25 Sentyabr, 2017 - Bazar ertəsi

Toğrul Bağırov

Möhtərəm parlament əzası!
Bu gün parlamentin fövqəladə iclası çağırmasına səbəb, iki fövqəladə hadisədir.
Bu iki məsələ bir-birinə o qədər mərbut, sıxı surətdə əlaqədardır ki, bunları
bir-birindən ayırmaq qabil deyildir. Bunlardan biri bir neçə gün bundan qabaq
vaqe olmuşdur. O biri isə bir neçə müddət bundan qabaq başlamış və indiyədək
davam etməkdədir. Hamınıza məlumdur ki, iki həmsayə qövm olan gürcü və erməni
millətləri arasında əlaqə pozulub. Hətta müsadiməyə müncərr olmuşdur. Rəsmi surətdə
elani hərb edilməmiş isə də, müharibə qeyri-rəsmi surətdə başlanmışdır. Yenə də
qan çay kimi axır. Köylər dağılır, şəhərlər yanıb dağılır, yenə də toplar
partlayır, yüzlərlə adam top və mitralyoz qurbanı olur. Guya beş sənəlik
müharibədən vəhşilər doymamış, guya beş sənəlik qitaldan bayquşlar qane olmadı. Biz müsəlmanların nümayəndələri, firqələri Tiflisdə, Seymdə ikən demişdik ki, həmsayələrimiz ilə sülh və müsalimətlə
yaşamaq istəriz. Bu quru söz olmayıbsa felən işlərimiz ilə də isbat etmişik.
Gürcü qonşularımız da bu fikirdə idilər və belə də siyasət yürütməyə çalışırdılar.
Qonşumuz olan ermənilərin bəzi məsuliyyətsiz dəstləri vəhşiliklərini yürüdərək
təqsirsiz gürcü qonşularımızın hüququna təcavüz edirlər. Məsələn, Gəncənin üç qəzasında
Ağdam, Şuşa, Cəbrayıl və Zəngəzur mahallarında, Tiflisin Sənaen tərəflərində
toplar partlayır, qurşun yağır. Həmin bu iki məsələdir ki, bizi buraya cəm
olmağa vadar etdi. Bu münasibətlə əvvəl Şuşa məbusları və sonra da sosialistlər
fraksiyası hökumətə müraciətlə istizah etmişlərdir. Müsaidənizlə oxusunlar.

Əhməd Cövdət (oxuyur) – Bu axır vaxtlarda varid olan xəbərlərə görə Andranik
təhti-komandasındakı qoşun ilə Azərbaycan Cumhuriyyətinin hüdudunu keçib, Zəngəzur,
Şuşa və Cəbrayıl qəzalarında bir çox kəndləri xarab edib, köməksiz xalqı bəzən
qırıb, bəzən də səhralara salırlar. Bu əhvalat hökumətə məlumdurmu? Əgər məlum
isə nə binaküzarlıqda olubdur.

Sədr -İstizah verənlər bunun təcili surətdə müzakirəsini istəyirlər. Hər kəs bu barədə
danışmaq istəyir. Məhərrəmov, buyurun!

Məhərrəmov (yerindən) – Bu istizahani müzakirədən əvvəl hökumət cavab verməli
idi. Sədr – Siz buyurunuz, görək, təcili surətdə müzakirə olunmasını istəyirsinizmi?

Məhərrəmov – Əlbəttə, təcili surətdə olmalıdır.

Sədr – Buyurunuz, kürsüdən söyləyiniz.

Məhərrəmov – Möhtərəm parlament məbuslarına məlumdur ki, axır vaxtlar Qarabağ, Cəbrayıl və Zəngəzur
uyezdlərindən bir çox teleqraflar gələrək, orada icra olunan vəhşiliklərdən əhali
şikayət etməkdədir. O yerlərdə Andronik dəstələri bir çox köylər dağıdıb, evlər
xəraba qoymuşdur. Biz xahiş ediriz ki, hökumət bu xüsusda nə kimi təşəbbüsatda
bulunduğu halda məlumat versin.

Sədr – Məsələnin
təcili surətdə müzakirəsinə etiraz yox isə təklif edilir. (rusca tərcümə edir).
Təklif qəbul edilir. Söz rəisi vükəlanındır.

Fətəli Xan Xoyski – Zəngəzur əhvalatı təzə bir şey deyil. Bu çoxdan başlamış bir işdir.
Burada oturan məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən
Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ iyul ayında Andranik başına
bir dəstə çiteçi yığaraq İrəvan quberniyasından Gəncə quberniyasının hüduduna
keçdi. Buranı deməliyəm ki, Andranik Türkiyə təbəəsidir. O vaxt Azərbaycan
hökuməti hələ Gəncədə ikən erməni hökumətinə müraciətlə isticvab etmişdi ki,
Andranik sizin tərəfinizdən iş görür, yoxsa bu hərəkətlər onun öz təşəbbüsüdürmü
və onun qoşunları erməni hökumətinə tabedirmi, yoxsa onun hərəkətləri, şəxsi təşəbbüsləri
və adi üsyan kimidirmi? Erməni hökuməti
cavab verdi ki, Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi yoxdur, özü də bir
asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını
istəyir. Fəqət, gücü yoxdur, iş görə bilmir. Sizə məlumdur ki, Andranik iyul
ayında Zəngəzur mahalında böyük fənalıqlar yaparaq bir çox köylər dağıtdı, nəhayət
Şuşa qəzasına keçərək Əsgəran yolunu bağladı. O zaman böyük fəlakətlər çıxırdı.
Fəqət Azərbaycan hökumətinin əsgəri qüvvəsi o zaman yalnız Bakı məsələsinə münhəsir
idi. Ona görə də ancaq Gəncədən iki dəfə erməni, müsəlman deliqasiyonu göndərdi.
Lakin bundan bir şey çıxmadı. Andranik öz işində dəvam edirdi. Sentyabr ayında
Bakı alınandan sonra hökumət buraya köçdü və dərhal bu məsələyə diqqət verərək,
özünə borc bildi ki, Andranik məsələsinə xitam versin. Ona görə də çeteçilər
müqabilinə bir miqdar əsgəri dəstə göndərdi. Qoşunumuz müharibə nəticəsində
Andraniki Əsgərandan çıxarıb, tamam Şuşa uyezdindən və Zəngəzur mahalının çox
yerindən qovdu. Andranik qaçdı. Demək istəmədiyim bəzi səbəblərə görə biz
bundan sonra artıq yürüşümüzü dəvam etdirə bilməz idik. Bu oktyabr ayında idi.
O zaman sakitlik hökmfərma idi. Andranik Gorusda idisə, heç bir fəaliyyətdə
bulunmurdu. Noyabrın ortalarında işlər tamamilə dəyişdi və müttəfiqlərin təklifinə
görə türk əsgərləri Azərbaycanın hər yerindən çıxıb getdi. Ovza dəyişib əhval
qeyri-müəyyən oldu. Noyabrın 20 və 23-dən sonra Andranik yenə baş qaldırıb,
ayın 25-dən sonra fəlakətlər çıxarmağa başladı, böyük xətalar əmələ gəldi. Bu
xüsusda mənə gələn teleqramlar qəzetlərdə vardı, hamınıza da məlumdur ki, Zəngəzur
malahında nə qədər kəndlər dağıldı, yandı, əhaliyə nə qədər böyük zərər və xəsarətlər
dəydi, şübhəsiz ki, bu işlərə hökumət laqeyd baxa bilməzdi. Biz öz tərəfimizdən
lazım və mümkün olan qədər çalışıb tədbirlər gördük. Onların müqabilinə əsgəri
qüvvə göndərilməsi barəsində teleqrafən binagüzarlıq etdik. Eyni zamanda borc
bildim, müttəfiqlər nümayəndəsi general Tomsona məlumat verim.

Çünki, o mənə də deyib, qəzetlərdə də xəbər veribdir ki, müttəfiqlərin məqsədi Qafqaziyada sülh
və müsalimi dəvam etdirməkdir. Binaən-ileyh mən teleqramların bir surətini və
bir məktub general Tomsona göndərdim. Tomson dərhal ənvan tədbirlər görməyi
vacib bildi. Mən general Tomsona məktubu ancaq xəbərdarlıq kimi yazmışdım, daha
yazmamışdım ki, təvəqqe edirəm, bizə kömək edin. O, özü lazım bildi ki,
Qarabağa bir heyət göndərsin ki, onun məktubunu Andronikə yetirsin. Heyət
ingilis, müsəlman və erməni nümayəndələrindən ibarət idi. Bundan əlavə Tomson
bir çox teleqramlar çəkdi. Noyabrın 27-də bu deleqasiya Şuşa və Zəngəzura əzimət
etdi. Bir neçə gün Şuşada qalıb heyəti ümum qəza əhalisinə təklif etdi ki, əmin
və asayişlə yaşasınlar və xəbər verdi ki, ingilislər və onların müttəfiqləri
heç bir vaxt xəta və iğtişaş törətməyə razı olmayacaqlardır. Bir neçə gün Şuşada
qaldıqdan sonra deleqasiya Zabuğ deyilən yerə getdi ki, haman yerdə müharibə
gedirdi. İngiltərə nümayəndəsi Andranikin yanına gedib məktubu vermiş və
bildirmişdir ki, asayiş bərpa edilməsə bütün məsuliyyət onun öhdəsinə düşəcəkdir.
Bundan əlavə Tomson bir neçə teleqramlar daha vurdu, çünki o zaman
ermənilər çox yerdə baş qaldırıb Gəncə, Qazax, Cavanşir və Cəbrayıl qəzalarında quldur dəstələri
kimi iş görürdülər. Hər yerdə Tomson teleqramlar çəkdi və eyni məzmunda
Andranikə məktub yazdı, məktubu mən görmüşəm. Ancaq özlərinin dediklərinə görə
bu məktub bu məzmunda imiş: Hamı ermənilər öz yerlərində sakit oturub, hücum və təcavüzatda
bulunmasınlar. Hərgah ermənilər tərəfindən belə hərəkət baş verərsə, məsuliyyət
təmamən onların öhdəsinə düşəcəkdir. Bundan sonra general Tomson teleqrafən və
məktubən Şuşa və Zəngəzura göndərilmiş heyətə Tərtərə və başqa qəzalara getməsini
təklif eyləmiş, onların məzmunu belə imiş. (Oxuyur). Mən sizə ərz eləyirəm ki,
bu işlərdən sonra iki-üç günlük sakitlik oldu. Elə bil ki, heç şey yox imiş.
Daha Zəngəzur və Şuşa uyezdlərindən bir xəbər gəlmədi, hamı da arxayın oldu. Fəqət,
yenə iki-üç gün keçmədi ki, teleqram, teleqram üstündən gəlməyə başladı ki, Andranik baş qaldırıb, ermənilər
ilə bərabər yenə öz hərəkatında davam edir. Müsəlmanlar ingilis heyətinə
inanıb, öz səngərlərindən çıxıb getmişlər. Ermənilər haman saat başlamışlar kəndləri
yandırıb dağıtmağa, belə ki, arvad-uşaq dağlara, meşələrə dağılıb səfil-sərkərdan
qalmışdır. Bu xəbər belə yetişən kimi bizdə olan hər növ tədbirləri gördük və
dekabrın 3-də Tomsona belə bir məktub yazdım. (Oxuyur). Aldığımız teleqramların
surətini məktubla göndərmişəm. Teleqramları oxumağa ehtiyac yoxdur, çünki qəzetlərdə
çap edilmişdir. Biz öz tərəfimizdən qoşun qüvvəmizi onun qarşısına göndərməklə
bərabər Tomsona da təklif etdik ki, bu barədə tədbirlər görsün. Tomson Zəngəzura
təzədən heyət göndərməyi lazım bilib, mənə də xəbər verdi ki, bu dəfə heyət əvvəlki
kimi olmayıb, bir qədər əsgəri surətdə olmalıdır. Ona
görə də iki zirehli avtomobil, on beş ingilis əsgər və zabiti, bir nəfər bizim
nümayəndəmiz Rüstəmbəyovdan ibarət olaraq heyət göndərdi və Andranikə yenə
kağız göndərdi. Heyət hələ qayıtmayıb, kim ilə görüşüb, nə ediblər, hələ bilmirik.
Şuşadan ətrafa getmələri haqqında hələ bir xəbər yoxdur. Bu barədə məlumatlar
olar isə borcluyam ki, sizə xəbər verəm. Burasını ərz etməməliyəm ki, bu müddət
arasında qəzetdə də oxuduğumuz üzrə bir xəbər çıxdı ki, guya Tomson tərəfindən əvvəl
dəfə göndərilən heyət və məktub ilə guya Tomson Qarabağın ixtiyarını və idarəsini
Andranikə tapşırmış imiş. Şübhəsizdir ki, əgər belə olsa idi, burası bizim üçün
böyük bir iş idi. Əgər burası belə olsa idi, onda hökumətimizin kökünə əl
atılmış olur, bu iş Azərbaycanın hüququna təcavüz olur idi. Halbuki, biz var-qüvvəmizlə
Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyiz ki, kənardan
gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər. (Alqış).

Hökumət aşkar baxa bilməzdi ki, başqası gəlib Azərbaycanda hakim olsun. Mən bu xəbərləri eşidib o
zaman təhqiqata başladım. Mən heç vaxt özümü inandıra bilməzdim ki, ingilis və
müttəfiqlər mədəni bir hökumət olduqları halda hüququmuzu, ixtiyarımızı belə
bir məqamda təpik vurub əlimizdən alır məqaminə gəlsinlər. Mən əminəm ki, belə
olmaz. Mənim fikrim dürüst oldu. Buna çox sübutlar var ki, sizə söyləmək istəmirəm.

Əmin ola bilərsiniz ki, Tomson tərəfindən qəzetlər yazdığı məzmunda Andranikə məktub yazılmamışdır.
Andranikə bayaq oxuduğum məzmunda Tomson tərəfindən məktub yazılmışdır ki, hamı
ermənilər öz yerlərində sakit oturub hücum və təcavüzata bulunmamalıdırlar. Hərgah
ermənilər tərəfindən belə hərəkət baş verər isə məsuliyyət bütünlüklə öhdəsinə
düşəcəkdir. Tomson tərəfindən yazılan kağız bu məzmunda olmuşdur. Qəzetlərdə
yazılan yanlış məktuba həmin qəzetlər vasitəsilə etiraz olacaqdır. Qarabağa
zirehli avtomobillər və əsgərlər ilə heyət gedən vaxtda istərəm Tomsona yazıb xəbər
verəm ki, Qafqaziya əhalisi bu tövr heyətləri çox görmüşdür. Bunlar ilə iş düzəlməyib
nəticəsiz qalacaqdır. Burada iş görmək üçün söz ilə deyil, başqa yol ilə təsir
etməlidir. Göndərilən heyətin nə iş gördüyü və nəticəsi məlum deyildir. Məlum
olduğu üzrə heyət Şuşaya çatıb və oradan keçmiş də olsun. Görünür ki, ermənilər
öz hərəkətlərində dəvam edirlər. Neçə gün əvvəl alınan teleqramları oxuyalım.
Bu teleqram kanun əvvəlin 14-də alınmışdır. Sabahı dəxi belə bir teleqram gəlmişdir.
(Oxuyur).

Deyilənlərdən əlavə bir çox digər teleqramlar da vardır ki, erməni hərəkatının davamını göstərir.
Sizə məlum olduğu üzrə ingilis və müttəfiqlər ilə lazım olan tədbiri görmüşəm və
indiyə qədər erməni hərəkatı haqqında alınan məlumatı müttəfiqlərə göndərmişəm.
Bunlardan savayı indi öhdəmizdə öz vəzifəmiz vardır. Bacardığımız qədər tədbirlər
ittixaz olunubdur. General Tomsona lazım gələn məktublar yazılıb, əsgəri qüvvələrimizin
silah gücü ilə hərəkət etməsi əmri verilib, bir çox başqa tədbirlər də
görülmüş, onların hamısını burada söyləməyə lüzum görmürəm. Andranikin başında
olan dəstə çetə və quldur dəstəsindən ibarətdir. Bunların nə fikirdə olduqları
və bu fikrin də müəyyən olduğu məlumdur. Bunların aşkar fikirləri budur ki, Zəngəzur
və Şuşa uyezdlərini Azərbaycandan ayırıb, Ermənistana mülhəq etsinlər.
Bacardıqları qədər bu yolda işləyirlər. Bunların qarşısına qüvvə göndərdikdə bir müddət sakit olub, yenə fürsət tapdıqda öz fikirlərində sabit olub əməllərinə nail olmaqdan ötəri işə başlayırlar. Azərbaycan
hökuməti nə keçmişdə, nə də indi ixtilaflı məsələləri silah gücü ilə həll etmək
arzusunda olmamışdır. Hərgah belə bir məsələnin həlli üçün silaha sarılmaq lazım gəlmiş isə də,
biz özümüz deyil, bizi məcbur etmişlər. İxtilaflı sərhəd məsələlərinin sülh
yolu ilə həll olunmasını təklif etmişik. Başqaları ilə hər bir məsələni sülh ilə
həll etməyə çalışmış, Azərbaycanda nə erməni, nə müsəlman, nə də başqalarının
qanı tökülməmək üçün əlimizdən gəldiyi qədər səy etmişik. İndi də heyət göndərib
məsələlərin sülh ilə həll olunmasına mümkün qədər çalışmalıyıq. Lazımi təqdirdə
silaha sarılsaq, hamı bunu bilir ki, bizi belə vəsiləyə əl uzatmağa məcbur
ediblər. Hökumət tərəfindən ərz edirəm ki, mümkün qədər zərərsiz, qansız, sülh
ilə hər məsələnin xitamə yetməsinə çalışmaq, hökumət şimdi də belə müamilədə
bulunacaqdır. Əks surətdə hökumət özü, öz gücü ilə, qüvvəsilə Azərbaycan Hökumətini
hər bir təcavüzdən mühafizə edəcəkdir. (Mərkəzdən, sağdan alqış).

Sədr – Söz Əhməd Cövdətindir.

Əhməd Cövdət – Əfəndilər! Bugünkü iclasın təcili surətdə çağırılmasına səbəb iki məsələ
haqqında Məclisi-Məbusan sədrinə sosialistlər namindən verilən məktub olmuşdur.
Bu iki məsələnin həlli bütün Zaqafqaziya demokratiyası üçün mühümdür. Bu iki məsələ
bir-biri ilə əlaqədardır. Birinci məsələ Qarabağ hadisatı və ikincisi isə
Gürcüstan ilə Ermənistan arasında vaqe olan müsadimədir. Qarabağ məsələsi
ikinci məsələ ilə mahiyyətcə əlaqədar və şəkilcə birdir. Fəqət, biz Qarabağ məsələsini
əlahiddə qoymuşuq. Qarabağda məlum olduğu üzrə 3-4 aydır ki, sakitlik yoxdur.
Andranik başına bir dəstə cəm edib kəndləri dağıtmaqla məhv və tələf etməkdədir.
Andranik üzərinə hökumət qoşun dəstələri tərəfindən hücum olduğundan Andranik çəkilməyə
məcbur olub, sonra da yenə də öz işinə başlayır. Bunlar nə üçün olur? Dəstə
başında duran kimdir? Məqsəd nədir? Andranikin məşhur olduğu məlumdur. Andranik
Türkiyədə çetebaşı idi. Osmanlılar ilə uzun müddət müharibə etmiş, müsəlman və
erməni qanlarının tökülməsinə səbəb olmuşdur. Avropa müharibəsi başladıqda
Andranik Qafqaziya cəbhəsində Türkiyə əleyhinə mübarizədə bulunmuşdur.
Andranikin məqsədi Osmanlı ermənilərinin haqq və hüququnu müdafiə etmək idi. Hərb
zamanında bunun hərəkatı hərbə yaraşan sifətdə olmamışdır, bunun zülmü hər yerdə
məlumdur. Qəzetlərdə bu barədə bir çox dəfələr yazılmışdır. Sonra Andranik İrəvan,
Naxçıvan və Ordubad mahallarına və oradan da İrana keçmişdir. Yolda müsəlman kəndlərini
dağıdıb xarabazara döndərmişdir, hər tərəfdən qovulmuş olduğundan axırda
Qarabağa gəlmişdir. Andranikin dediyi nədir? O deyir ki, mən buranı Ermənistana
tabe etmək istəyirəm. Hökumət rəisi dediyi kimi Andranikin kim olduğu erməni
hökumətindən sorulduqda, Ermənistan hökuməti onunla əlaqədar olmadığını və onu
bir quldur kimi tanıdığını deyib, onunla bildiyiniz kimi rəftar edin deyə cavab
vermişdir. Andranikin qarşısına əsgəri qüvvə göndərildikdə geri çəkilib sakit
olmuş, qarşıdakı qüvvə azadlıqda yenə baş qaldırıb kəndləri dağıtmağa
başlamışdır. Andranik Türkiyə ermənisidir. Bura erməniləri ilə əlaqədar
deyildir. Odur ki, onun tökülən qanlara heyfi gəlmir. Bu dağılan xanimanalara
ürəyi yanmır. Burada bir şey demək istərəm. Özü insaniyyət düşməni olmaqla bərabər
Andranik bir tək müsəlman kəndlərini deyil, bəlkə erməni kəndlərinin də
dağılmasına səbəb olur. Burada gizli bir məsələ vardır. O da Qarabağ mahalının Ermənistana ilhaq edilib Azərbaycan
idarəsi təhtində olmasına mümaniət göstərməkdir. Bu fikir ermənilərin baş firqəsi
olan daşnakasakanların məramidir. Bu firqə hətta Petroqrada Zaqafqaziyanın təqsim
edilməsi məsələsi həll edildikdə bir layihə (proje) təqdim edib Zəngəzurun Ermənistana
ilhaqini tələb etmişlər idi. Bu məsələyə Tiflisdə baxılıb əmələ və saldat vəkilləri
şuralarının nahiyə mərkəzi tərəfindən rədd edilmiş idi. Torpaq və sərhəd məsələlərini
həll etmək üçün bir komissiya təşkil edilmişdi. O zaman bu millətlər ayrılıb hökumət təşkil etməmişlərdi. Məsələ
ümumi bir məsələ idi. İndi isə bu hökumət məsələsi olmuşdur. Hərçəndi ki, Ermənistan hökuməti rəsmən bizə,
“Qarabağda işimiz yoxdur, Qarabağı istəmirik və Andranik ilə əlaqəmiz
yoxdur” deyir, lakin işlərin mahiyyəti bundadır. Əfəndilər, bizim firqəmiz
və ümum sosialistlər cəmaətin və bütün kəndlilərin mənfəətini nəzərə almışdır. Biz hər
vaxt böylə məsələlərin silah gücü ilə deyil, sülh ilə həll edilməsinə
çalışmışıq, bu məsələlər yenə sülh vasitəsilə həll edilməlidir. Bu gün cahan
müharibəsi bitmiş, bir çox qurbanlar verildi. Lakin dövlətlər arasında olan məsələlər
həll olunmadı. Bunların həlli üçün ümumi konfrans olacaqdır. Cəmiyyəti-əqvam təşkil
olunacaqdır. Bu gün hər bir tərəf məsələlərin silah gücü ilə həll olunmasını
görür. Hərgah Azərbaycan ilə Ermənistan və Gürcüstan arasında hərb olur isə
bura millətləri məhv olurlar. Bu, hərb, hərb deyildir. Çünki müharibə edən
bütün dövlətlər öz aralarında hərb qanunu gözləyirlər. Müharibədən sonra hər iki
dövlət təbəəsi sülhdən sonra yenə dövlət ola bilir. Lakin Qafqaziyada vaqe olan
bu müharibə millətləri zəhərləyib, özlərini fəlakətə düçar edər. Qafqaziya müharibəsi
rəsmi müharibəyə bənzəməz. Qarabağda dava olur, erməni müsəlman ilə vuruşurlar.
Böylə müamilələrin bitməsini tələb ediriz. Bizim fikrimiz məsələlərin həlli ilə
orada yaşayan millətlərin gözəl surətdə idarə olunmaları idi. Erməni və müsəlman
üçün istər Ermənistanda, ya Azərbaycanda yaşamasının heç bir təfavütü yoxdur.
Əlbəttə, bu millətdən ötrü öz iradəsi altında yaşamaq daha yaxşıdır. Fəqət, həyat
məsələsi araya gəldikdə bu fikirlərdən əl çəkilməlidir. Qarabağda bir tək müsəlmanlar
deyil, ermənilər də zərər görürlər. Teleqramlarda müsəlmanlar döyülür isə də,
ermənilərə də xəsarət toxunması aşkardır. Vükəla rəisinin oxuduğu axırıncı
teleqramlardan görünür ki, Qarabağda məhəlli ermənilər də müharibə əleyhinədirlər.
Bu gün bir müsəlman kəndi, sabah bir erməni kəndi dağılmaqdadır. Buralarda
yaşayanlar hamısı insanlardır. Hər iki tərəf zərər görüb, can tələf olur. Bizim
təklifimiz bu məsələləri silah ilə deyil, sülh ilə müəyyən bir məqsədi vardır.
O da erməni ünsürünü Azərbaycandan ayırıb, Ermənistana tabe etməkdir. Lakin belə
olsa, onu yenə sülh yolu ilə etmək olardı. Lakin o sürə ki, Andranik başlamış,
belə olmaz. Bizim fikirlərimiz burada yenə bu işi sülh ilə bitirməkdir. Rəisi-vükəla
söylədi ki, göndərilən nümayəndələrdən bir fayda çıxmamışdır. Fəqət, zənnimcə
mürəxxis heyətlərindən bəzən ziyadəsilə faydalar çıxır. Madam ki, erməni cəmaətinin
burada razılığı yoxdur, deməli mürəxxislər heyətlərindən bir fayda çıxar. Bir
vaxtlar Andranik ingilis qulluğunda olurdu, onlardan pul alırdı. Məlum ki, bir
qədər də ingilislərin sözünə qulaq asa bilir. Deməli ki, onların vasitəsilə
Andranikə təsir yetirmək mümkündür. Gərək onu Zəngəzurdan çıxaraq, əks halda nə
müsəlman, nə də erməni xalqı rahat olacaqdır. Amma əfəndilər, biz belə nümayəndələr
göndərmək tərəfdarı olmaq ilə bərabər, ondan istəriz ki, bu məsələnin sülh üzrə
həll edilməsi təşəbbüsü ermənilər tərəfindən görülmüş olsun. Ancaq biz buna tərəfdar
ikən Qarabağda olan tufana, evlərin dağılmasına, ailələrin kəsilməsinə göz
qapaya bilmərik. Qarabağda, bu kimi yerlərdə olan və müsəlman cəmaətini müdafiə
etmək üçün hər vaxt qüvvəmiz hazır olmalıdır. (Alqışlar.) Oraya iki zirehli
avtomobillərin getməsi azdır. O yerdə ingilislər qüvvəsinin oraya getməsini biz
istəməz idik. Biz oraya Azərbaycan qüvvəsinin getməsini istər idik. (Alqışlar).
Oraya gedən qüvvə cəmaətin öz içindən çıxmış olsun. Gərək, cəmaət anlasın ki,
ora gedən qüvvə onun hüququ müdafiə edəcəkdir. Biz nə qədər hərb tərəfdarı
olmasaq da fəqət, bu vaxtda qüvveyicəbriyyənin bütün-bütünə Qarabağda icra olunmasını rədd etməyir, istəriz.

Sədr – Söz Mahmudov Mustafaya verilir.

Mahmudov Mustafa – Möhtərəm məbuslar! Qarabağ məsələsi barədə o ki, lazım idi söylədim.
Bu barədə sizin fikrinizi bir nöqtəyə cəlb edirəm. Rəisin və natiqlərin nitqlərindən
bu anlaşıldı ki, Andranik ilə guya erməni xalqı arasında heç bir əlaqə yoxdur.
Andranik bir Türkiyə təbəəsidir ki, işi bir çete düzəldib müharibə etməkdir. Bəs
belə olanda kimdir o? (Soldan: daşnaq). Belə olanda onun tutulub öldürülməsi
lazımdır. Bu bir quldur, bir asidir. Lakin belə bir adam ilə müttəfiqlər nümayəndəsinin
mərsulu görünür. Və ona görə Qarabağ ətrafının mühafizəsi tapşırılır. Doğrudur,
bizi rəisi-vükəla inandırır ki, onunla belə bir irsal-mərsul heç olmayıbdır. Fəqət,
o kimdir və nədir ki, həm özü sakit olsun və həm də cəmaəti mühafizə etsin. Əgər
böylə isə bunun ağır nəticələri ola bilər.
Sədr – Rəisi-vükəla
elə bir irsal mərsulun olmadığını söylədi. Andranikə sakit olması əmr
olunmuşdur. (Doğrudur, alqışlar).

Mahmudov – Çox gözəl, arzu olunar idi ki, bu irsal mərsul olmaya idi. Bu məsələ barəsində
müsavat fraksiyası tərəfindən qəbul olunmuş və parlamana təklif olunan qərarnamə
budur. (Oxuyur). Vaqe olan istizahə cəvabən hökumət rəisinin Qarabağ məsələsi və
bu vilayətdə vəhşiliklər icra edən Andranik çetesi haqqında verdiyi izahatı
dinləyərək Azərbaycan Məclisi-Məbusanı vətənin təkmamiyyətimülkiyyəsi, Azərbaycan
Cumhuriyyəti əhalisinin təmini-əsayişi və hürriyyətinə aid olan bu məsələdə bu
vaxta qədər görülmüş olan tədbirlərdən əlavə hökumətin daha şiddətli və daha qəti
siyasi və əsgəri tədbirlər icrasında məbusan heyətinin daima himayəti etibarinə
məzhər olmağını bəyan ilə növbədəki məsələlərin müzakirəsinə keçir.

Sədr – Söz Vinoqradova verilir.

Vinoqradov – (rusca)

Sədr – Daha natiq olmadığından müsavatın bu təklifini səsə qoyuram.

Şeyxülislamov (yerindən) – Söz veriniz.

Sədr – Danışmaq istəyirsiniz?

Şeyxülislamov – Bəli, söz istəyirəm.

Sədr – Buyurunuz.

Şeyxülislamov – Möhtərəm Məclis əzaları! Bizim sosialistlər mənə bir ağır vəzifə vermişdir.
Bu vəzifə bir millətin təqsirləndirilib, o birini müdafiə etmək deyil, borcum
deməkdir ki, həqiqəti ayaqlayırlar. Qafqaziya millətləri Rusiya inqilabından
sonra öz muxtariyyətlərini əllərinə aldıqda bir yerə toplanıb, öz müqəddəratlarını
qüvvətli bir əsas üzərində tikib gözəl surətdə qurmalı idilər. (Soldan:
düzdür). Fəqət, bu olmadı. Qafqaziya millətləri içində milli şovinizm baş qaldırır.
(Soldan: düzdür). Yenə də qanlar çay kimi axıdıldı. Biz sosialistlər bu qiyamətləri
qoparanlara qarşı öz etirazımızı buradan bəyan edirik. Əgər bunların qabağı
alınmaz isə Qafqaziya qitəsi Balkan yarımadası kimi qan dəryasına dönə bilər.
Burada görünür ki, balaca millətlərdə böyük impizm vardır. (Soldan: düzdür).
Necə ki, Əhməd bəy yoldaşımız söylədi. Burada dava olmayır, fəqət, burada
bir-birini düşünməməzlik var. Hökumət rəisi burada deyir ki, burada hökumət
çalışır. Amma biz bunu qəbul etməyəcəyiz. Hərgah çalışılsa idi, böylə qital
qurtarmış olar idi. Əsl məsələ hüdud məsələsidir. Bu məsələdən ötəri qanlar tökülür.
Burada hökumət rəisi deyir ki, biz Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi
olmadığını xəbər almadıq. Lakin mən bununla razı olmaram. Zira dağlar başında
yaşayan xüsusi dəstlərin bir-birilə dava edib qan tökməsi, özü-özündən vücuda gəlməsinə
heç bir vaxtda inanılmaz. Məlum olur ki, bu hərəkətin bir hazırlanmış layiləsi,
projesi vardır ki, Sinaen dağlarından Şuşa dağlarına təkin toplar guruldayır,
qanlar sel kimi axır. Bu layihə ermənilər üçün böyük əhəmiyyəti haiz daşnaq
firqəsi tərəfindən hazırlanmışdır. Çünki demokratik müşavirəsində Tiflisdə
aşkar oldu. Burada daşnaqlar dəstələri hüdud proqramı müşavirədə göstərəndə ona
baxdılar, qəbul edilmədikdə, onların nümayəndəsi (Kirçikyan) söylədi ki, bu
proqram qəbul edilməz isə, onlar bir də müşavirədə iştirak etməyəcəklər. İndi
Azərbaycan və Sinaen dağlarında tökülən qanlar onun nəticəsidir. İnsaniyyət
nöqteyi-nəzərindən baxılsa, bu proqram qəbul ediləsi bir şey deyil idi. Biz də
heç bir zaman razı olmarız ki, Azərbaycan yerləri onların proqramları ilə Ermənistana
verilsin. Biz zənn ediriz ki, bu axıdılan qanların günahı milli firqələrin ümum
demokratiyanın qabağında cavab da alacaqlar. (Alqış). Cavab da verməlidirlər.
Biz gərək çalışaq ki, qan tökülmədən bu hüdud məsələsi sülh təriqilə həll
bulsun. Bu yolda işləməyi də gələcək hökumətdən tələb edəcəyiz. Bu qiyamətləri
qoparan, bütün Qafqaziya sülhünü pozan, qanlar ilə dağları boyayan ancaq
daşnaqlar firqəsi olmuşdur. Məəttəssüf burada daşnaq yoxdur ki, mən açıq sözümü
onların üzünə deyim. Gərək hökumət ermənilər ilə əlaqə peyda etsin. Ona görə
oraya səfir göndərmək və çalışmalı ki, onların da burada səfirləri olsun. Biz
sosialistlər müharibəyə zidd olduğumuz ilə bərabər, rəsmi bir müharibəyə
şükür etməliyiz. Çünki orada dinc əhalinin hüququnu mühafizə edici qanun
vardır. Burada isə müharibə deyil, qoca, qarı, övrət, uşaq qırılır. Dinc əhalinin
xanimanları dağılıb, özləri çöllərə buraxılır. Bizim parlamana qəti təklifimiz
budur ki, hökumət ermənilər ilə əlaqəsini aşkar edib sülh üzrə bu məsələni həll edib
qurtarsın. Biz zənn ediriz ki, bu yaxında Qafqaziya millətlərinin konqresi vaqe
olacaqdır və ümum Qafqaziya millətləri bir-birilə əlaqəni sazlaşdırıb bir
konfederasiyon meydana gətirəcəklərdir. Əgər belə olsa, nahaq qanlar tökülməyəcək.
Onu da xahiş edəcəyik ki, kənardan qüvvət almağa çalışmayıb, Azərbaycan
buradakı olan millətlərin fikirləri ilə həmrəy olmalıdır.

Sədr – Söz
Qara bəy Qarabəyovundur.

Qarabəyli Qara bəy – Möhtərəm məbuslar! Rəisi-vükəlanın verdiyi izahatdan görünür ki,
hökumət lazım gələn tədbirləri görmüşdür. Biz də buna inanmalıyız ki, bu hökumət
buna etidal dəm ilə baxmazdı. Fəqət rəis deyir ki, əlimizdə olan qüvvət
ilə nə qədər lazım idi çalışıb və yenə də çalışacağız. Doğrudanda əllərində nə
qədər qüvvələri var isə çalışıblar. Fəqət, bununla bərabər Qarabağda Andranik dəstəsi
tərəfindən müsəlman kəndləri dağılmada, evlər, xanimanlar bərbad olmaqdadır.
Arvad, uşaqlar qaçır. Rəisi-vükəla bunların bir daha olmayacağını bizə təminat
vermədi və bir təminat da verə bilməz idi. Biz də bundan artıq təxmin edə bilməriz.
Zira bir adam əlində olan qüvvət qədər iş görə bilir. Bu qüvvənin olmağını bilməklə
bərabər mən vətənimi də çox istəyirəm, millətimi də çox istəyirəm. Vətənimin
bir qarışını ermənilərə vermək istəmirəm. Görükdə ki, ingilislər oraya nümayəndələr
göndərdilər, bir iş görüldüyü hələ yoxdur. Deməli, bizim öz qüvvəmiz olmalıdır.
Əlimizdə olan qüvvənin həpsini əldə etmək lazımdır ki, bunların qarşısını
özümüz alalım. (Mərkəzdən: Səhihdir, doğrudur). Hökumətə
gərək deyək, onun əlində bir qüvvə olmalı idi, gərək bu vaxta kimi bir tədarük
oluna idi. Olmayıbsa da bundan sonra olunmalıdır. (Mərkəzdən: Səhih). Rəisi-vükəla
verdiyi məlumata görə razılıq etməklə bərabər parlament gərək qüvvə düzəltməyi
də ondan tələb etsin, taki Andranikin qabağını saxlaya bilək. Onun qabağını
indi də saxlaya bilməsək, bəlkə daşnakların layihəsində olan hüdudunda durmadı,
adlayıb bəriyə keçdi. Sonra gəlib əlimizdən Gəncəni də alar, o vaxt istiqlaliyyətimiz
də olmaz. Belə ki, qəti surətdə onun üçün indidən hazırlıq olsun gərək.
(Sağdan, mərkəzdən: alqışlar).

Sədr – Söz
Abdulla bəy Əfəndiyevindir.

Əfəndiyev Abdulla bəy – Möhtərəm məbuslar! Bu aləmşümul cahan müharibəsi
yavaş-yavaş qurtarmağa üz tutur. Ümum millətlər müharibə meydanından çəkildikdə
yavaş-yavaş bu müharibə dalğaları vətənimiz olan Azərbaycanı da
adlayıb keçmişdir. Vətənimiz bir çox müddət müharibə ağırlığı altında inləyir
idi. Nəhayət, dava yatırılaraq mütarikə elan edildi. Fəqət, bu mütarikə hələ
bizə qarşı ədavət göstərən millətlər və tərəflər bilkülliyyə vətənimizdən
çıxarılmamış əqd edildi. Bununla bərabər millətimiz bu mütarikəyə qane olmağı
lazım bilərək heç bir ədavətkaranə hərəkətdə bulunmadı. Bu fikir ilə ki,
qoşunlarımız ilə aramızda ixtilaflı məsələlərimiz həll edilməyib qalıb isə də eybi
yoxdur, sülh konfransında həll edilər. Biz tabe olduq və insaniyyət də bunu tələb
edir idi. Zira böyük millətlər, Avropanın möhtəşəm topları ilə həll edilmədiyi məsələyi
biz dəxi silah gücü ilə həll etməzdik. Biz belə zənn etdik ki, qonşularımız dəxi
mütarikəyə razı olacaq. Və olmalı milliyyələrinə tamamilə çatmayıblar isə, istədikləri
tamamilə hasil olmamışsa, bu məsələnin həllini onlar sülh konfransına mühəvvəl
edəcəklərdir. Məəttəəssüf, zənnimiz yanlış çıxdı. Zira az bir zaman keçməmiş
ixtilaflı məsələlərin həlli üçün Gürcüstan hökumətinin təşəbbüsü ilə Tiflisdə
bir konfrans dəvət edildikdə ermənilər gəlmədilər. Bu konfransda ixtilaflı məsələlər
həll olunaraq, ümumsülh konfransında Zaqafqaziya millətlərinin müttəhidən çalışıb,
kəndi istiqlaliyyətlərini müttəfiqən müdafiə etmək və Cumhuriyyətlərin təsdiqinə
çalışmaq üçün zəmin hazırlamalı idi. Lakin sonar dəvətə baxmayaraq Ararat
Cumhuriyyəti konfransa nümayəndə göndərmədi və nəticədə konfrans baş tutmadı.
Bununla aşkar oldu ki, erməni hökuməti Qafqaziya millətlərinin sülhçüyanə siyasətinə
ziddir. Biz yenə inanır idik ki, bu qədər danışdıqdan sonra yenə saziş hasil
olacaq. Lakin zənnimiz batil oldu. Son hadisat göstərir ki, bunlar saziş və
etilaf axtarmırlar. İxtilaflı məsələləri sülh təriqilə həll etmək istəmirlər.
Açıq deyəlim ki, hal-hazırda vaqe olan hadisə ən adi əsgəri plan ilə icra
olunan bir davadır. Sinaen ilə Qarabağ arasındakı vaqiə müəyyən məqsəd ilə müəyyən
plan üzərinə icra olunur. Burası quldur işi deyildir. Bunlar vəziyyətdən
biaistifadə naili məram olmaq istəyirlər. Biz bu hərəkətlərin müqabilinə var
qüvvəmizlə protest edək və hökumətimizdən dəxi tələb edirik ki, lazımı tədbirlər
görsün, mümkün olan qədər məsələnin sülh təriqilə həllinə çalışsın. Belə mümkün
olmaz isə sair çarələrə təvəssül etsin. Deyirlər, hazırda bizim qüvvəmiz
yoxdur. Lakin bu səhvdir. Millət böyük bir qüvvədir. Millət görsə ki, vətən və
istiqlalın müdafiəsinə durmaq lazımdır, dərhal çeteçilərin müqabilinə Cumhuriyyətimizi
müdafiə və mühafizə etməyə hazırdır. Hökumətimiz millətin belə hazırlığına
istinad edərək məsələni sülh ilə həll etmək mümkün olmasa, qüvvə müqabilinə
qüvvə çıxara bilər.

Sədr – Təklif var ki, bu xüsusda müzakirata xitam verilsin. Etiraz yox isə müzakirə kəsilir,
son söz hökumətindir.

Fətəli Xan Xoyski – Sosialistlərin birisi burada dedi ki, hökumətin gördüyü təbdbirlər
kafi deyildir. Çünki kafi tədbirlər görülsə idi bu vaxta təkin ixtilaflı məsələlər
sülh ilə həll edilərdi. Halbuki bu vaxtadək iş qurtarmamışdır. Fəqət, mən dedim,
yenə də deyirəm ki, hökumət var qüvvəsilə çalışmışdır. Hələ iyul ayında Azərbaycan hökuməti
qonşu millətlərin hamısına müraciətlə təklif etmişdi ki, sərhəd məsələsini sülh
yolu ilə həll etmək üçün bir komisyon təşkil olunsun və bu məsələnin bu
komisyon həll edə bilməz isə hakim təyin edilsin. O vaxt bizim təklifimizə bir
cavab çıxmadı. İkinci dəfə biz Gürcüstandakı səfərimiz vasitəsilə yenə təşəbbüsatda
bulunduq. Səfərimiz gürcülər ilə bahəm layihə hazırladı ki, Tiflisdə beynəlmiləl
Zaqafqaziya konfransı çağırılsın. Sizə məlum olsun ki, bu konfransın
çağırılmasını biz özümüz təklif etmişdik. Konfransın layihəsi hazırlandı, təşrini
saninin 10-na təyin edildi. Sonra 17-sinə, 20-nə, 30-na olmaq üzrə dörd dəfə təxir
edildi. Fəqət bununla bərabər konfransa gəlmədilər. Hökümət belə işləri təklif
edib, bu xüsusda yazar, xəbər verər, daha gedib özgə hökumətlərin qolundan
tutub gətirə bilməzdi. Bu surətlə hökumət çox çalışmışdır. Digər tərəfdən Qara
bəy deyir ki, əsgəri işlərə diqqət verilməmişdir. Xeyir, belə deyildir. Hökumət
bu xüsusda çox çalışmışdır. Bu xüsusda müfəssəl məlumat verməyi bəzi səbəblərə görə
lüzum görmədim. Bəlkə görülən işlərin nəticəsi hələ gözə çarpmır. Bəlkə deyilməyi
mümkün olmayan bəzi səbəblərə görə, bizim çalışmağımızdan elə bir nəticə
çıxmayıbdır. Lakin yenə deyirəm ki, bu barədə dəxi çox işlər görülübdür. Nələr
edildiyini bu gün parlament hüzurunda demək istəmirəm. Lakin, ancaq burasını
qeyd edirəm ki, bütün təşkilati işləri məşhur general Mehmandarova tapşırılmışdır
və əsgəri tədbirlər ittixazı üçün pul müzayiqə edilmir.

Sədr – İndi bir təklif var.

Məhərrəmov – Belə təklif var.

Əhməd Cövdət – Sosialistlər ittifaqı parlamentə belə bir təklif edir. (Oxuyur).

Məclisi-məbusanın sosialistlər fraksiyonu hökumət rəisinin Qarabağ mahalında Andranikin elədiyi
zülmlər və bunların əleyhinə görülən tədbirlərin haqqındakı izahatı kafi bilməyib,
həqiqi və qəti tədbirlər ittixazini tələb etməklə bərabər növbədəki məsələlərin
müzakirəsinə köçməyi təklif edir.

Sədr – “Müsavat” firqəsi də bu təklifi edir: (oxuyur.) Vaqe olan istizah və cəvabən
hökumət rəisinin Qarabağ məsələsi və bu vilayətdə vəhşiliklər edən Andranik
çetesi haqqında verdiyi izahatı kafi görməklə bərabər, Azərbaycan Məclisi-Məbusanı
vətənin təmamiyyəti mülkiyyəsi, Azərbaycan Cumhuriyyətinin heysiyyəti,
Cumhuriyyət əhalisinin təmini-asayişi icratına aid olan məsələlərdə görəcəyi
daha qəti siyasi və əsgəri tədbirlər icrasında məbusan heyətinin daima himayat
və etibarına məzhər olacağını bəyan ilə növbədəki məsələnin müzakirəsinə keçməyi
təklif edir.

Əhməd Cövdət – (Sosialistlərin formulunun rusca tərcüməsini oxuyur).

Sədr – (Müsavatın formulunu rusca tərcümə edir).

Qara bəy – “İttihad” firqəsi sosialistlərin təklifinə iştirak edir.

Sədr – Şimdi bu iki təklif (səsə) qoyulur. Birinci təklif müsavatındır.

Sədr – Əvvəlcə bu təklif varid olmuşdur. Binaən-ileyh onu səsə qoyuram.

Səfikürdlü – Məntiq sosialistlər təklifinin qısaca səsə qoyulmasını tələb edir.

Şəfi bəy – “Müsavat” firqəsi təklif edir ki, 5 dəqiqə tənəffüs elan edilsin, bəlkə
ümumi bir qərarnamə çıxarmaq mümkün oldu.

Sədr – 5 dəqiqə tənəffüs elan edilir.

Tənəffüsdən sonra.

Sədr – İclas davam edir.

Məmməd Əmin – Müsaidə ilə tənəffüsdə ümum fraksiyalar miyanında etilafla qəbul edilmiş bir
formayı oxuyuram. (Oxuyur). Vaqe olan istizaha cəvabən hökumət rəisinin məsələsi
bu vilayətdə vəhşiliklər icra edən Andranik çetası haqqında verdiyi izahatı
eşidərək Azərbaycan Məclisi-Məbusanı vətənin təmamiyyət mülkiyyəsini, Cumhuriyyətin
heysiyyəti və Cumhuriyyət əhalisinin təmini-asayiş və hürriyyətinə aid məsələlərdə
daha qəti və daha şiddətli siyasi və əsgəri tədbirlər görməsini qeyd edərək,
belə tədbirlərin icrasında daimi məbusan heyətinin himayət və etibarinə məzhər
olacağını bəyanla növbədəki məsələlərin müzakirəsinə keçməyi təklif edir.

Sədr – Bu təklifi eşitdiniz. Etiraz yox isə səsə qoyuram. Hər kəs bu təklifə razıdırsa əl
qaldırsın.
Səslər – Təklifi rusca tərcümə ediniz.

Sədr – Haman bayaqkıdır. Tərcüməyə ehtiyac yox, təvəqqe edirəm razı olanlar əl qaldırsınlar.
İttifaqı ara ilə təklif qəbul olunur.

Sədr – Şimdi ikinci məsələyə keçiriz.

Əhməd Cövdət – Sosialistlər tərəfindən verilmiş istizahı oxuyur. Bu vaxtlarda Tiflisdən
alınan xəbərlərə görə iki qonşu hökumət olan Gürcüstan ilə Ermənistan dövlətləri
arasında ixtilaf əmələ gəlib, qanlı toqquşmaya səbəb olmuşdur. Bu
vaqiənin Zaqafqaziya millətləri üçün böyük əhəmiyyəti olub, onları fəlakətlərə
düçar edə biləcəyindən müsəlman sosialistləri fraksiyonu bu məsələnin
parlamentdə müzakirə edilməsini və böyük lüzumu təşəbbüsatda bulunmasını təklif
edər.

Bir səs – Tərcümə ediniz.

Sədr (tərcümə edir) – Söz Səfikürdlü Aslan bəyindir.

Səfikürdlü – Əfəndilər! Avropa cahangirlərinin yürütdükləri siyasət nəticəsində bütün
Avropa, Asiya və sair qitələrdə yaşayan millətləri imperialism fikrinə xidmət
üçün bir-birilə vuruşdurdu. Bir yer qalmadı ki, dağılmasın. Sosialistlər yüz
illərdən bəri xüsusən, fransız inqilabından sonra deyirdilər ki, bu cahangirlik
siyasəti axırda belə fəlakət açacaq. Onlar görürlər ki, belə siyasət nəticəsində
analar oğulsuz, bacılar qardaşsız, oğullar atasız, uşaqlar sahibsiz qalacaq,
xalq çöllərə düşəcəkdir. Elə də oldu. Sosialistlərin o vaxt dedikləri şimdi eynilə
əmələ gəlmişdir. Avropa müharibəsi başlandı, şəhərlər dağıldı, köylər xaraba
oldu, uşaqlar sahibsiz, bütün ailələr yiyəsiz qalıb çöllərə düşdülər. Mədəni millətlərin
çoxu bunu anlamış idi ki, bihudə yerə böyük bir qoşun qüvvəsini uzaq məmləkətlərə
atmaq olmaz. Belə anlamazlıq nəticəsində idi ki, burada Rusiya bolşevizmi baş
qaldırdı heç gözlənilmədiyi halda Almaniyada dəxi bolşevizm hərəkatı başlandı.
Halbuki, heç gözlənilməz idi ki, alman milləti arasında bolşevizm intişar
tapsın. Bu hərəkətə səbəb verən yenə böyük dövlətlərin cahangirlik siyasəti
oldu. Cahangirlik fikirlə siyasət yürüdənlərin ən böyüyü Rusiya idi. Ərazisinin
böyüklüyünə, nüfuzunun çoxluğuna baxanda heç kəs zənn etməzdi ki, Rusiya bu qədər
zəif düşə bilər. Həmçinin Almaniyanın texnikasını nəzərə aldıqda hamı
deyirdi ki, Almaniya siyasiyyunu heç şübhəsiz cahangirlik politikasını yürütməkdə
müvəffəq olacaqdır. Amma şimdi görürsüz ki, məzkur dövlətin hər ikisi necə
dağıldı. Berlində hal-hazırda böyük nizamsızlıq olur. Bu saat Almaniyada
inqilab Rusiya bolşevizminin tərzilə cari olur. Hazırda hürriyyətimətbuat yoxdur. Həqiqət
haqda məlumat verilmir. Ancaq “yoffe”nin və bir çox sairələrinin Almaniyaya getməsi, ara bir alınan bəzi xəbərlərdən anlaşılır ki, bu saat Almaniya dəx Rusiya halındadır. Petroqradda nə olur isə eyni Berlində də olur.
Əgər Avropada sosializmin xəbər verdiyi bu amillərə inanmamış nə qalan qoşunu
uzaq koloniyalara göndərən və bu vaxta təkin inqilab girdabına düşməmiş bu iki
hakumət qalıbsa və ümid ediriz ki, onlar da bu yaxınlarda inqilab dövrünə daxil
olarlar. Böyük millətlər bu halda, bu fikirdə ikən cahangirlik çəkməsi altından
təzə çıxmış Rusiya qəhərindən yenicə qurtulmuş xırda millətlər birdən cahangirlik
fikrinə düşərək imperializm müharibəsi edirlər. Ümum millətlər ixtilaflı məsələlərin
qılınc gücünə həll edilməyəcəyinə inanmağa başladıqları bir zamanda bunları
ixtilaflı hərb ilə həll etmək istəyirlər. Biz əvvəlcə sinaində ermənilər ilə
gürcülər arasında müsadimə vaqe olduğunu eşitdikdə bunu əhəmiyyətsiz bir məhəlli
hadisə edərək etina etmək istəmədik. Lakin indi görürüz ki, iş böyüyür. Əhvalı
elə görüncə firqəmiz yığışıb erməni və gürcü parlamentlərinə protesto göndərməyə
qərar verdi. Əgər onlar anlamamışlar isə qoy şimdi anlasınlar ki, böyük səhv
edirlər. Fraksiyamız təklif etdi ki, Azərbaycan parlamenti yığışaraq bu məsələyi
müzakirə etsin. Böylə hərəkətlərin, belə müsadimələrin qan ilə zülmdən başqa
heç bir nəticəsi olmadı. Haman millətpərəstlik yek-digərlərinə görə, onlar qüvvələrini
artırmamışlardır. Fəqət, qonşu millətin müsadiməsi bizə də sui-təsir edə bilər.
Bəlkə tərəfeyindən birisini tutmaq, yaxud açıq-açığa müharibəyə girmək kimi fəna
nəticə verə bilir. Ona görə də biz tələb ediriz: bu məsələlər təmamilə
icraçılıqla müzakirə olunsun; biz gərək var-qüvvəmiz ilə çalışaq ki, müharibə
olmasın. Əlbəttə, biz demiriz bu müsadimədir, hanki tərəf haqlıdır, hansı
haqsızdır, biz demiriz Axalkaaq və Axaska kimin olsun. Bizim məsləkimiz bunu tələb
edir ki, belə yerlərin hansı dövlətə və millətə tabe olmaları məsələsi rəyi-ammə
müraciətlə həll edilməlidir. Fəqət, biz hazırda səsimizi ucaltmalı, protesto
etməliyiz. Bir hökumətin başında Ermənistandakı gibi ancaq millətçilər
durarsalar, əlbəttə belə fəna nəticələr verər. Bu ağır nəticələrin təsiri qonşu
millət kimi onların özünə də ağır olar. İndi al bayrağımız olan sosialist
bayrağımızı onların arasına atmalıyız. (Soldan alqış). Bayrağımızı bihörmət
etdilər isə nizəsini onlara çevirəcəyiz. (Soldan alqış). Azərbaycan Cumhuriyyətində
bayrağımızı uca qadırıb kəllələrə sipər olsa da onların arasında durmalıdır. (Mərkəzdən:
alqış). Hər iki tərəf qılıncı qına qoymalıdır. Kiçik millətlərin müharibəsi
böyük dövlətlərə nisbətən çətindir. Çünki böyük dövlətlər müharibə qanununa
müvafiq müharibə edirlər. Müharibə qanunlarına toxunmayır, əsirlərə və bitərəf duran əhaliyə əl uzatmırlar. Kiçik millətlər isə bunu gözləmirlər. Bu hadisələrin qarşısını almaqdan ötəri növbənöv yollar, çarələr
vardır ki, bu da protesto etmək və protestodan hasil olan nəticələrdir. Bundan əlavə
konfrans dəvət edib bu ixtilaflı məsələlər orada həll edilməlidir. Bu da
olmazsa, Qafqaziyada təşkil olunmuş üç hökumət nümayəndələri yığışıb bu məsələlərə
baxmalıdır. Bu barədə də parlamentimiz çalışmalıdır. (Alqış).

Sədr – Söz Məmməd Əmin Rəsulzadəyə verilir.

Məmməd Əmin Rəsulzadə – Bu gün Azərbaycan Məclisi-məbusanının iztirab qəlbilə
cəm olmasına səbəb qonşularımız arasında vaqe olan qanlı müsadimələrdir. Bu
hadisələr yanı yaşımızda deyil, uzaqda yaşayan digər millətlər arasında da
çıxsa idi, insaniyyət növqeyi-nəzərindən qəlbimizi cərimədar edib qan ilə
dolduracaq idi. Fəqət, məlumdur ki, biz göylərdə deyil, yerdə yaşayırız. Həqiqəti
düşünəlim, vaqe olan hadisələr elə iki qonşu millətlər arasında vaqe olmaqdadır
ki, biz müqəddəratımızı dünən onlar ilə bərabər həll edirdik, yarın da müştərək
həll edəcəyiz. Bunun üçün də biz bu millətlər arasında çıxan hadisələrə yabançı
qala bilməriz. Biz qitə və həyati surətdə əlaqədarız. Ona görə də səsimizi yüksəltməli,
aman nə yapırsınız deməliyiz. (Soldan mərkəzdən alqış). Əfəndilər! Çox qəribədir,
bir zamandakı hərbi-ümumi axıra yetişir, bir zamandakı dünyanın cəngavər və təpədən-dırnağa
qədər müsəlləh olan millətləri məsələlərin artıq sülh və müsalimətlə həll və qət
olunmasını istəyirlər, bir zamandaki istiqlala layiq olduğunuzu isbat üçün bu
gün biz kiçik Qafqaziya millətlərinin əlində qüvvətli bir sübut vardır ki, o da
sülh və müsalimət, ancaq qan tökməmək. (Sürəkli alqışlar).

Əvət, əfəndilər! Belə bir zamanda ki, biz Zaqafqaziya millətləri iştirakı ilə əqd olunacaq ümumsülh
konfransına qol-qola olaraq bir qapı, dost bir surətdə girəcək olmaz isək,
bütün əməllərimiz məhv və nabüd qalar. İştə belə bir zamanda Ermənistan ilə
Gürcüstan arasında qan tökülür, bu qanlar dayanmalıdır, çünki hürriyyət və
istiqlal haqqında bəslədiyimiz uğursuz və müqəddəs məqsədlərimizi qara yerlərə
gömməmək üçün sülh masası başında müttəhidən oturmağa layiq olduğumuzu göstərməliyiz.
İştə bu qanunların dayandırılmasına bir təsir icra etmək bütün Azərbaycan
demokratiyasını yüksəltməlidir. (Alqışlar).

Əfəndilər! Bu fikir, bu ixtilaflı məsələlərin müsalimətlə həlli fikri, heç bir vaxt Azərbaycan cəmaətinə
yabançı qalmamışdır. Azərbaycan demokratiyasını hər zaman töhmətləndirmişlər.
Ona dildə bir, məqsəddə bir deyə böhtan etmişlərdir. Buna dəlil olaraq, millətləri
bizim xaricimizdə olan hadisələri üzümüzə vurub, erməni, müsəlman kimi müəssif
hadisələrə meydan olduğundan Azərbaycanı təqsirləndirmişdir. Fəqət, həqiqət,
hal bu nəyi göstərir. Azərbaycan müqəddəratını öz əlinə alıb da müstəqil
yaşamağa başladığı andan bəri siyasətini müvafiq qurmuşdur. Azərbaycan hökuməti
ibtidai bir sülh tərəfdarı olub da müsalimət siyasətindən ayrılmışdır. Azərbaycan
hökuməti əvvəl təsisindən bəri Qafqaziya millətləri arasında olan ixtilaf və
mübahisəli məsələlərin səbr ilə deyil, sülh ilə həll olunmasına çalışmışdır. Azərbaycan
siyasi nümayəndələri hər zaman və hər məkanda mübahisəli məsələlərin sülh ilə həll
olunması təklifində bulunmuşlardır. Qafqaziya millətləri bu məsələləri öz
aralarında həll edə bilməzlər isə başqa bitərəf bir hakimə müraciət etməlidirlər.
İyun ayının ibtidalarında idi. Gürcüstan hökuməti Borçalının müsəlman əhalisinin
arzusuna rəğmən səbrən Gürcüstana ilhaq edirdi. Azərbaycan buna protesto edərək
məsələnin beynəlmiləl bir komisyon vasitəsilə həllin təklif elədi. Məəttəssüf,
bu təklifinə müvafiq cavabı deyil, müxalifət gördü. Bu təklifini Azərbaycan
hökuməti sonra yenə təkrar etdi, nəticə alammadı. Son günlərdə isə Gürcüstan
hökuməti bu nöqteyi-nəzəri qəbul ilə rəsmən bu təşəbbüsdə bulundu və təşəbbüsə
birinci “ləbböyk” deyən Azərbaycan hökuməti oldu. Gürcüstan və Ermənistan
hökumətini də Zaqafqaziya konfransına dəvət etmişik, günlər, həftələr ilə bəkləmişik,
lakin Ermənistan nümayəndəsi gəlməmişdir. Gürcüstan ilə Ermənistan arasında bu
məsələ üzərində təati eyləmiş bu gün nəşr edilmiş teleqramlardan anlayırız ki, Gürcüstan hökuməti hətta bu müzakirə əsasında bizdən bixəbər olaraq Ermənistanın təklifinə görə əvvəlcə bu məsələləri yalnız Ermənistan
ilə öz arasında həll etməyə razı olmuşsa da yenə vəziyyəti qurtarmamış, məqsədinə
müvəffəq olmamışdır. Şimdi isə bu iki millət öz aralarında olan mübahisəli məsələlələri
qan ilə həll etməyə başlamışlar. Arada ixtilaflı olan topraq məsələsidir. Əz cümlə “Borçalı” uyezdi süni bəhsidir. Biz biliriz ki, Borçalının türk və müsəlmanlar ilə məskun olan qismi Azərbaycandan ayrılmayacaq bir qitədir. (Şiddətli alqışlar). Zəngəzur, Qarabağ uyezdi yenə Azərbaycandan ayrılmayacaqdır. (Alqışlar). Elə bu mübahisəli
məsələlərin demokratik nöqteyi nəzərilə, qılınc ilə deyil, sülh ilə həll olunmasını hər zaman istəmiş, indi də istəyirsiz. Fəqət, heyhat ki, bizim bu arzumuz havada çağırılan boş sədadan ibarət qalmışdır. Biz zikr olunan yerlər üzərindəki hüququmuzu hər vasitəyə müraciət edilə, eşidiləcəyinə qənaətimiz bərkəmal ikən Qafqaziyanın ümumi müqəddəratını
nəzərə alaraq biz həmişə mübahisəli məsələlər kibi bu məsələnin də sülh ilə həll olunmağını gözləmişik. Arzu edirik ki, Gürcüstan və Ermənistan hökumətləri dəxi bu əsası ilə öz aralarındakı ixtilaflı məsələləri sülh və müsalimət ilə həll
etsinlər. Məəttəssüf, bu gün meydanda nahaq qanlar töküldüyünü görürüz. Azərbaycan
Məclisi-Məbusan Gürcüstan və Ermənistan hökumətlərinin daxili işlərinə
qarışması üçün deyil, bütün Qafqaziyaya yağacaq, o cümlədən Azərbaycanı da
qanlara boyayacaq bir fəlakətin önünü almaq üçün bu məsələyə icrayi-təsir etmək
istər. İnanımız bundadır ki, Gürcüstan, Ermənistan cəmaəti dəxi bizim kimi
düşünür. Azərbaycan xalqının təmsili-ruhi olan Məclisi-Məbusanımızda hökmüfərma
olan bu ruh və müsalimət əminəm ki, bütün cəmaətimizin duyğusu olduğu kimi
gürcü və erməni cəmaətində də eyni təbidir. Gürcüstan və Ermənistan Məclisi-məbusanları
dəxi öz millətlərinin vicdanını etdiklərindən sülhamiz bir səciyyə intibahilə kəndilərinə
müraciət edəlim və deyəlim ki, Qafqaziya millətləri sülh və müsalimətə
möhtacdırlar. Bütün səy və iqtidar və nüfuzlarını hökumətimiz üzərində icra
ediniz, tökülən nahaq qanlar dayansın, çünki bu qanlarda bulunacaq hürriyyətlərimiz,
çünki, bu yanan neftlərdə yanacaq yurdlarımızdır. (Alqış).

Sədr – Söz
Tsixakayanındır. (rusca).

Sədr – Söz Qara bəy Qarabəylinindir.

Qarabəyli Qara bəy – Həzərat! Ermənilər ilə gürcülər arasında cərəyan edən ixtilaflı
hadisələr haqqında bir çox fəsahət və bəlağət ilə nitqlər irad edildi. Mən belə
nitqlərdən söyləməyəcəyəm. Mən ancaq bir şeyi söyləyəcəyəm ki, bu cərəyanların
bizə maddi bir zərəri, yaxud başqa bir təsiri olmayacaqdır. Bu qədər ki, qanlar
axıdılır, Qarabağ dögülməkdədir. O biri cəhətdən dəxi müsəlman qanları tökülə
bilərmi? Bu saat ermənilər ilə gürcü miyanında olan hadisələr nəticəsindən yenə
müsəlman qanları axıdıla biləcəyini görürüz. Çünki toqquşma vaqe olan yerlər
Borçalıdır. Burası müsəlman yerləridir. Burada ən əvvəl müsəlman qanları axacaqdır.
(Bitərəflərdən: Sağ ol!). Hüdudu aşıb keçmiş erməni qoşunlarının ayağı altında
yenə də müsəlman qalacaqdır. (Bitərəf: Sağ ol). Qarşısında qüvvə görmədikdə ermənilər
gəlib bizim aramıza keçəcəkdir. O zaman bizim halımız vəxim olacaqdır. Buna görə
hökumətə müraciət ilə soruşuruz ki, bu ixtilafın bitməsi üçün burada müsəlman
qanlarının tökülməsi ilə hüdudumuzu müdafiə etmək üçün nə tədbirlər olmuşdur? Və
yaxud olacaqdırsa, hansı qüvvə ilə?

Sədr – Daha natiq yoxdur ki, ona görə hökumət rəisinə söz verilir.

Fətəli Xan Xoyski – Hökumət tərəfindən bu barədə tədbirlər olubdurmu? Sual olundu…
Doğrudan da suala haqları vardır. Hökumət də bunu düşünürdü. Bu hüdud barəsində
ki, buyurdular, heç bir məlumat yoxdur. Bir elə xəbər çıxmış idi ki, ermənilər
hüdudluğu keçmişlər. Mən o saat teleqraflar ilə əhval bilmək istədim, cavab gəldi
ki, heç bir şey yoxdur. Hökumət bütün stansiyalara tapşırıbdır ki, elə bir hadisə
olsa, tez xəbər versinlər, hüdudumuzun başqa bir tərəfdən keçilməməsi üçün bir
çox əsgəri tədbirlər görülmüşdür. Qüvvə də hazırlamışıq.

Sədr –
Müzakirə olunan istizah barəsində müsavat fraksiyonu tərəfindən təklif olunur.

Əhməd Cövdət – (oxuyur). Gürcüstan və Ermənistan parlamanlarına Azərbaycan məslisi-məbusanı tərəfindən göndəriləcək müraciətlərinin “Müsavat” şöbəsi tərəfindən təklif olunan layihəsi: Bütün dünya millətlərinin
silahlarını ataraq sülh və səlah ilə aradıqları belə bir zamanda, bir zamanda
ki, Qafqaziyada təşkil edən Cumhuriyyətlərin yekdigəri arasında sülh və müsalimətlə
yaşamaları, elan etdikləri istiqlala layiq olduqları yeganə bir kiliddir. Azərbaycan
Məclisi-məbusanı qonşularımız Ermənistan Cumhuriyyəti ilə Gürcüstan Cumhuriyyəti
arasında zühr edən qanlı hadisat ədavətkarının əsrarəngiz xəbərini iztirablı
bir qəlblə tələqqi etdi. İşbu iztirabının tərcümana təsiri olan 20 dekabr
tarixli fövqəladə iclasında Ermənistan və Gürcüstan parlamentlərinə müraciət edərək
hər iki hökumətin bu təhlükəli qədəmdən saxlanması üçün var-qüvvət və nüfuzları
ilə səy aləmlərini dostluq məqamında rica etməyə qərar verdi. Bütün Qafqaziya
demokratiyasının ürək arzusu: qonşular arasında bütün ixtilaflı məsələləri
uyuşmaq, barışmaq, və nəhayət hakim vasitəsilə həll etməkdir. Bunun xaricində
olacaq hər bir tədbir hansı dövlət tərəfindən görülmüş olur isə olsun Azərbaycan
hökumətinin vicdanının zəxmdar etdiyi kimi, Gürcüstan ilə Ermənistan cəmaətlərini
də rəncidə edəcəyinə qaneiz. Bunun üçün də millətin təmsili vicdanı olan Məclis-Məbusan
heyətinə müraciətlə qardaşca tövsiyyə ediriz: Amandır, durunuz, Qafqaziya təkrar
qanlara boyanmasın, odlara yanmasın, çünki bu qanlarda boğulacaq hürriyyətimiz,
bu yanğınlarda yanacaq-yurdlarımız.

Sədr –
Sosialistlər ittifaqı tərəfindən təklif olunan layihə:

Əhməd Cövdət- (oxuyur).

Məclisi-Məbusanda bulunan sosialistlər fraksiyonunun Gürcüstan ilə Ermənistan millətləri arasında
baş verən hadisə haqqında məruzənin müzakirəsindən sonra Azərbaycan Məclisi-məbusanı
aşağıdakı maddələri qərara alır:

1). Bizim ilə qonşu və qardaş olan Gürcüstan və Ermənistan millətlərinə və onların
parlamanlarına ricu olunsun ki, onlar öz hökumətlərinə təsir edib tezliklə dava hərəkətlərinin
dayandırılmasına ciddi surətdə çalışmaları təklif olunsun.

2). Zaqafqaziya dövlətləri arasında olan bütün mübahisəli məsələlərin həlli bu hərəkətlərin konfransına və beynəlmiləl arbitraja mühəvvəl olunması təklif olunsun.

3). Zaqafqaziyada yaşayan üç böyük millətlər bir-birilə sıxı surətdə əlaqədar olduqlarından Ermənistan
və Gürcüstan ixtilafı ümum cəmi Qafqaziya millətlərini böyük fəlakətə düçar edə bilər. Buna binaən hər tərəfki bu mllətlərin sülh ilə yaşamalarına tərəfdar olar isə, onda cahan demokratiyası qarşısında öz öhdəsinə böyük məsuliyyət
alacağını bəyan etməlidir.

Sədr – Təklif olunan
formulaları dinlədiniz.

Məmməd Əmin – Bizim təklif müraciətnamənin layihəsidir. İkinci təklif
isə maddəbəmaddə bunu söyləyir. Bu iki təklifdən bir xülasə, nəticə çıxarmağı
rüəsaya tövsiyə edəriz.

Aslan bəy (yerindən) – Mən təklif edirəm ki, hökumət onları birləşdirsin, göndərsin. Əgər bunu qəbul edərsəniz, göndərsin.

Səslər – Qəbuldur, qəbuldur.

Səfərov – Bir şey var
ki, “protest” sözü gərək çıxarıla idi.

Ağamalov (yerindən) –
Yox, çıxarmaq lazım deyil.

Əhməd Cövdət – Burada bir təklif rüəsa tərəfindən verilmiş, biri də müsavat, üçüncü də sosialistlər tərəfindən təqdim
edilmişdir. Təklif edirəm ki, bunlar və sonra verilənlər hamısı birləşdirilib ümumi müraciətnamə halında göndərilə

Haqqında Əkinçi