25 Sentyabr, 2017 - Bazar ertəsi

Savalan Fərəcov

Türk xalqlarının dünya mədəniyyətinə, humanist düşüncəsinə bəxş etdiyi görkəmli şəxsiyyətlər sırasında hələ sağlığında əməlləri haqqında əfsanələr dolaşan məşhur mütəfəkkir-şair Xoca Əhməd Yəsəvinin xüsusi yeri var. Onun haqqa yolçuluqda həqiqi eşq fədaisi, təriqət banisi kimi tanınıb sevilməsində sahib olduğu əqidə möhkəmliyi, dünyadan təmənnasızlığı əsas rol oynamışdır.

Mənbələrdə göstərilir ki, Xoca Əhməd Yəsəvinin ömür yolundan bəhs edilərkən tarixi sənədlərlə bərabər, həm də rəvayətlərə istinad edilib. Araşdırmalara görə Əhməd Yəsəvi 1093-cü ildə Orta Asiyanın Seyram (Seyraş) şəhərində ruhani ailəsində anadan olub. Atası Şeyx İbrahim dövrünün görkəmli təriqət başçısı, anası Ayişə isə məşhur din xadimi Şeyx Musanın qızı olub. Təxminən altı-yeddi yaşında ikən ata-anasını itirən Əhməd böyük bacısının himayəsində qalıb. Bundan sonra Yəsi şəhərinə köçüb. İlk təhsilini də elə bu şəhərdə məşhur şeyx Arslan Babadan alır. Ustadının vəfatından sonra Buxara, İsfahan, Səmərqənd kimi şəhərlərə səfər edir. O dövrün məşhur alimlərindən fiqh (hüquq), hədis elmlərini və şəriət qayda-qanunlarını öyrənir, görkəmli din alimi kimi tanınır. Lakin tezliklə dini elmlərdən uzaqlaşır və təriqət yoluna keçir. Dövrünün məşhur sufi alimi Yusif Həmədaninin yanına gedərək təsəvvüf elminin sirlərinə vaqif olmaq istədiyini bildirir. Müəllim onu ayaqüstü sual-cavab edir, Əhmədin iti zəkasına və dərin düşüncəsinə heyran olur. Beləliklə, o, təsəvvüf elminə yiyələnir və böyük sufi kimi tanınır. Yusif Həmədaninin ölümündən sonra Əhməd Yəsəvi bir müddət Buxarada yaşayır. Mürşidinin xəlifəsi kimi özünü təqdim edir. Təxminən 50 yaşında Yəsi şəhərinə qayıdır və öz təlimini yayır. Bildirir ki, varlığın əsası və Tanrıya qovuşmağın yeganə yolu eşqdir. Həqiqi iman eşqin məhsuludur. Zahidlik və abidlik Allahla qovuşmağın, vəhdətə çatmağın tək yolu deyil:

Zahid olma, abid olma, aşiq ol sən,
Möhnət çəkib eşq yolunda sadiq ol sən,
Nəfsi təpib, dərgahına layiq ol sən,
Eşqsizlərin həm canı yox, imanı yox.

Elmli-bilikli bir şeyx kimi tanınan və yüzlərlə müridi olan Əhməd Yəsəvi eyni zamanda əlinin əməyi ilə – taxta qaşıq hazırlamaqla güzəran keçirib.
Qaynaqlarda göstərilir ki, insanlığa böyük sevgi ilə yanaşan Əhməd Yəsəvi bu məhəbbət və sədaqətin rəmzi olaraq ömrünün 63-cü ilində evinin qabağında dərin quyu qazdırır. Qalan ömrünü quyuda oturub Allaha dua etməklə keçirir.
Xoca 1166-cı ildə Yasi şəhərində dünyasını dəyişir. Onu böyük hörmət və ehtiramla evinin yaxınlığında dəfn edirlər. Məzarı üzərində kiçik bir türbə də tikirlər.
XIV əsrin axırında Şərqin böyük hökmdarı Əmir Teymur Əhməd Yəsəvinin türbəsini ziyarət edir. Onun əmri ilə bu kiçik türbə sökülür, məzarın üstündə möhtəşəm bir memarlıq abidəsi ucaldılır. Mütəfəkkirin fikirləri ilə tanış olan insanlar məqbərənin ucaldığı Türküstan şəhərinə axın edirlər.
Adı bütün türk ellərində böyük hörmət və ehtiramla yad edilən təsəvvüf-irfan aşiqi Xoca Əhməd Yəsəvi həm də qüdrətli söz ustadı-şair kimi də tanınıb. Buna görə Yəsəvi Azərbaycanda da söz sənəti araşdırıcılarının diqqətini çəkib. Onun poetik dünyası, bədii irsi barədə çeşidli fikirlər söylənilib. Ötən yüzilliyin əvvəlində böyük mütəfəkkir, türk dünyasının ideoloqu Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?” əsərində Əmir Teymurun türk mədəniyyətinə etdiyi xidmətləri xatırlayarkən, Əhməd Yəsəvi türbəsini də yada salır.
Tanınmış tədqiqatçı Salman Mümtazın araşdırmalarında onun adı daha çox çəkilir. 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalında çap etdirdiyi “Türkmən şairləri” məqaləsində Əhməd Yəsəvinin bədii irsindən geniş bəhs edib. S.Mümtaz “Kommunist” qəzetində çap etdirdiyi “Ədəbiyyatımızda Nəvai təsiri” məqaləsində yazır ki, Əhməd Yəsəvi kimi simalardan kiçik-kiçik məqalələr yox, həm də böyük-böyük kitablar yazmaq lazımdır.
Böyük yazıçı, şair, pedaqoq Abdulla Şaiq “Ədəbiyyatdan iş kitabı” (1928) dərsliyində təsəvvüfün yayılması və türk ədəbiyyatına təsirindən bəhs edərək yazır: “Təkyələrin artması və hökmdarların bu cərəyana (sufilik cərəyanına) bağlanması ilə türk aləminin hər bucağında dərvişlər və mürşidlər yetişdi. Bu məslək xalq içərisində intişar tapdı. Türküstanda Əhməd Yəsəvi, Anadoluda Şeyx Cəlaləddin Rumi, Yunus İmrə, Azərbaycanda Həsənoğlu, Həbibi, Nəsimi və Xətai kimi böyük sufi şairləri yetişdi”.
Folklorşünas alim Bəhlul Abdulla Türkiyədə çap olunan “Yəsəvilik və Azərbaycanda şaman-dərviş mədəniyyəti” məqaləsində Xoca Əhmədin yaşayıb fəaliyyət göstərdiyi dövrün ictimai-tarixi səciyyəsini verib, mütəfəkkiri həm də “möcüzələr göstərmək qüdrəti tapmış və övliya mərtəbəsinə ucalan şaman” kimi xarakterizə edib.
Əhməd Yəsəvi təliminin (yəsəviliyin) ideya-fəlsəfi mahiyyəti, dini-mənəvi kökləri, bütün türk dünyasında sürətlə yayılması səbəblərinə görkəmli ədəbiyyatşünas alim, professor Yaşar Qarayev də münasibət bildirib. O, yəsəviliyi məhdud çərçivədə deyil, geniş kulturoloji miqyasda dəyərləndirib: “Yəsəvilik hər şeydən əvvəl mədəniyyət hadisəsidir. Türklüyün sivilizasiyalara verdiyi dini-mənəvi dəyər və sərvətdir. Özü də bu sərvət – sufilik Yəsəvidən sonra türkləşməyib. Əksinə, Yəsəvinin fəaliyyəti ilə həqiqi sahibinə – türkün özünə qayıdıb. Əgər təsəvvüfdən əvvəl Qorqud olmasaydı, Yəsəvi bu qədər tez yetişməzdi. Əgər şaman-ozan ənənəsi olmasaydı, dərviş-ərən ənənəsi bu qədər kütləvi hal ala bilməzdi. Həm islam əxlaqına, həm də təsəvvüf fəlsəfəsinə bir doğmalıq və yaxınlıq türkün ruhunda və fitrətində əzəldən olub”.
Qeyd deyək ki, yəsəviliyin Azərbaycan ictimai, ədəbi-mədəni fikrinə nüfuzu Nəsimi, Xətai, Füzuli kimi klassik şairlərin, habelə Dirili Qurbani, Miskin Abdulla, Abbas Tufarqanlı və başqa saz-söz sənətkarlarının əsərlərindəki təsəvvüfi motivlərin kökləri Xoca Əhməd Yəsəvidən qaynaqlanıb.

Savalan Fərəcov

Haqqında Əkinçi