19 Noyabr, 2017 - Bazar

Telman İsmayılov

18 avqust 2011-ci ildə Sərhədçilərin bayramından sonra Bakı şəhərinin Bayıl sürüşmə yamacında yenə də «canlanmanın» şahidi olduq. Ekranda: yaranmış çatın uzunluğu və eni nədənsə yalnız «asfaltlı» sahələrdə nümayiş etdirildi və Abid Şərifovun «optimist»liyi mənim xoşuma gəldi. Lakin bütün bunlarla yanaşı, uzun illər sürüşmələrin təbiətini öyrənən bir şəxs kimi, öz narahatlığımı bildirmək istərdim…
Məlumat üçün bildirmək istərdim ki, Bayıl süüşmələri XIX əsrin sonlarından əhalini narahat etməkdədir və ilk dəfə Qafqazın geoloyi quruluşunu öyrənən tanınmış alimlər Abix və Qolubyatnikov tərəfindən bu barədə məlumat verilmişdir. Bayıl yamacının «şıltaqlığı», bakılıları XX əsrin əvvəlindən üzübəri- 1903; 1914; 1927; 1930; 1943-46; 1952-53; 1968; 1974; 1978; 1991; 1996 və ən nəhayət, 2000-ci il 6-7 martda narahat etmişdi. Düzdür, 2000-ci il sürüşməsində, 1991-ci ildən fərqli olaraq insan tələfatı olmamışdı. Lakin sürüşmənin əhatə dairəsi daha geniş olmuşdu: sürüşmə nəticəsində 200-dən çox yaşayış evi zədələnmiş, 43 ev isə tamam və qismən yararsız hala düşmüşdü. Bunu isə geoloqların sayıqlığı ilə izah etmək lazımdır.
Sürüşmə geniş bir ərazini,- Xəzərin sahilindən tutmuş üzüyuxarı, Şəhidlər Məqbərəsinədək, Bayıl dərəsinin ağzından tutmuş Funikulyor rayonuna qədər,- geniş sahəni öz «ağuşuna» almışdı. Maddi ziyan çox olmuşdu: «Lukoyl» benzindol- durma məntəqəsi, «Xəzər»» firmasının inzibati binası, 1996- 97-ci illər sürüşməsindən sonra tikilmiş «dayaq divarlar», hündür bina tikintisi üçün qazılmış xeyli iş görülmüş «kotlovan», Gəmi təmiri zavodunun istehsalat binaları, dağılaraq sıradan çıxmışdılar. Bayıl qəsəbəsindən tutmuş keçmiş Çkalov küçəsinədək Yer səthində iri çatlar yaranmış, köhnə «İnturist» mehmanxanasına qədər “Neftçilər” prospekti uzunu yol «pırtlama valının» yaranması ilə bağlı «şişərək» bir neçə metr yuxarı qalxmışdı. Funikulyor tikintisində və 6 №li məktəb binasında çatlar əmələ gəlmişdi. Şəhidlər məqbərəsinin alt hissəsində yaranmış «qopma divarı»nın hündürlüyü «oturmuş» sürüşmə blokunun ölçüləri haqqında xoşagəlməz təsəvvürlər yaradırdı. Bayıl dərəsinin sağ və sol yamaclarında tikilmiş ev həyətlərindən sızan yeraltı sular hesabına gölməçələr yaranmışdı…
Özünütərif, özünütəbliğ və özünüreklamçılıqdan uzaq olaraq, qeyd etmək istərdik ki bu sətirlərin müəllifi 1962-ci ildən başlayaraq, Azərbaycan sürüşmələrini, keçmiş qonşu respublikaların sürüşmələri ilə (Volqaboyu və Dneprboyu sürüşmələr, Qara dəniz sahili sürüşmələri, Moldova, Özbəkstan sürüşmələri və s.) müqayisəli surətdə öyrənmiş, keçmiş Tikinti və Memarlıq Dövlət Komitəsinin və Bakı Dövlətlayihə İnstitunun sifarişi ilə «Azərbaycan sürüşmələrinin kataloqu» (1975)nu hazırlamış, 1966-cı ildə Bakının Baş planı üçün «Planlaş-dırmada məhdudiyyət sxemini» və Seysmiklik dərəcəsinin dəqiqləşdirilməsi xəritəsini hazırlamışdır (düzdür, həmin materiallar köhnəlmişdir, lakin səmərəli nəsə tapmaq olar). Ümumiyyətlə, sürüşmələr və ekzogen geoloyi proseslərin öyrənilməsinə həsr olunmuş 100-ə qədər elmi araşdırmaların, o cümlədən 5 elmi kitabın müəllifidir. Onların bir qismi bizim rəhbər məmur işçilərimizdə olmalıdır. Kitab rəflərində yatıb qalmasa yaxşıdır. Ataların yaxşı məsəli var: «Vətən övladından peyğəmbər olmaz».
Telman İsmayılovBayıl sürüşməsinin (2000) səhərisi günü mərhum Heydər Əliyev xəstəliyinə baxmayaraq sürüşmə sahəsinə gəlmiş və öz narahatlığını bildirmişdi. Hətta lazım olsa xaricdən mütəxəssis də dəvət olunmasını töfsiyyə etmişdi. Bizimkilər də Mos-kvadan 3 nəfər dəvət etdilər, hər üçünü mən tanıyırdım, bir həftə qaldılar, yedilər-içdilər və zərfdə paralarını alıb getdilər. Bir həftfdən sonra NK-nə «öz mülahizələrini» göndərdilər. Məktubda qeyd edilirdi ki, məlumatlar Geologiya Komitəsinin mütəxəssislərindən alınmışdır. Sonra isə məktuba 2 saylı «Əlavə etmişdilər» («Azərbaycanın məlum sürüşmələrinin Kataloqu»,- 1974-cü ildə T.Ə.İsmayılov tərəfindən tərtib edilmişdir). Məktubu «Fundamentproyekt» unitar müəssisəsinin baş mühəndisi M.N.Pink imzalamışdı. Bu, həmin Pinkdirki, hələ 60-cı illərdə Bayıl sürüşmələrini yeraltı suların drenayı ilə dayandırmaq istəyirdi. Lakin unudurdu ki, gil süxurların su vermə əmsalı, təxminən sıfıra bərabərdir. Kataloqda isə zəruri tədbirlərin siyahısı verilmişdi. Sadəcə olaraq, qonaqların təklifi bu idi ki, onlara riayət etmək lazımdır. Bayıl sürüşməsinin «hərəkətini» aradan qaldırmaq və ya zəiflətmək üçün bəzi mülahizələrlə bölüşmək istərdik:
Gilli süxurlardan ibarət yamacların sürüşkənlik xislətini əlindən almaq qeyri mümkündür. Bütün gilli yamaclar, gillər suya qarşı həssas minerallardan (montmorillonit, qalluazit) ibarətdirsə, islandıqda şişirsə, nəmliyini itirəndə həcmi kiçilirsə, deməli, onlarda struktur dəyişmələri getməlidir, müqavimətləri azalmalıdır, yamacın dikliyindən asılı olaraq, sürüşmə ləng və ya sürətlə gedə bilər. Əgər yamaclarda tektonik çatlar mövcuddursa, Bayılda isə bu növ çatlar çoxdur, sürüşmə ehtimalı həmişə qalmalıdır.
Müşahidələr göstərir ki, Bayıldakı sürüşmələr və onların inkişafı yamacı təşkil edən süxurların islanma (nəmlik) dərəcəsi normadan çox olan şəraitdə özünü daha qabarıq büruzə vermişdir. Tədqiqatlar sübut etmişdirki, yerin üst qatlarında, xüsusən yamaclarda «mobillik» (ləng hərəkətlər, dinamiklik) həmişə mövcuddur, süxurlarda isə müəyyən dərinliklərdə ləng hərəkətlər («qlubinnaya polzuçest») gedir.
Yamacları təşkil edən süxur kütləsinin ağırlıq qüvvəsi, yamacların dikliyi (meylliyi) ilə əlaqədar olaraq, iki toplanana ayrılır, yəni yamaca iki qüvvə təsir edir: sürüşmə qüvvəsi və saxlayıcı qüvvə. Qüvvələrin ölçüləri (nisbəti) yamacların dikliyindən və süxurların müqavimətindən (möhkəmliyindən) asılı olaraq dəyişir. Sürüşmə yamaclarında bu amillər həmişə sürüşmə qüvvələrinin (yerdəyişmə, itələyici) xeyrinə olmuşdur. Burada insanların səhlənkarlığı və ya biganəliyi sürüşmə ilə müttəfiq olmuşdur. Buna çoxlu misallar və nümunələr göstərmək olar. Adi misal, bütün yamaclarda sürüşmələr insanların əraziləri isti- fadəsindən sonra baş vermişdir (Bayıl, Zığ, Qaraçuxur, Əhmədli, Novxanı və s.). Bəla burasındadır ki, əraziləri, ilk növbədə yamacları tikinti altına alarkən, biz yalnız öz mənafeyimizi güdürük. Təbiətin, Yerin aqibəti, taleyi isə bizi az maraqlandırır. Təbiətin isə intiqamı çox yaman olur. Heç uzağa getməyək, Bayılda sürüşmələr hər dəfə əraziyə əlavə su «hücumu» olarkən baş vermişdir (məs., «Leçkomissiya» xəstəxanasının həyətində «su qradirniləri» açıq qalaraq daşmışdır, Xanlar küçəsində su kəmərləri partlamışdır, Parlament küçəsində tikilən binanın çalasına normadan artıq su dolması və aşağıya doğru güclü sızma və s.).
Bayıl sürüşmələrinin yenidən bərpası barədə bəzi müla hizələrimizi demək istərdim. Bütün sürüşmə yamacları kimi Bayıl yamacının da sürüşkənlik xislətini əlindən almaq olmaz. Yamac çox qalın Abşeron yaşlı əillərdən və onların qumdaşı və əhəngdaşı ilə laylı növbələşməsindən ibarətdir. Yamacın ətəyi mənfi 26 m-dən başlıyr, hündürlüyü müsbət 168 m-ə qədər yüksəlir. Bakı amfiteatrının qərb qanadını təşkil edir. Bəzən terraslarla pillələnir. Ətək hissədə güclü abraziya prosesinə məruz qalır. Bu isə, yamacın sabitlik (dayanıqlıq) əmsalının dəyişməsinə öz mənfi təsirini göstərir. Çox təəslər olsun ki, Bayıl sürüşməsinin həyatında abraziya prosesi- nin rolu (təsiri) hələ indiyədək qiymətləndirilməmişdir. Və ola bilsinki, Dənizkənarı Bulvarın genişləndirilməsi və sahilyanı müəssisələrin köçürülməsi ilə əlaqədar dənizin ab- raziya fəaliyyəti bir az fəallaşmışdır. Bu amilin öyrənilməsi gündəmdə duran məsələlərdəndir. Ərazi seysmik cəhətdən fəal zonadadır. Seysmik rəqslər isə az da olsa həmişə fəaliyyətdədir. İnsan amili isə Bayılda həmişə fəaldır.
İlk növbədə vaxtı ilə icazəsiz və kanalizasiyasız tikilmiş «yaşayış evləri» öz antropogen təsirlərini hər an göstəməkdədirlər. Yeraltı su layları mövcuddur. Qrunt suları süni yolla qidalanmalarında davam edir. Heç bir norma və qaydalara isə əməl olunmur. Abid Şərifovdvn bir sitat («Əhali həyətlərini suvarmaqda davam edir) buna parlaq misaldır.
Telman İsmayılovBiz insanlar hara gedirik, nə isə etmək istəyirik, mütləq gücümüzü göstərmək istəyirik. Bayıl qalsın öz yerində, vaxtı ilə Qaraçuxurda başladıq neft çıxarmağa, Seyxanbaxça yüksəkliyinin şərq yamacında 20 m-lik dərinlikdə quyuların lülələri qırılmağa başladı, məlum olduki, sürüşmə baş vermişdir. Əhmədlidə evlər tikdik, yatmış süxurları oyatdıq, binalar zədələnməyə başladı, Zığ və Novxanı yolları da eyni qaydada… 50-60 ildir ki, Şamaxı- Ağsu aşırımında yol istismar edilir, hər il də sürüşmələr olur. Nə edirik? Kosmetika ilə nə qədər məşğul olmaq olar? Şamaxı – İsmayıllı yolu da həmin qaydada. Lerik, Yardımlı, Qonaqkənd yolları da həmçinin…
Elə 2000-ci il mart sürüşməsindən sonra da şəhərdə tikinti norma və qaydalarına əməl edilmir. Məs., Bakının Muxtarov küçəsində tikilən bina niyə uçsun? Niyə, Bakıda ərazilərin seysmiklik dərəcəsinin ziddinə olaraq hündür və ağır binalar tikilir? Yamaclarda və vulkanik (tektonik) ərazilərdə tikinti işləri də elə belədir…
Çox təəssüflər olsun ki, televizşnf ekranında yamacdakı çatların ölçülərini o qədər də aydın seçmək mümkün olmadı.
Danışanların isə optimist fikirləri məni sevindirsə də, hələ də rahatlıq tapa bilmirəm. Söhbət olduki, iki gün ərzində ekspertiza materialları hazır olacaqdır… Guya, Məqbərədən Gülüstana qədər gedən çatlar doldurulur, amma nə ilə doldurulmasından söhbət getmədi… Lakin sonrakı görüntülərdə aydın olduki, çatları doldurmurlar, yalnız «ağzını »(açıq yerləri) suvayırlar (malalayırlar). Bu, məni bir az sakitləşdirdi, çünki çatları nə iləsə doldurmaq xoşagəlməz nəticələr verə bilərdi. Əsas məsələ odur ki, yaranmış çatlara su (nəm) düşməsin.
Lakin bütün bunlarla yanaşı, yamacın (yamacların) özünün «həyat tərzi» var. Əgər proses başlayıbsa, o axıra qədər getməlidir. Sadəcə olaraq, biz onun sürətini ləngidə bilərik…
Bayıl xassəli (xislətli) yamaclar daim nəzarətdə olmalıdır. Orada həyata keçirilən hər bir fəaliyyət bütün təsərrüfat norma və qaydalarına müvafiq olmalıdır. Burada isə evlər hələ də qalır, istismar edilirlər, sudan istifadə qalır, kanalizasiya xəttləri yoxdur, heç bir su (sel) ötürü- cü (arxlar) qurğular yoxdur, heç bir nəzarət də yoxdur. Hər şey Allah ümidinə buraxılmışdır… Dedilər ki, bir həftədən sonra yolda avtomobillərin hərəkətinə icazə veriləcəkdir. Çox nahaq!
Telman İsmayılovMənim bir sualım var: FHN-yi olduğu və fəaliyyət göstərdiyi halda, «Nuh əyyamından qalma» və ictimai xarakter daşıyan FH Komissiyası kimə lazımdır? Üstü bəzək, altı təzəkdən nə vaxt əl çəkməliyik? Məxsusi Dövlət qurumu var, yaxşı mütəxəssislər var, imkanlar da olmalıdır, qoyun məşğul olsunlar, tələb də bir nəfərdən edilsin.
Mən keçmiş elmi və elmi-kütləvi (qəzet) yazılarımda dəfələrlə tövsiyyə (təklif) etmişəm ki, bütün sürüşməli şəhərləldə «SÜRÜŞMƏ XİDMƏTİ» qurumu fəaliyyət əöstərir (Moskva, Soçi, Tbilisi, Odessa, Kiyev və s.), həm nəzarət edilir, həm monitorinq aparılır, həm layihələndirmə işləri görülür, həm də icra (tikinti) işləri həyata keçirilir…
Demək, Bayıl ərazisində 200-250 ev-eşik, həyət-baca qalsın, Teleşirkətlərin təsərrüfatları qalsın, Gülüstan Sarayı qalsın, yamac boyu aralıqda yerləşən bütün kommunikasiyalar qalsın, nəqliyyat hərəkət etsin, ağaclar sulansın (özü də selləmə), heç bir sel ötürücü qurğu ol- masın, səth sularının dairəvi tənzimləməsi olmasın, Xəzər sahilləri bərkidilməsin, yamacın ətək hissəsində süxurların «pırtlamasının» qarşısı alınmasın, yamac ərazisində heç bir hamarlama işləri aparılmasın, Yamac «yüklənsin», süxurlar islansın, əhalinin ərazidən köçürülməsi, milyonlara başa gəldiyi üçün(A.Şərifov) həyata keçirilməsin… Demək, Bayıl yamacı ya dözməlidir, ya da sürüşməlidir!!! Sürüşmək isə yamacın xasiyyətidir.
Sovetdə necə var idisə, eləcə də qalmasını istəyiriksə, gəlin, əlimizi ağdan-qaraya vurmayaq, Bayıl yamacını istismar edək, harada qırılar, qırılar…
Halbuki Bakını, Bakı Amfiteatrını, Bakı körfəzini məşhur şəxsiyyətlər, ilk növbədə mərhum Heydər Əliyev Neapolla müqayisə edirdilər. Bayıl sürüşə-sürüşə yaşasa, bəs gələn qonaqlarımız şəhərimizi haradan seyr edəcəklər? Könlü balıq istəyən, gərək gəirsin Dənizə… Hər halda pul xərcləmək lazımdır…
Sonda bir arzumu da bildirmək istərdim, Azərbaycanda, geodinamka, qruntşünaslıq, sürüşməşünaslıq, seysmologiya, seysmotektonika, hidrogeoloəiya, geoekologiya və ekologiya sahəsində çoxlu yüksək ixtisaslı alim və mütəxəssislərimiz vardır. Niyə onlardan səmərəli istifadə edilməsin, niyə televiziya ilə alim və mətəxəssilər çıxış edib, əhalini sakitləşdirməsin?
Bir haşiyə də çıxmaq istərdim. 2000-ci il sürüşməsindən sonra Geologiya Komitəsi sədrinin müavini və Baş hidrogeoloqunun birgə hazırladığı Kompleks Proqram 23 martda sədrəvəzi tərəfindən təsdiqləndi və icra üçün tapşırıqlar verildi. Təəssüflər olsun ki, 2001-ci ildə Komitə ləğv edildi, bu sətirlərin müəllifi başqa təşkilata işə keçdi, sürüşmələrin taleyi ilə yaxından məşğul ola bilmədi. Lakin Bayılın aqibəti ilə daim maraqlandı və 10-dan çox elmi və kütləvi yazılar çap etdirdi. Bu isə əməli iş deyildi…Mütəxəssislər hamısı yerindədir və hər şeyə də qabildirlər. Şərait lazımdır ki, monitorinq düzgün təşkil edilsin. Və mən onlara inanıram, etibar edirəm. Turizm ili çərçivəsində elə etmək lazımdır ki, bizim təbii və ekoloji şəraitimiz zədələnməsin.
Telman İsmayılovHər halda, çalışmaq lazımdır ki, Şəhidlərin Məqbərəsi ciddi mühafizə olunsun, qorunsun. Bizim dövlətin, hökumətin və alim-mütəxəssislərin buna gücü çatmalıdır.

TELMAN İSMAYILOV,
Geologiya və Mineralogiya elmləri doktoru, Beynəlxalq Ekologiya Elmləri Akademiyasının Həqiqi
üzvü, Almaniya Geologiya və
Mineralogiya Elmi Cəmiyyətlərinin,
Almaniya Geologiya Dostları
Birliyinin üzvü,
Düsseldorfdan ürək ağrısı ilə.

Haqqında Əkinçi