22 Sentyabr, 2017 - Cümə

Tahir Abbaslı

«Qapımı Vətən döydü…»

Açıb nə eşitdin, nələr gördün, həmişə əsgər – Hacı Əkbər?!

(Burda toxunduğum və toxunmadığım bütün olaylar gözlərim önündən kino lenti kimi keçir. Amma davalı kino…)

Vətən qapı döyməz, həmişə əsgər – Hacı Əkbər! Vətənin qapısı, sərhədi döyülər. Və elə ki o qapını, o sərhədi düşmən döydü, onda Vətən başlayar «daş»larının – vətəndaşlarının qapılarına baxmağa. Elə qapılar var – bir baxımda açılar, elələri var – iki, üç baxımda. Elələri də var – hərbi komissarlıq tərəfindən döyülər və girilib (yaxud sındırılıb) görülər ki, bir kimsə yox. Və belə məlum olar ki, bəs, bu «oğul»ların qapılarını bir «azcığaz» bundan əqdəm Uruset bazarları, Firəngistan barları, Dubay yarları döyübmüş və buncığazlar da çıxıb gediblərmiş oralara…

Amma…

Amma elə qapılar da var ki, Vətən dara düşəndə onları döyməyə ehtiyac olmur. O qapılar qonum-qonşuya, qohum-əqrabaya, dost-tanışa olduğu kimi, Vətənin də üzünə həmişə açıq olar.
Silahı əlindən qoyduğu gündən qələmə sarılan və bütün yazılarını «Həmişə əsgər – Hacı Əkbər» imzası ilə çap etdirən bu Oğulun başdan-başa həqiqətlərdən ibarət «Qıpımı Vətən döydü» kitabında bircə kəlmə «yalan» varsa, o da elə bu kitabın adıdır. Bu kitabın üzündəkinin «yalan» olduğunu bu kitabın içindəkilər də təsdiq edir. Erməni namərdliyinin cikinə-bikinə bələd olduğundan, uzun illər idman dərsi (Ağdam, 50 №-li orta texniki-peşə məktəbi) dediyi məktəblilərə təkcə muskul fənni yox, həm də namus, qeyrət, millət elmi öyrədən bir vətəndaş-müəllim evində oturub gözləyərdimi ki, başı namərd bir münaqişə-müharibəyə qarışmış Vətən onun qapısını da döyməyə vaxt ayırsın?! Yox, cənab sabiq rota komandiri, sabiq hərbi hissə komandirinin müavini, sabiq Ağdam RİH başçısının Ağdam şəhəri üzrə nümayəndəsinin müavini, indi isə həmişə əsgər – Hacı Əkbər, yox! Rica edirik, səni qələbə silahından ayrı salan zamanın «acığına» könül verdiyin qələmin obrazlılıq tələbi «felinə» uyub, «Qapımı Vətən döydü» deyə, yanıltma bizi! Sən özün qapılar döyübsən. Başqaları vəzifə üçün, qazanc, ad-san üçün qapılar döyəndə, sən xalq azadlıq hərəkatının öncüllərindən biri kimi, ayrı-ayrı evlərin qapılarını döyüb, bu xalqı öz millət evinin kişisi olmağa səsləyibsən. Ağdamda ilk könüllü özünümüdafiə batalyonu yaratmaq üçün igid yurddaşlarının qeyrət qapılarını açıbsan. Komandir olaraq, öz əqidədaşlarından, məktəb yetirmələrindən və üç oğlundan ibarət rotanla düşmənin üzümüzə bağladığı Dağlıq Qarabağ evimizin qapısını açmağa gedibsən.

Oralarda nələr olub?..

Nələr olmayıb ki, həmişə əsgər – Hacı Əkbər?! Səni dinlədikcə hiss olunur ki, bu və bundan əvvəl (2005) çap etdirdiyin («Qalx ayağa, Vətən oğlu!») kitablarında yazılanlar oralardakı olayların heç yarısının yarısı da deyil. Hamısını da papiros qutularına, mərmilərin dağıtdığı kitabxanalardan, muzeylərdən, ev-eşiklərdən küləklərin döyüş meydanlarına «desant» atdığı kağız-kuğuzlara yazırmışsan. Bu yazıların hamısının adından da barıt qoxusu gəlir, həmişə əsgər – Hacı Əkbər! Elə təkcə bu kitabındakı 57 yazından yeddisinin adını çəksək, el məsəli – «yeddilərin yeri göynər!»: «Səngərdə söhbət», «Altı mart döyüşü», «Yandırdılar Xocalını – söndürdülər bizi?!», «Döyüşün bir günü», «Nankorlara ürək sözüm», «Döyüşən rejissor və aktyor», «Qarabağsızlıq dərdi»…
Sonuncu yazının adı mənə döyüşkən şairimiz Rəsul Rzanın («Qınamıram İskəndəri – yaman olur anlamaq dərdi!») misrasını xatırlatdı, həmişə əsgər – Hacı Əkbər! Əgər hacı olmasaydın, bu misradakı İskəndərin – «Ölülər» içərisində diri olmağını da özünə dərd edən kefli İskəndərin adını çıxarıb, məmnuniyyətlə sənin adını yazardım. Nədən ki, Qarabağ işğal edilən gündən sən də (ömründə dilinə bir qram spirt dəyməsə belə) kefli gəzib-dolanırsan, həmişə dəmli, həmişə qəmli, heç yerdə qərar tuta bilməyən dərbədər, həmişə əsgər – Hacı Əkbər!
Allahın möcüzə qüdrəti ilə o davalardan sağ çıxmış böyük oğlun Sərvan və sonbeşiyin Kənan haqda da nəsə yazmaq istəyirdim ki, gözüm bu kitabın titul vərəqinə sataşdı. Burada yazılıb ki:

«Hazırda iki oğlu, bir qızı, altı nəvəsi var»

«Hazırda»… Əgər bu kitabı 1993-ün 15 mayına qədər yazmış olsaydın, «üç oğlu» yazılardı…
Amma neyləyəsən ki, bu kitab yazılmaq üçün gecikib, ortancılın Sənan isə… şəhidlik üçün tezikib…
«Ortancılın» dedim, yadıma «Məlikməmməd nağılı» düşdü. Axı orda – o nağılda üç qardaşdan sonuncusu fəth edir div quyusunu. Bu gerçəkdə isə sənin ortancılın fatehlik edib. Özü də quyunu – aşağını yox, zirvəni – şəhidliyi fəth edib! Elə onun adını da uca Qafqaz dağlarından birinə – Sənan dağına ad etməmişdinmi, həmişə əsgər – Hacı Əkbər?!
El sözüdü – «xeyirlə şər qardaşdı». Elə şad-bəd əhval-ovqatlar da ekizlikdən xali deyil, qardaşım! Yəni…
Yəni, indi – çox cavan yaşında şəhid olmuş o ortancıl oğlunun yeri boşdu. Onun sənin evinə – qaçqınlıq sığınacağına gətirəcəyi xəyali gəlininin də, onlardan törəyib, indilər məktəb partalarında oturası ehtimali nəvələrinin də yerləri boşdu. Amma sənin Sənanın kimilərin hesabına «yağı düşmən qabağına kim çıxdı», «yeddi ermənini bir qranatla kim gəbərtdi», «vurulub salınmış vertolyotdan polkovnik-leytenant Şuvaryovu səkkiz erməninin əlindən alıb Ağdama kim gətirdi», «Ağdam şəhərinə yürüyən düşmənin qarşısını Abdal-Gülablıda kim kəsdi» kimi faktiki sualların qürur dolu cavab yerləri boş deyil!
Toyla vayın, şadla bədin qardaşlığından danışdım, qardaşın Xosrov və onun şəhid oğlu Yusif düşdü yadıma. Sənandan on ay əvvəl Canyataq və Gülyataq kəndləri uğrunda qəhrəmancasına şəhid olan igid Yusif…
Bu kitabdan da göründüyü kimi, sənin anabir-atabir qardaşlarından əlavə, çoxlu yurdbir-vətənbir qardaşların da varmış, həmişə əsgər – Hacı Əkbər! Elxan Mikayılov, Sabir Məmmədov, Mübariz İbrahimov, Vahid, Şöhlət, xırdalanlı Mustafa, Fəxrəddin, Bakir, Rövşən, Elşən, Malik, Ədalət, Tahir, Usta Ramiz…

Kaş…

Kaş sənin şəhid dostlarının (Allahverdinin, Natiqin, Yaşarın, Bürhan, Qüdrət, Nizami həkim, Fəxrəddin, Mübariz, Əmir, Həybulla, İzbulla və neçə-neçə başqa Oğulların) analarını, atalarını, bacı-qardaşlarını, oğul-uşaqlarını (əgər varsa) görə biləydim, həmişə əsgər Hacı – Əkbər! Onlara deyəydim sənə desinlər ki, o şəhidlərin vətənpərvərliklərindən, igidliklərindən, dostcanlılıqlarından danışanda bu qədər kövrəlməyəsən, sozalıb-sızlamayasan. Həmsöhbətlərin içərisindəki özün kimi kövrəkləri, qananları bu qədər milli sevgilərlə, özlərini bu «hərif» söhbətlərdən yuxarı tutanları isə bu qədər milli nifrətlərlə süzməyini bir az yumşaldasan. Yoxsa, buna ürəkmi tab gətirər, ay həmişə əsgər – Hacı Əkbər?! Ağzında (və yazılarında) «həmişə əsgər» deyirsən, bəs, sabah müharibə başlasa, xarici düşmənə nə qüvvət, nə nifrət xərcləyəcəksən, qadası?! Demirsənmi, sənin qəzəbli baxışlarından o düşüncə, o anlam sahiblərinin başına bir iş gələr və sabah, Allah eləməmiş, ermənilər məlum şikəstəmizdəki «Yaddan çıxmaz Qarabağ» misrasından sonrakı bölgələrimizə də hücum edərsə, elələrinin başsız qalmış əhli-əyalı neylər?!

Sabaha doğru, marş!

Arxa cəbhədə sabaha doğru inamla addımla (marş!), bir vaxt ön cəbhədə düşmən üstünə qürurla addımlayan həmişə əsgər – Hacı Əkbər! Noolsun ki, indi biz sənin Bakıdakı yataqxana qapını döymürük, – bir vaxt sənin Ağdamdakı qapını döyən Vətən indi Qələbə üstə köklənir, qəm eləmə!..

Haqqında Əkinçi