22 Sentyabr, 2017 - Cümə

Savalan Fərəcov “Mədəniyyət” qəzeti

Şərq dünyası sirr və müəmmaları, həyatı qəribəliklərlə dolu insanları ilə daim maraq doğurub. Bu insanlar arasında özünəməxsusluqları ilə insanları düşündürən və heyrətə salan sufilər xüsusi qeyd edilməlidir. Onlar tarixdə təkcə yaşadıqları dövrün deyil, həm də gələcək zamanların başa düşülməyən insanları kimi qalıblar. Belə şəxslərdən biri də Şəms Təbrizidir.

Onun həyatı müəmmalarla dolu olub. Taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlana Cəlaləddin Rumi ilə tarixi görüşü və bu kimi digər hadisələr Şəms Təbrizini tanımaq istəyənləri hər zaman maraq dairəsində saxlayıb.
Şəmsəddin Məhəmməd Əli oğlu 1185-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Erkən çağlardan valideynlərini və ətrafdakı insanları öz qəribə davranışları ilə təəccübləndirib. İş-peşə, məşğuliyyət seçməkdə çox düşünüb-daşınıb. Nəhayət, dərvişliyi seçərək və mürşid Əbu Bəkr Sələbaf Təbrizinin müridliyini qəbul edib. O, Şəmsin qəlb gözünün açılmasına təkan verib.
Lakin daim axtarışda olan Şəms axtardığını heç kimdə tapa bilmir. Ona görə də özünün “Məqalət” əsərində mürşid-mürid münasibətlərinə bir aydınlıq gətirib: “Mənim Təbrizdə Əbu Bəkr Sələbaf adında bir şeyxim vardı. Vəliliyin bütün feyz və sirlərini ondan öyrəndim. Ancaq şeyxim məndə olanı görmürdü…”.
Şəms ilk mürşidindən ayrıldıqdan sonra bir çox ölkələri gəzir. Alimlərlə görüşür və mürşidlərə müridlik edir. Müqəddəs dərgahlarda olur. Buna görə də ona “Şəmsi-pərəndə”, yəni “uçan Şəms” deyirlər. Təbrizdə təriqət şeyxləri, ariflər yüksək intellektuallığına görə Şəmsə “Kamili-Təbrizi” adı verirlər. “Dinin günəşi” anlamına gələn Şəmsəddin adının isə ona kimin verdiyi məlum deyil. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə daim seçilib. Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. Dinin və həqiqətin günəşi sanılırdı.
Deyilənlərə görə, Şəms hər zaman “Allahım, gizli dostlarından birini mənə göstər!” – deyə dualar edib. Nəhayət, bir gün ona qeybdən belə bir səs gəlir: “Madam ki, israr edirsən, o halda bunun şükrü olaraq əvəzində bizə nə verərsən?”. Şəms o an “başımı” deyə cavab verir… Ona istədiyi şəxsin Anadoluda Mövlana Cəlaləddin Rumi olduğu işarə edilir. Şəms bunun sevinci ilə bərabər ağır və uzun yola çıxmaq tədarükünü görür. Düşünür ki, bu yolun dönüşü olmaya da bilər.
O, uzun yolçuluqdan sonra 1244-cü ilin oktyabr ayında gedib Konyaya çatır. Mövlana Cəlaləddin Rumi öz tələbələri ilə “Səlcuqlar” karvansarasının önündən keçərkən qapının önündə yad qiyafəli bir adam görür. Dönüb o şəxsə salam verir və yoluna davam edir. Öz-özünə deyir: “Burada belə bir şəxsi heç vaxt görməmişəm. Necə də nurlu siması var”. Düşünərkən birdən atının yüyənini bir əlin tutduğunu görür. Mövlana o şəxsə “Buyurun!” deyir. Beləcə, bir-birini axtaran, özlərini bir-birlərində tapan, anlayan iki məna dənizi bir-birinə qovuşur. Müasirləri onların bu görüşünü “Mərəcəl-Bəhreyn” (iki dənizin qovuşması) adlandırıb.
Bir gün Şəms Mövlananın çox sevdiyi kitabları hovuzun içinə atır. Onların arasında çox dəyərli əsərlər də olur. Şəms Mövlananın bu hadisədən kədərləndiyini görür. Nə üçün kədərləndiyini soruşur. Mövlana “Kitabların arasında Fəridəddin Əttarın mənə verdiyi bir kitab da vardı. O kitab imzalı olduğu üçün çox dəyərli idi” – deyir. Şəms əlini hovuza salır və əsəri quru halda çıxarıb ona verir. Bu hadisədən sonra Mövlana heyrətlə həqiqətin sətirlərdə deyil, könüllərdə olduğuna tapınır.
Bu barədə Mövlananın oğlu Sultan Vələd bir hekayət danışıb:
– Gözlənilmədən Şəms gəlib atamla görüşdü. Atamın kölgəsi onun nurundan yox oldu. O, atamla söhbətində məşuqluq halından, ilahi mərifətdən və qeybi biliklərdən söhbət açardı. Atam da bunları böyük şövqlə dinlərdi. Əvvəllər hamı atama tabe olardı, indi isə atam Şəmsə tabe idi. Onun mənəvi cazibəsi Mövlananı elə sarmışdı ki, nə məscidə xütbə etməyə gedir, nə mədrəsədə dərs verir, nə də digər insanlara vaxt ayıra bilirdi. Bəzi insanlar bu iki könül dostunun söhbətindəki sirri dərk etməkdə aciz qaldılar. Bu səbəbdən xoşagəlməz söhbətlər yaymağa başladılar: “Bu şəxs Konyaya gəldikdən sonra Mövlana bizdən uzaqlaşdı. Onun nə haqqı var ki, Mövlananı bizim əlimizdən alsın?”.
Şəms daha burada qala bilməyəcəyini başa düşür. 1246-cı ildə Konyanı tərk edir. Onun gedişi Mövlananı dözülməz hala salır və dərin iztirablara düçar edir. Bu mənəvi əzablardan xilas olmaq üçün deyir: “Ondan bir xəbər söyləyənə müjdə olaraq canımı verərəm”. Beləcə, bir neçə ay keçir. Söz-söhbətlər aradan qalxır. Şəmslə düşmənçilik edənlər peşman olurlar. Mövlananın yanına gəlib üzr istəyirlər…
O, oğlu Sultan Vələdi Şama, Şəmsi axtarmağa göndərir. Sultan Vələd yola düzəlir. Gedib Şam şəhərində Şəmsi tapır. Baş verən hadisələri ona xatırladır. Mövlananın onu Konyaya dəvət etdiyini bildirir. Həm də bu fitnəni törədənlərin tövbə edərək Mövlanadan üzr istədiklərini söyləyir. Şəms Sultan Vələdi diqqətlə dinlədikdən sonra deyir: “Gəlməyimiz üçün Mövlananın dəvəti kifayət idi”.
Beləliklə, Şəms Sultan Vələdlə Konyaya qayıtmaq qərarına gəlir. Bir neçə gündən sonra onlar yola çıxırlar. Sultan Vələd Şəmsi öz atına mindirir, özü isə onun arxasınca piyada gedir. Şəms Sultan Vələdin ata minməsi üçün nə qədər israr edirsə o, “Sultanın yanında xidmətçisinin ata minməsi düzgün olmaz” – deyir.
Konyaya yaxınlaşanda Sultan Vələd Mövlanaya Şəmsin gəldiyi xəbərini göndərir. Mövlana əlində nəyi varsa, bu xəbəri gətirən müjdəçiyə verir. Böyük bir sevinc içində dostunu qarşılamağa tələsir. 1247-ci ildə bu iki dost yenidən görüşür. Birlikdə Mövlananın mədrəsəsinə gəlirlər. Bir müddət sonra Şəms Mövlananın övladlığa götürdüyü Kimya xatınla evlənir. Lakin çox keçmədən yenə də fitnələr qaynamağa başlayır. Şəmsin Konyaya qayıtması ilə bəzi müridlərinin qəlbində qısqanclıq duyğuları yenidən baş qaldırır. Bütün bu dedi-qodulardan narahat olan Şəms Sultan Vələdə deyir: “Görürsənmi, haqqımda necə sui-zənn edirlər? Yenə məni Mövlanadan ayırmaq istəyirlər. Amma bu dəfə elə gedəcəyəm ki, heç kəs harada olduğumu bilməyəcək. Məni axtarıb-tapmaqda aciz qalacaqlar. İllər keçəcək, amma heç kəs mənim izimi belə tapa bilməyəcək”.
Bir gecə o, Mövlana ilə otaqda ikən bayırdan bir səs gəlir. Şəmsi bayıra çağırırlar. O, qətlə yetirilmək üçün bayıra çağırıldığını anlayır və evdən çıxır. Sonra ucadan bir “Allah” sədası eşidilir. Mövlana bunu eşidib bayıra qaçır. Qapını açdıqda isə heç kəsi görmür. Yalnız yerdə bir neçə damcı qan ləkəsi görür. Mövlana bu hadisədən çox sarsılır. O, Şəmsi çox axtarır, tapmaq üçün iki dəfə Şam şəhərinə gedir. Amma Şəmsi gördüm deyən olmur…
Bir gün Mövlanaya bir nəfər “Şəmsi gördüm” deyir. Bu zaman Mövlana əlində olanları hədiyyə olaraq o adama verir. Kənardan onu tanıyan başqa bir şəxs dillənir: “O, Şəmsi görməyib, yalan söyləyir”. Mövlana isə “Ona verdiklərim Şəmsin yalan xəbərinin müjdəsi üçün idi. Onun həqiqi xəbərini gətirənə isə “canımı fəda edərəm” – deyə cavab verir. Mövlana Şamdakı uzun axtarışlardan sonra Şəmsi tapmağın mümkün olmadığını görüb təəssüflə geriyə – Konyaya dönür.
Bu hadisədən bir neçə il sonra Mövlanadan soruşurlar: “Sən Şəms gəlməzdən əvvəl heç kəsin şübhə etmədiyi bir müəllim idin. Şəms gəldi, axı sən ondan nə öyrəndin?” Mövlananın isə cavabı belə olur: “Mən Şəmsə rast gəlməzdən əvvəl üşüdüyüm zaman isinirdim. Lakin Şəmsdən sonra artıq isinə bilmirəm. Çünki Şəms mənə bir şey öyrətdi: “Yer üzündə bir insan belə üşüyürsə, isinmə haqqına sahib deyilsən”. Şəmsin yoxluğundan heyfsilənən tələbələri təsəlli üçün onun söhbətlərini yığır, “Məqalət” adlı kitab hazırlayırlar. Amma Şəmsin məzarını axtarmağa cəhd göstərmirlər. Çünki Şəms hələ sağ ikən deyibmiş: “Bizim məzarımızı könüllərdə axtarın”… Şəms Təbrizi 1248-ci ildə İranın Xoy şəhərində qətlə yetirilib və orada da dəfn olunub.

Haqqında Əkinçi