25 Sentyabr, 2017 - Bazar ertəsi
Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmamışdır  Görkəmli aktrisanın anadan olmasından 101 il ötür

Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmamışdır Görkəmli aktrisanın anadan olmasından 101 il ötür

Tanrı hər insana bir ömür payı verir və hər kəs öz həyatını yaşayır. Lakin İlahi vergisi olan səhnə adamları isə başqa bir missiyanı da daşıyırlar. Onlar səhnədə yaratdıqları qəhrəmanlarını həm müasirlərinin, həm də özlərindən sonrakı nəsillərin yaddaşına əbədi həkk edirlər. Bu insanlar sənət ömrünü talelərinin bir hissəsi kimi qəbul etməklə ölməzlik qazanırlar. Belə yüksək zirvəyə ucalmış sənətkarlardan biri də Azərbaycanın və SSRİ-nin Xalq Artisti Hökümə Qurbanovadır. O, səhnəyə çıxanda Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma Qədri kimi görkəmli sənətkarlar bu sahədə öz sözlərini desələr də, yeni ifaya ehtiyac yaranmışdı. Belə bir şəraitdə səhnə həyatına qədəm qoyan Hökümə Qurbanova fitri istedadı, gərgin əməyi sayəsində yaratdığı obrazlarla səhnəyə həyatilik, səmimilik, sadəlik gətirmiş, milli teatrımızı respublikamızın hüdudlarından uzaqlarda da təbliğ etmiş, üzərinə düşən estafet missiyasını uğurla başa çatdırmışdır. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı həm teatr, həm də kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamenti olan, yaratdığı obrazı yüksək intellekti sayəsində mənimsəyən Hökümə Qurbanova qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə hakim kəsilməyə, uzun müddət yaddaşlarda qalmasına həmişə müvəffəq olmuşdur. Aktrisa yaratdığı obrazlara elə bir möhür vurmuşdur ki, həmkarları həmin rolları təkrarlamağa cürət etməmişlər. Bu gün də əminliklə deyə bilərik ki, Azərbaycan teatrının xarizmatik aktrisalarından biri olan Hökümə Qurbanovanı təkrar edə biləcək aktrisa yoxdur. Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarın yaradıcılığı yeni nəsil üçün məktəb olaraq qalmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin “Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında” 2013-cü il 4 mart tarixli Sərəncamı bu fikri bir daha təsdiq edir. Hökümə Qurbanova 1913–cü il iyunun 11-ə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açmışdır. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirmiş, 1931–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) təhsil almışdır. Aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” Kinostudiyasında başlamış, C.Cabbarlının təşəbbüsü ilə “Almas” filmində Yaxşı rolunda çəkilmişdir. Bu səssiz filmin kadrlarında gənc aktrisanın gözəl çöhrəsi, düzgün üz cizgiləri, mənalı gözləri, məsum və ürkək baxışları sənətkarın obrazı dərindən duymasından xəbər verir. Sənətdə ilk addımlarını kinodan atmağa başlayan Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin korifey sənətkarlarından birinə çevrilmişdir. O, 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışmışdır. Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olmuşdur. Sonralar Gülbahar (N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin”), Şirin (S.Vurğunun “Fərhad və Şirin”), Afaq (M.Hüseynin “Nizami”), Vəfa (R.Rzanın “Vəfa”), İnci (S.Rəhmanın “Xoşbəxtlər”) və başqa rolları oynamışdır. Rejissorların diqqətindən heç vaxt kənarda qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarlarla birgə işləmişdir. Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazmışdır. Hökümə Qurbanovanın zəngin obrazlar qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının “1905-ci ildə” tamaşası), Xuraman (S.Vurğunun “Vaqif”), Germiona (U.Şekspirin “Qış nağılı”), Xumar (H.Cavidin “Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin “Namus”), Basantasena (Y.Osnos və B.Binnikovun “Hind gözəli”) obrazlarında lirizm, romantik vüsət güclüdür. Hökümə Qurbanovanın yaradıcılığının əsas mövzusunu qəhrəman, mübariz xarakterli, yüksək bəşəri ideallarla yaşayan güclü insan obrazı təşkil edir. Solmaz (C.Cabbarlının “Od gəlini” tamaşası), Həyat (M.İbrahimovun “Həyat”), Həcər (S.Rüstəmin “Qaçaq Nəbi”), Məryəm (S.Vurğunun “Fərhad və Şirin”), Südabə (H.Cavidin “Səyavuş”), Reyhan (M.Hüseynin “Cavanşir”), Məhmənəbanu (N.Hikmətin “Məhəbbət əfsanəsi”) və başqa xarakterlər bu qəbildəndir. Hökümə Qurbanova cəsarətli və fədakar Arkın (F.Şillerin “Orlean qızı”), amansız kraliça və qadınlıq hisslərinin əsiri Mariya Tüdorun (V.Hüqonun “Mariya Tüdor”), U.Şekspir dramaturgiyasında ən mürəkkəb qadın obrazlarından olan Kleopatranın (“Antoni və Kleopatra”) daxili aləmini ustalıqla açmışdır. Hökümə Qurbanovanın ifası bədii cəhətdən inandırıcı olub, emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri plastikası ilə səciyyələnir. Görkəmli aktrisanın yaradıcılığından danışarkən onun səsini xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində duyulan qəribə titrəyiş və həyəcan həmişə tamaşaçını riqqətə gətirmişdir. İlahi vergisi olan bu səsdən məharətlə istifadə edən aktrisa canlandırdığı qəhrəmanının xarakterini müvəffəqiyyətlə açmışdır. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmamışdır. Yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını o səsləndirmişdir. O, bu gün də ekranlardan düşməyən “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni və s. böyük məharətlə səsləndirmişdir. Milli səhnəmizin misilsiz faciə aktrisası neçə-neçə kraliça obrazı yaratmışdır. Aktrisanın yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor Tofiq Kazımovun quruluşunda səhnələşən “Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvilərdə çarpazlaşan Kleopatra obrazını məharətlə yaratmışdır. Həmin tamaşadan vaxtilə lentə alınmış kadra baxarkən adama elə gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı yaratmaq üçün dünyaya gəlmişdir. Onun ifadəli jestlərinin, mimikalarının, temperamentinin və səsinin vəhdəti qəhrəmanının ehtirasını ustalıqla, eləcə də Uilyam Şekspirin görmək istədiyi səviyyədə nümayiş etdirmişdir. Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirmişdir. Uilyam Şeksprin “Qış nağılı”ndakı Germiona rolunda dəqiqələrlə səhnədə sükut edərək tamaşaçıları və tərəf-müqabillərini heyrətə gətirməyi bacarmışdır. Hökümə Qurbanovanın “Bir ailə”, “Onu bağışlamaq olarmı?”, “Əmək və qızılgül”, “İnsan məskən salır” filmlərində çəkildiyi rollar da öz dolğunluğu ilə yadda qalmışdır. “Bir ailə” filmində Leyla rolunu oynayan aktrisa Lyubov Orlova, Mərziyyə Davudova, Kazım Ziya kimi böyük aktyorlarla tərəf-müqabil olmuşdur. “Onu bağışlamaq olarmı” filmində cərrah Kəmalə xanım rolu aktrisanın kinoda oynadığı ən böyük rol olmuşdur. Bu ekran əsərində Hökümə Qurbanova əzəmətli yerişi, oturuşu, zərif və cazibəli hərəkətləri ilə obrazın daxili aləmini məharətlə açmışdır. Həyat tarixçəsini danışan Kəmalə xanımın üzü iri planda göstərilən zaman tamaşaçı onun daxili həyəcanını, keçirdiyi sarsıntıları qəhrəmanla bərabər yaşayır. Kəmalə filmdə az görünsə də, məhz Hökümə Qurbanovanın məharətli ifası ilə yaddaqalan obrazlar cərgəsindədir. Məşhur rəqqas Mahmud Esenbayev haqqında çəkilmiş “Əmək və qızılgül” filmində Hökümə Qurbanova Mahmudun anası rolundadır. Tamaşaçı aktrisanı həm cavan, həm də artıq yaşlaşmış ana rolunda görür. Dəyişməyən bir şey varsa, o da ananın oğluna, onun heç də asan olmayan seçiminə olan münasibətidir. Aktrisa filmdə az görünsə də, yaratdığı obraz uzun müddət yadda qalır. Hökümə Qurbanovanın “İnsan məskən salır” filmindəki ana rolu bir xarakter kimi yaddaşa həkk olunur. Bütün bunlar aktrisanın böyük istedadından, rolu duymaq və özününküləşdirmək bacarığından irəli gəlmişdir. Görkəmli aktrisanın şərəfli ömür yolunda ictimai fəaliyyəti də qeyd olunmalıdır. O, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Neçə-neçə obrazları yaşadan, yaddaşlara əbədilik həkk edən Hökümə Qurbanova şəxsi həyatında nisgilli məqamları, görkəmli aktyor Ələsgər Ələkbərov ilə, bir qədər sonra tanınmış rəssam Nüsrət Fətullayev ilə evlilik həyatını, ayrılıq anlarını da yaşamalı olmuşdur. Şəxsi həyatındakı uğursuzluqdan bədbinləşməyən aktrisa böyük bir coşqunluqla yaradıcılığını davam etdirmişdir. Ömrünün ahıl çağında isə sevimli qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı itirməsi onun üçün ən böyük dərd olmuşdur. Hökümə Qurbanova sevimli qızının ölümündən 1 il sonra – 1988-ci il noyabrın 2-də Bakıda vəfat etmişdir. Aktrisa Fəxri xiyabanda dəfn edilmişdir. Yaradıcılığında Hüseyn Ərəblinskinin, Abbas Mirzənin, Mərziyyə Davudovanın, Sona Hacıyevanın nişanələrini yaşadan Hökümə Qurbanovanın Azərbaycan səhnəsində yeri hələ də boş görünür. O, Azərbaycan teatr tarixində silinməz iz qoymuşdur. Bu gün aktrisalar onun oynadığı rolları canlı görməsələr belə, haqqında yazılanlardan, xatirələrdən öyrənərək ona bənzəmək arzusundadırlar. Gözəl Ağayeva

Haqqında Əkinçi