19 Noyabr, 2017 - Bazar

Təranə Vahid

Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, akademik, ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 ili tamam olur
Təranə Vahid “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayağım sən olmusan. O zaman ki, qaranlıq içərimə kölgə salmağa başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!”

Mirzə İbrahimov

Bir əsrin fonunda baxanda nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist Mirzə İbrahimov yaşadığı dövrün sovet yazıçısından çox, milli ruhun oyanışı, milli dilimizin dirçəlişi uğrunda mübarizə aparan azadlıq yazıçısı, vətənini, xalqını ürəkdən sevən insan və vətəndaş kimi xatırlanır. Onun qələmindən çıxan “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanları, bir-birindən maraqlı povest və hekayələri, həyati pyesləri ziddiyyətli bir dövrün mənzərəsini real boyalarla əks etdirməklə yanaşı, Mirzə İbrahimov yaradıcılığında həm də İnsan faktoru, onun daxili dünyası, arzu və istəkləri yüksək məharətlə qələmə alınır. Bir xalqın dərin köklərə malik keçmişi və gələcəyi ədəbiyyat körpüsündə görüşür.

Çətin günlərdən “Gələcək gün”ə doğru
Mirzə İbrahimov zəngin həyat və yaradıcılıq yolu keçib. Bu yolun bəzi məqamlarına nəzər salaq, bir ömrün tarixini vərəqləyək.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ilin oktyabrında Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Həyatın ilk acısını körpə ikən dadıb. Üç yaşı tamam olmamış anasını itirib. Atası Əjdər kişi 1918-ci ildə iki oğlu ilə Bakıya gəlib. Ancaq burada da tale onlardan üz döndərib. Atası 1919-cu ildə iş başında vəfat edib. 8 yaşında həm atadan, həm anadan yetim qalan balaca Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq edib, öz zəhməti ilə bir tikə çörək qazanıb.
Ağır illərdən, çətin günlərdən keçən Mirzə get-gedə mətinləşir. İşıqlı arzularla yaşayır. Zabrat fəhlə ədəbiyyat dərnəyinə üzv yazılır. Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilir. İlk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazır.
Təranə Vahid Professor Teymur Əhmədov “Mirzə İbrahimov. Müasirlərinin xatirələrində” toplusunda yazır: “Müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə və inkişafında Mirzə İbrahimovun xidmətləri misilsizdir. O, yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış, öz istedadı və əməyi sayəsində görkəmli yazıçı, ədəbiyyatşünas-alim və fəal ictimai xadim dərəcəsinə qədər yüksəlmişdir …”
1932-ci ildə sovetlər ölkəsinin nəhəng tikintiləri, sosialist sənayesinin inkişafını görmək üçün Ukraynaya gedir, Donbas şaxtaları, Dnepropetrovsk sənaye müəssisələrində olur. Bu təəssürat onun “Qiqantlar ölkəsi” oçerklər kitabında əksini tapır.
Bu müddətdə ali təhsil və elmi fəaliyyətini də davam etdirən Mirzə İbrahimov Azərbaycan SSR Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, sonra SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır (1935-1937). Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə Xalq Komissarları Sovetinin İncəsənət işləri idarəsinin rəisi vəzifələrində çalışır. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda» qəzetinin məsul redaktoru işləyir. Yazıçı 1942-1946-cı illərdə Azərbaycan SSR xalq maarif komissarı olur, Azərbaycan Elmlər Akademiyası təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilir (1945). İctimai-siyasi fəaliyyətini davam etdirən yazıçı respublika Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) kimi mühüm dövlət vəzifələrində çalışır. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975) işləyir.

“Onsuz Azərbaycan ədəbiyyatını təsəvvür etmək qeyri-mümkündür”
Tarix elmlər doktoru, professor Cəmil Həsənli Mirzə İbrahimovun xidmətlərini belə xatırlayır: “Mirzə İbrahimovun həyat və yaradıcılığını araşdıran zaman onun parlaq bir fəaliyyətinin olduğu aydın görünür. O, Cənubi Azərbaycan oyanış hərəkatının inkişafında müstəsna xidmətlər göstərib. Mirzə İbrahimovun böyüklüyü ondan ibarət idi ki, o, milli mübarizənin milli dildən keçdiyini yaxşı başa düşürdü. Məhz elə buna görə də o, hər zaman milli dilimizin qorunmasına səy göstərir və bu istiqamətdə əlindən gələni əsirgəmirdi. Onun Cənubi Azərbaycanla bağlı fəaliyyəti ilə tanış olan zaman bir-birindən maraqlı hadisələrin şahidi olursan. Mirzə İbrahimov Cənubda gedən proseslərin aparıcı simalarından biri olub. O, “Gələcək gün” romanında Güney Azərbaycanın bu günü və gələcəyini incəliklə qələmə almışdı.
Təranə Vahid Onun ən parlaq fəaliyyəti 1950-ci illərə təsadüf edir. Ali Sovetin Rəyasət Heyətinin sədri kimi Mirzə İbrahimov ana dilinin qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdı. Dil haqqında qanunun qəbul olunmasında onun inkarolunmaz əməyi var. Nazirliklərin dil haqqında qanunun tələblərinə nə dərəcədə əməl etməsinə nəzarət etmək məqsədilə Mirzə İbrahimov komissiya yaratmışdı. Milli ideyanın inkişafı ilə bağlı onun əvəzolunmaz xidmətləri var. Məhz elə millətçiliyə görə onu vəzifədən uzaqlaşdırdılar. Maraqlı məqam bunda idi ki, sovet dövründə ona bir neçə dəfə irad tutulmasına baxmayaraq, Mirzə İbrahimov yazışmalarını yalnız Azərbaycan dilində aparırdı. Mirzə İbrahimov böyük yazıçı, siyasi xadim, mütəfəkkir idi. Onsuz Azərbaycan ədəbiyyatını təsəvvür etmək qeyri-mümkündür. Biz belə görkəmli şəxslərin rolunu tarixdə olduğu kimi qeyd etməliyik”.
Bu illərdə böyük yazıçı hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alır. 30-40-cı illərdə “Həyat”, “Madrid”, “Məhəbbət” pyesləri, 60-cı illərdə “Kəndçi qızı” , “Yaxşı adam” , “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, J.B.Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edir.
Mirzə İbrahimov milli filologiya sahəsində elmi kadrların hazırlanmasında da böyük işlər görür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970), daha sonra EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (ömrünün sonunadək) işləyir. Dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil edir, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılmasında yaxından iştirak edir.

Təranə Vahid “Mirzə İbrahimov qürurumuzdur” Xalq şairi Sabir Rüstəmxanlı Mirzə İbrahimovu belə xatırlayır: “Mirzə İbrahimov qürurumuzdur. Zənnimcə, o, əfsanə, həmçinin böyük bir şəxsiyyət idi. Mən məhz elə uşaqlıqdan onun əsərlərini oxuyaraq püxtələşmişəm. Mirzə İbrahimovun “Gələcək gün” əsəri və Cənubi Azərbaycanla bağlı başqa əsərləri məni həddindən artıq təsirləndirirdi. 21 yaşımda Mirzə İbrahimovla tanış olmuşdum və onunla çox gözəl münasibətlərim vardı. Onu tanıdığım və ömrümün bir hissəsini onunla birlikdə keçirdiyim üçün çox şadam. Hər zaman üzərimizdə Mirzə İbrahimovun qayğısını hiss edirdik. Onun hazırcavab olması və dünyanı çox yaxşı bilməsi hər zaman diqqətimi cəlb edirdi.
Onun ədəbiyyatımızda böyük bir yolu var. O, həm də milli qəhrəman idi. Azərbaycan dilinin ana dili olması məsələsini qaldırmışdı. Məhz elə bu vətənpərvər addımlarının nəticəsi idi ki, o, əhalinin bütün təbəqələri tərəfindən hörmətlə qarşılanırdı. Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasında da böyük xidmətləri vardır. Onun “Gələcək gün” əsəri bir çox xarici dillərə tərcümə olunaraq rəğbətlə qarşılanırdı”.
Təranə Vahid Mirzə İbrahimov Azərbaycanın Xalq yazıçısı fəxri adına (1961), dövrünün ən böyük təltiflərinə – 3 dəfə “Lenin” ordeni, “Oktyabr inqilabı” ordeni, digər orden və medallara, SSRİ Dövlət mükafatı, Azərbaycan Dövlət mükafatı, Beynəlxalq Nehru mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Yazıçı dəfələrlə Azərbaycan SSR Ali Sovetinin, SSRİ Ali Sovetinin deputatı seçilib. 70-80-ci illərdə Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi müxtəlif ölkələrdə səfərlərdə olub, beynəlxalq tədbirlərdə iştirak edib, bu vəsilə ilə Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib.
Görkəmli ədib, ictimai xadim 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ölümündən illər keçdikcə Mirzə İbrahimovun yazıçı, ictimai xadim, alim, böyük şəxsiyyət kimi əvəzolunmaz xidmətləri daha aydın görünür. İllər keçəcək, yeni nəsillər hər gələcək gündə ədəbiyyatımızın böyük dayağını beləcə yad edib xatırlayacaq.

Haqqında Əkinçi