25 Sentyabr, 2017 - Bazar ertəsi
Təranə VAHİD-dən bir esse – SARI OVQAT

Təranə VAHİD-dən bir esse – SARI OVQAT

… Payız kəndin üstündən keçib sapsarı məktublar göndərdi adamlara. Məktubların içində iç-içə bir əlçim külək, bir ovuc yağış, bir çimdik qüssə, bir az xatirə, bir qatar durna və bir də… sapsarı yarpağın üstündə solğun xətlə alt-alta yazılmış sətirlər vardı…
Telli arvad məktubu açan kimi külək havalandı, durnalar uçdu, yağış başladı… Qarı qorxa-qorxa məktubun içindəkiləri oxudu, rəngi qaçdı, ömür boxçasını açıb o ki var ağladı. Sonra ürəyi soyusun deyə yupyumru göz yaşlarını ovcuna yığıb qoynuna tökdü. Handan-hana ayağa durub üstünün qaramatını çırpdı, həyətə çıxdı. Titrək barmaqlarıyla damcılar süzülən nar ağacından üç qırmızı nar dərib ətəyinin küncündə evə gətirdi. Üç narı pəncərənin ağzına qoyub Payızın könlünü almaq istədi. Alınmadı… Payızın göndərdiyi məktubda alt-alta bu sözlər yazılmışdı:
Bu gecə qapının cəftəsini bağlama!
Bu gecə qapının cəftəsini bağlama!!
Bu gecə qapının cəftəsini bağlama!!!

II hissə

… Qapının cəftəsini bağlamadı Telli arvad. Ev-eşiyə əl gəzdirib yerə xalı döşədi. Qab-qacağı üst-üstə çinlədi ki, sabah qara xəbər kəndi ev-ev gəzib-dolaşanda qonşular əl-ayağa düşməsin. Qara gün üçün təqaüdündən oğurladığı pulları sonuncu dəfə sayıb göz qabağındakı boş qəndqabına qoydu ki, dar macalda adamlar təlaşa düşməsin. Beş il qabaq dükançı Səlimdən aldığı kəfəni, pambıq dəsmalı, öz barmaqları ilə didib oxşaya-oxşaya hazırladığı pabıq döşəyi, lazım olan hər şeyi üst-üstə yığıb hazır saxladı.
Sonra yuyunub-darandı, qüsullandı, qapının cəftəsini açıq qoyub son yuxusunu görmək üçün sonuncu dəfə uzanıb yatdı…
III hissə
… Səhər xoruzlar səs-səs verib banlayanda Telli arvad diksinib oyandı. Olanlara mat qaldı. Barmaqları titrəyə-titrəyə stolun üstündəki lampanı yandırıb dünənki məktubu höccələyə-höccələyə yuxarıdan-aşağı, aşağıdan-yuxarı təkrar-təkrar gözdən keçirdi. Telli arvad gözünə yox, həm də qulağına inanmaq üçün məktubdakıları ucadan oxudu:
Məktubda yazılmışdı: Bağışlayın, məktub ünvanına düzgün çatdırılmayıb. Sizə çatacaq məktubu oxuyun.
Qapının cəftəsini bağlayın!
Evinizi isti saxlayın!
Adınız uzunömürlülər siyahısındadı, özünüzə yaxşı baxın!!!
IV hissə
Telli arvad bu dəfə dünənkindən betər ağladı. Öz halına yox ha, o ünvandakının halına. “Görən onun da adı Tellidi? Görən o da mənim kimi…?”
Sualına kimsə cavab vermədi. Telli arvad yuxarı baxıb “Biz kimik ki, hər şey Onun əlindədir” – pıçıldadı. Təskinlik tapıb, ayağa qalxdı. Tələsik pulu qoynundan çıxardı “ehtiyacbank”da – torbadakı düyünün içində gizlətdi, qab-qacağı öz yerinə düzdü, xalçanı büküb küncə itələdi.
Həyətə çıxıb ölümdən qayıdan adam kimi doyunca, uzun-uzadı dünyaya baxdı! Sonra toyuqlara dən vermək üçün qısqıvraq yerişlə hinə tərəf getdi…
V hissə
Həmin il qış sərt gəldi. Gecələrin birində Telli arvad titrətdi. Səhəri kəndin ara həkimi Tükəzban qarının “sətəlcəm!” diaqnozu düppədüz çıxdı. Telli arvadın xəstələnməyi ilə ölümü bir həftə çəkdi. Ölənəcən, bəlkə elə öləndən sonra da ölümünə yox, payızın məktubuna inandı…
VI hissə
… Lütfən, hər yazılana inanmayın!

Haqqında Əkinçi