də “İttihad” partiyasının üzvü olub. Züleyxa xanım Bayraməlibəyova ilə ailə qurub. Aslan və Əjdər bəy adlı oğlanları, Sona, Ceyran və Leyla xanım adlı qızları olub. İsgəndər bəy 1934-cü ildə vəfat edib.
Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. On üç yaşında ikən valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib “Müqəddəs Nina” məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır. Həmin dövrdə yerli camaat dini qayda-qanunları pozanlara pis baxıb. Bakının məhəllə qoçuları həmin məktəbdə oxuyan qızların qarşısını kəsib geri qaytarıblar. Belə bir hadisə ilə Sona xanım da qarşılaşır. O, qarlı-şaxtalı bir qış günü məktəbə gedərkən məhəllə qoçuları qarşısını kəsir. Qoçular Sonanın qardaşları Aslanı və Əjdəri də hədələyib deyiblər: “Sizin başınızdakı bəyəm papaq deyil! Kişi də bacısını məktəbə göndərər..!”
– Bəs Sonanın valideynləri bu məsələyə necə baxıblar? Harasa, kiməsə müraciət ediblərmi?
– Ədliyyə idarəsində çalışan İsgəndər bəy, qızın anası Züleyxa xanımla bu məsələni götür-qoy edirlər. Ancaq əhəmiyyət verməmək, səsə-küyə salmamaq qərarına gəlirlər. Sonanın Şəfiqə xanım Axundzadə adlı bir müəlliməsi də olur. O da, bu hadisədən xəbər tutur. Məktəbdə qızlara deyir: “Siz nadanlara fikir verməyin. Gec-tez onlar sizin yolunuzdan kənara çəkiləcəklər”. Bu, belə də olur. Yavaş-yavaş hər şey qaydasına düşür. Şəhərdə qız uşaqlarının məktəbə getməsi adi hal olur. Onu da deyim ki, Sona xanım hələ erkən yaşında yaradıcılıqla da məşğul olub. Çünki arxiv sənədlərində var ki, bir gün dərs vaxtı maarif müfəttişi Sultan Məcid Qənizadə məktəbə gəlir. O, ümumi vəziyyətlə və dərs proqramı ilə maraqlanır. Müəllimə cavab verir ki, şagirdlər arasında şeirə, ədəbiyyata maraq göstərənlər çoxdur. Sonanı göstərir və deyir ki, Sona qızımızın yaxşı şeirləri də var. Bu, müfəttişin marağına səbəb olur. Bir şeir oxumasını istəyir. Sona da “Vətənim” adlı şeirini oxuyur:

Vətənin bəxtinə hər dəm çəkirəm həsrəti mən,
Sevirəm vətənimə sərf edilən qeyrəti mən .
Nə səadət vətənimlə qazannam şöhrəti mən,
Olmaram razı əgər cəhldə qalsa vətənim,
Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

Sultan Məcid Qənizadə şeiri alıb özü də oxuyur. Sonra da şeiri ondan alır. Səhərisi “Səda” qəzetində dərc etdirir. Hətta qəzet belə bir haşiyə də verir: “Sona xanımın “Vətənim, vətənim” kimi xitabları hər kəsin qəlbində bir hüsn oyandırıb. Vətənin tərəqqisi və təması yolunda qeyrət edəcəyinə əminik”. Aradan bir gün keçəndən sonra daha bir gözlənilməz hadisə baş verir. Sona xanımın həmin şeirini şəhərdə ən kütləvi tirajla çıxan “Kaspi“ qəzeti baş redaktor A.Vaynberqin poetik tərcüməsi ilə öz səhifəsində dərc edir. Bu hadisələrdən az sonra “İşıq” adlı qadın jurnalında Sona xanımın maarifə, mədəniyyətə çağırış ruhlu xeyli şeirləri dərc olunub.
– Bütün bu yenişli-yoxuşlu həyat yollarını keçəndən sonra o, savadlı Azərbaycan qadınlarından biri kimi səmərəli əmək fəaliyyətinə başlayır. Azərbaycanda savadsızlığın ləğv olunmasına və qadınların ictimai həyata cəlb olunması kimi səmərəli işlərə kömək edən fəal qadınlardan biri olur. Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə qurur. Lakin bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim, gözəl insan Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz? O deyərmiş: “Xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!”
Cəmiyyət üçün, xalq üçün görüləcək hər bir işi yaradıcılıq hesab edən Sona xanım Axundova 1971-ci ildə vəfat edib.

Haqqında Əkinçi