25 Sentyabr, 2017 - Bazar ertəsi
Tahir Abbaslı “Mədəniyyət”qəzeti

Tahir Abbaslı “Mədəniyyət”qəzeti

Ən kütləvi sevgi-sevim banisi – Nəsibə xanım Zeynalova…

“Xalq artisti”… Son illər xəlqi-ictimai müzakirə (hətta rəsmi müşavirə) mövzusu olan, ən azı ikili münasibət bəslənən məsələ. “Niyə Avropada, Amerikada belə adlar, titullar yoxdur, bizdə var”, “bəyəm Tom Cons, Çelentano, Jerar Depardye, Al Paçino, Maykl Cekson… dövlət artistləridir?!” kimi nidalı suallar…

Bu barədə çox söz deyilir, dilemmalar qurulur. Amma bunun bir vaxtlar “yuxarı Politbüro”nun “aşağılar”la yaxınlaşma, səmimiyyətqurma qurğularından biri olduğu barədə danışılmır. Yeri gəlmişkən, yaxşı ki danışılmır. Çünki bu ad bir çox daşıyıcılarında birbaşa xalqın nəfinə, ovqatına işləyib. Hələ o sovetin ruhu sağ olsun ki, bunlara “Sosializm artisti”, “Bolşevik incəsənət xadimi” kimi yarlıqlar yapışdırmayıblar.
Hələ bu da var ki, sıradanbir-ötəri işlərdən olan bu yazının növbəti, Azərbaycan mədəniyyətinin isə əbədi Qəhrəmanı olan Nəsibə Zeynalova ona Xalq artisti (1967) kimi sənət adı verən siyasi sistemin Bakıya gəlişindən 4 il əvvəl doğulmuşdu və əgər – bu xalqın oğul və qızlarına bəxş etdiyi quru “ad”lardan öncə olmazın “iş”lər, işgəncələr verən o hökumət gəlməsəydi, kim bilir, bir parça səhnədə az qala bütöv bir xalq obrazı yaradası bu qız növbəti bir real Sevda, Afət və sonda səhnədə yaratdığına bənzər bir qaynana olaraq ömrünü başa vurmayacaqdımı? Bu aspektdə nəzərdə tutulan bir çox mətləbə o çağlar artistliyə münasibət məsələlərini, “mütrüb”, “arsız” və s. “xalx” ad-ayamalarını da xatırlamalı.
Amma bu xalqa, bu millətin hər bir üzvünə öz anası, bacısı, qızı qədər doğma, yaxın, sevgili olmuş Nəsibə xanım Zeynalova bu dünyada necə yaşadı, qazanılması mümkün olan sənət zirvəsinin son pilləsini necə fəth etdi, tarixə məlum ənənəvi, trafaret ölüm-dəfn ritualını necə rövnəqləndirdi, vayı necə “toy”-nişanlaşdırdı!..

Bu qız kimin qızı?..

Bu qız Azərbaycan milli realist aktyor məktəbi banisinin qızı. Başlıqda dediyimi başqa səpkidə təkrari-davam etsəm, – ata sənət məktəbi banisi, övlad – ən kütləvi sevgi-sevim, ümummilli sənət məhəbbəti banisi!
O ata – Cahangir Zeynalov ticarətçi olub, amma qazanc faizinin əksər məbləğini – öz zehni, canı-qanıyla birgə sənətə sərf edib. 1916-cı il aprelin 20-də bu ilk və yeganə övladı doğulanda yaxın ətrafına özünəməxsus bir elanla – “can sağlığında vəsiyyət” edib ki, bu qız onun sənət yolunu davam etdirməlidir. Ancaq qızının iki yaşını “ticarətçi-sənətçi” süfrəsilə qeyd etməyə hazırlaşırkən ermənilər Bakıda kütləvi qırğınlar törədir və o, ailəsilə İrana köçməli olur. Martda gedib sentyabrda qayıdan ailənin başçısı gəmidə yatalaq xəstəliyinə tutulur, az müddət keçmiş dünyasını dəyişir. Ermənilərin sakinlərini qırıb, özünü viran qoyduğu Bakı Cahangirin milli hisslərini, düşüncələrini son nəfəsinədək əzir, arzularını heçə-puça çıxarır, “ailəsinin, yeganə övladının başsız qalacağı, kiminsə bu qızcığazı teatr sənətinə meylləndirə bilməyəcəyi fikirlərindən üzülürdü” kimi xatirələri də eşitmişəm ki, bunların bir parasını da o vaxtlar 2, televiziya üçün müsahibə aldığım zaman 72 yaşı olan Nəsibə xanım özü söyləyib mənə.

Bu Xanım Xalq Xanımı…

Bu xanım milli realist teatr məktəbimizin banisi olan atasının bəlkə də ilk və ən qüdrətli tələbəsi, fenomenal-professional davamçısı oldu. Ona qədər xalq içərisindən – təbii seçmə yoluyla çıxmış aktyorlarımız az deyildi, lakin elitarlarla proletarlar arasındakı patoloji-xroniki zövq, sənətə baxış fərqlərinin azaldılmasında Nəsibə Zeynalova istedadında ikinci bir aktyor olmayıb, zənnimcə. O cümlədən əlahəzrət gülüşün “ömürartıran”, “uğunma, “gözselləmə”, “qəşş”, “qırmanclama” motivlərində! Onun şəxsi həyat “marşrut”larında da təbəssümləyici “dayanacaq”lar var ki, biri də orta məktəbdə rəqqasəlik etməsidir. Təsəvvür edirsizmi, – Nəsibə xanım Zeynalova rola girmədən (roldankənar) rəqqasəlik edir! Bu nədir (!), bu qədər istedadlı, bacarıqlı, qabiliyyətli adam adicə rəqs edir? Kimisə yamsılamadan?! Hansısa real və ya tipoloji rəqqasəninsə şəbehini çıxarmadan?! Amma Rza Təhmasibin dram dərnəyinə üzv olma ili (1932) başqa gülüş doğurur: 16 yaşında! Beş il sonra adı gülməli bir teatrda (Kolxoz və Sovxoz Teatrında) peşəkar aktrisa kimi işə başlayıb, bir il sonra (1938) yenicə yaranan və 75 ildir bizi eninə-boyuna güldürüb-düşündürən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına birinci dərəcəli aktrisa götürülüb. İnstitutlar, universitetlər, akademiyalar bitirmiş bir çox zorəntəblilərlə müqayisədə – elələrinin “benefis”inə “gülməli” bir təhsil ocağını – Bakı Teatr Məktəbini bitirib.
Nəsibəyə hələ tələbə ikən də çox ciddi rollar üçün ehtiyac duyulub. Deyirlər, bu fağır tələbə “rahətlokum dərslər”dən çox, ağır-ağır rol mətnləri oxumalı olurmuş. “Şıltaq qızın yumşaldılması” əsəri səhnəyə hazırlanır. – Bəs, adı çəkiləndə aktyorların dad döydüyü Şekspirin bu bəşəri əsərindəki dəymədüşər Katarina rolunu kim?.. – Əlbəttə, tələbə Nəsibə! Bəyəm o hazırda Fridrix Şillerin “Mariya Stüart”ında Yelizavetanı oynamır? – Elədir, amma tələsmək lazımdır, hələ tezliklə onu Molyerin “Don Juan”ında Elvira roluna dəvət edəcəklər!..
…Ay səni, istedad!
Hamı görür, hamı sevib-sevinir, Ağasadıq Gəraybəyli, Məhərrəm Haşımov, Aleksandr Tuqanov onun müəllimi olmaq fəxarətləri yaşayır… Bu ecaz sənət qızının atası və o müəllimlərin yaxşı tanıdığı dostları Cahangir Zeynalov isə o dünyada…

Ay səni dünya!

Bu nida hər iki dünyayadır. Əkiz, həmkar dünyaların hər ikisinə aiddir. Birində alqışlar, o birində “rəhmət”lərlə sirab edilən Nəsibə xanım dünyalarınadır. Onun yaratdığı obrazlardan hansı daha yaxşıdır ki, ondan daha xüsusi, daha məxsusi bəhs edək (Tələsməyin). Yaxşı, əla olmayanı varmı? Hansı daha zəifdir ki, ona göz yumub, keçək bu birinə? Sanballarını demirəm, sayını dəqiq bilən varmı? “Ögey ana” filmindəki “xırrıpıt!” (itburnu çiçəyi soyuqdəyməni “bıçaq pendiri kəsən kimi – xırrıpıt kəsir”) ifadəsindəki dil-üslub və sir-sifət sinxronizmini xatırlayırsızmı?
Tahir Abbaslı “Mədəniyyət”qəzeti “Həmişəxanım” (S.Qədirzadə) komediyasında özündənrazı xanımların müştəbehlik portretini necə yaratdığını xatırlayan teatrsevərlər də az deyil, məncə. Daha hansını deyim? “Ulduz”, “Bizim Cəbiş müəllim” filmlərində yaratdığı təkrarsız obrazlar haqda danışsam, bütün xalqın yekdil fikrini təkrar etmiş olmarammı?
Bəs, “Qaynana” haqda?! Bu, “görünən dağa bələdçilik” etməyə bənzəməzdimi? Amma bu haqda şahidi olduğum bir “hədis”i danışmaya bilməm:
…Yuxarıda toxunduğum (72 yaşının tamamında) televeriliş üçün küçədə “natura-plan”lar çəkirik. Onunla rastlaşıb əl çəkməyən adamların əlindən macal tapa bilmir, gah “qır-saqqız”ların üstünə qeyzlənir, gah hirslənib kameranı söndürürük. Elə bu vaxt anasının əlindən tutmuş 6-7 yaşlı bir qızcığaz ona yaxınlaşıb, həyəcanlana-heyrətlənə deyir: “Nəsibə nənə, vayyax mən böyüyəndə yaxci gəyin olacağam!..”
Vəssalam, o vaxt veriliş alındı.
Amma deyim ki, bu vaxt – vaxt darlığından – bu yazı yaxşı alınmadı.
Sağlıq olsun…

Haqqında Əkinçi