22 Sentyabr, 2017 - Cümə

Tarixdən ibrət…

Tarixdən ibrət…

   Yaxud M.S.Ordubadinin ilk dramları haqqında

  

   Öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət göstərmiş görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdandır.

   Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Qüdrətli nasir-romançı, şair-felyetonçu, jurnalist və publisistin yaradıcılığında dramaturgiya da müəyyən yer tutur.  

 Hələ inqilabdan əvvəl, yaradıcılığının ilk dövründə Ordubadi dramaturgiya ilə məşğul olmuş, sonradan bu ədəbi növə daha tez-tez müraciət edərək onun bir sıra qiymətli nümunələrini yaratmışdır. Bütün yaradıcılığı boyu vaxtaşırı bu janra müraciət edən yazıçının otuza yaxın dram əsəri vardır. Həmin əsərlər içərisində bu gün də öz bədii-estetik dəyərini, tərbiyəvi əhəmiyyətini saxlayanları az deyil. Onların bir qismi vaxtilə teatrlarımızın səhnələrində oynanılmış və tamaşaçıların yaddaşında qalmışdır, bəziləri isə heç zaman səhnə üzü görməmiş, lakin çap olunmuşdur. Ədibin elə dram əsərləri də vardır ki, oxucu və tamaşaçılara məlum deyil.

   Öz dram əsərlərində yazıçı müasirlərini düşünərkən, cəmiyyəti narahat edən zəruri məsələlərdən, bir çox hallarda ümumbəşəri problemlərdən söhbət açır.

   Xalqın azadlıq arzuları, işğalçılıq və ədalətsiz müharibələri, qırğınlara qarşı etirazı, mövhumat və cəhalətin tənqidi, yüksək, təmiz məhəbbətin tərənnümü, mühüm beynəlxalq problemlər Ordubadi dramaturgiyasının başlıca mövzularıdır. Ədibi nəsr yaradıcılığında olduğu kimi, dram əsərlərində də xalq hərəkatı, azadlıq mübarizələri, inqilabi mövzular daha artıq maraqlandırmışdır.

   Janrlarına görə Ordubadinin dram əsərlərini bir neçə qismə ayırmaq olar: faciə, dram, məzhəkə, libretto. Həmin dramları tarixi, tarixi-əfsanəvi, müasir mövzulu əsərlər kimi də qruplaşdırmaq mümkündür.

   Ordubadinin ilk dramı olan “İki cocuğun Avropaya səyahəti” 1907-ci ildə yazılıb və 1908-ci ilin ilk aylarında “Tazə həyat” qəzetində dərc olunmuşdur.

   Avropaya gedən iki gənc dostun yazışmasını verən müəllif hadisələri Ordubad şəhərindən başlayır. On məktubdan ibarət olan bu kiçik romanda Ordubadi öz maarifçilik fikirlərini ifadə etmişdir. Romanda avtoportretik xüsusiyyətlər də var. Sonrakı on məktubda isə Avropanın inkişaf etmiş şəhərlərindəki tərəqqi və təqdirəlayiq cəhətlərdən bəhs olunur. Bu on məktubda Məmməd Səid siyasi, ictimai, iqtisadi və mədəni inkişaf nöqteyi-nəzərindən Şərq ölkələrinə nisbətən xeyli irəli getmiş Avropa şəhərlərindəki tərəqqini faktlar, rəqəmlər, real təsvirlər vasitəsi ilə verməyə çalışmış, bununla da həmvətənlərini qəflət yuxusundan ayıltmaq, Şərq ətalətinin, despotizmin, geriliyin yaramazlığını sübut etmək istəmişdir.

   “Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab” romanı 1907-1909-cu illərdə yazılmışdır, lakin ədib bu romanını ancaq 1914-cü ildə çap etdirə bilmişdir. İlk Azərbaycan ictimai romanı olan “Bədbəxt milyonçu” XX əsr ədəbiyyatımızda diqqətəlayiq bir hadisə idi. Roman dövrün bəzi mühüm hadisələrini reallıqla əks etdirməsi və ictimai-siyasi məsələləri cəsarətlə qoyması nöqteyi-nəzərindən olduqca əhəmiyyətli idi. Ordubadi maarifçilik fikirlərini ilk romanından fərqli olaraq burada daha geniş, daha əhatəli və çoxcəhətli surətdə əks etdirmişdir. Bu fikirlər istər dövlət quruluşu, ictimai həyat məsələləri olsun, istərsə də ailə-məişət sahəsində olsun, ardıcıl və təkidlə yürüdülür, sonra çatdırılır. Yazıçının romandakı ideyası İran Azərbaycanında və İranda hökm sürən cəhalətin, avamlığın, istibdad quruluşun dözülməz nəticələrinin, yüksək rütbəli din xadimlərini xalqın avamlığından istifadə edərək törətdiyi rəzalətlərin, dövlət məmurlarının rüşvətxorluqlarının və sair ictimai yaraların tənqidindən ibarətdir.

   Romanın müsbət qəhrəmanı olan maarifçi Rzaquluxan Fransadakı İran səfirinin oğludur. Uşaq yaşlarından Fransada qalmış və fransızca təlim-tərbiyə almışdır. Orada universiteti bitirdikdən sonra öz vətəninə qayıtmaq və bəzi islahatlar yaratmaq istəmişdir.

   Üçüncü roman – “Baği-şah və ya Tehran faciəsi” 1909-cu ildə yazılmışdır, 1910-cu ildə “Səda” qəzetində dərc olunmuşdur. Bu siyasi-tarixi dramın əsasına 1908-ci ildə Məhəmmədəli şahın İran Məclisini top atəşinə tutdurması hadisəsi qoyulmuşdur. Dramda inqilabi azadlıq hərəkatının əsas düşmənləri, şahı idarə edən, onun mürtəce hərəkətlərinə təkan verən və inqilabın yatırılmasına cəllad rolunu oynayan qüvvələr ifşa olunur.

   M.S.Ordubadinin çap üzü görən ikinci dram əsəri “Əndəlisin son günləri, yaxud Qranadanın təslimi”dir. Əsər 1914-cü ildə Bakıda kitabça şəklində buraxılmışdır. Bu tarixi faciənin hadisələri Əndəlisdə, məşhur Əl-Həmra sarayında başlayıb və getdikcə genişlənərək Qastiliyada kral Ferdinandın sarayında bitir. İlk pərdədən məlum olur ki, yerli xalq – ispanlar, ərəb xəlifəliyinin sarayında baş verən hərc-mərclikdən, hökmdarın zəifləməsindən istifadə edərək, istismar zülmündən qurtarmaq, istiqlaliyyət qazanmaq, öz torpaqlarını istilaçılardan azad etmək məqsədi ilə qəti mübarizəyə qalxmışlar.

   Ümumiyyətlə, bu dövrdə yazdığı əsərlərində Ordubadi xalqları əsarət altına almaq məqsədi ilə aparılan işğalçılıq müharibələrini lənətləmişdir. Bu əsərdə də belədir. Üç-dörd il sonra ədib “Əndəlisin son günləri yaxud Qranadanın təslimi” faciəsinin üzərində yenidən işləyərək onu bir qədər də genişləndirmiş, müəyyən dərəcədə təkmilləşdirmiş və əsərini “Xilafətin son günləri” adlandırmışdır.

   Bu faciə onuncu illərin sonunda Orta Asiyada, ən çox isə Özbəkistanda səhnədə oynanılmışdır.

   Birinci Dünya müharibəsi dövründə yazılmış “Teymurləng və İldırım Bayazid” dramında da Ordubadi işğalçılığı pisləmiş, onun acı nəticələrini göstərməyə çalışmışdır. Ədib əsərində iki qanlı istilaçının – Teymurləng və Bayazidin simasında insanları müharibələrə, qətl və qarətlərə sürükləyən qəddar müstəbidləri damğalamışdır. İki qaniçən istilaçı ataya qarşı əsərdə onların övladı olan iki gəncin məhəbbəti qoyulmuşdur.

   İldırım Bayazidin oğlu Musa və Teymurləngin qızı Zərifəbanu müharibəyə nifrət bəsləyir, kobud, vəhşi müharibə aləminə, bu mühitə tamamilə yad olan zərif, səmimi məhəbbət havası gətirirlər. İşğalçıların tarixi cinayətlərini və daxili aləmlərini aydın təsvir etmək üçün müəllif birinci pərdədə İldırım Bayazidin, ikinci pərdədə onun düşməni Teymurləngin qərargahında cərəyan edən hadisələri verir.

   Sonrakı səhnələrdə müəllif işğalçıların ifşasını və məğlubiyyət səbəblərini göstərməyə çalışır.

   “Teymurləng və İldırım Bayazid” tarixi dramı ilə M.S.Ordubadi qəsbkarları tarixdən ibrət götürməyə çağırırdı.

   Ümumiyyətlə, ədibin dramaturgiya sahəsindəki fəaliyyəti ümumi yaradıcılığının mühüm bir hissəsidir.

   Məmməd Səid Ordubadinin adı Azərbaycan dramaturgiyası və teatrın salnaməsində özünəməxsus yer tutur, onun bu sahədəki fəaliyyətinin tədqiqi aktual və faydalıdır.

  

   Lalə Abas-zadə,

   M.S.Ordubadinin xatirə muzeyinin direktoru

Haqqında Əkinçi