22 Sentyabr, 2017 - Cümə
Tumlu meyvə bitkilərinin becərilmə texnologiyası

Tumlu meyvə bitkilərinin becərilmə texnologiyası

Azərbaycanda becərilən tumlu meyvə bitkiləri qrupuna əsasən alma, armud, heyva aiddir. Respublikamızın əksər rayonlarının mülayim iqlimi meyvə bitkilərinin əkinini aparmağa imkan verir. Lakin aran yerlərdə və qışın mülayim keçdiyi digər rayonlarda əkin üçün ən optimal müddət payız fəsli sayılır.
Almanın dünya miqyasında on mindən artıq sortu becərilir. Alma sortları yetişməsi vaxtına görə 3 qrupa ayrılır: yaylıq, payızlıq və qışlıq sortlar. Armudun respublikamızda daha geniş yayılan növləri bunlardır: Qafqaz armudu, meşə armudu. Armud sortları da yetişmə vaxtına görə yaylıq, payızlıq və qışlıq olurlar. Azərbaycanda heyvanın yalnız bir növü – adi heyva becərilir. Bütün mədəni heyva sortları bu növdən törəmədirlər.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Murtuzəli Hacıyevin AzərTAc-a təqdim etdiyi mütəxəssis yazısında tumlu meyvə bitkilərinin becərilmə texnologiyası barədə fikirlər əksini tapıb.

– Tumlu meyvə bitkilərinin əkini zamanı bir qayda olaraq yaxşı inkişaf etmiş, sağlam, standarta uyğun bir və ikiillik tinglərdən istifadə olunur. Əkin üsulundan asılı olmayaraq, tinglər əkildikdən sonra mütləq suvarılmalıdır. Əgər yaxın bir-iki gündə əkililəri suvarmaq imkanı yoxdursa, bu zaman hər çalaya ən azı 8-12 litr su tökmək lazımdır. Yeni bağ salmaq üçün ilk növbədə sahə seçilməlidir. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili yamaclar olmalıdır. Mailliyi çox olan yamaclarda bağ xüsusi düzəldilmiş terraslarda əkilməlidir. Erkən yazda salınacaq bağ üçün şumu əvvəlki ilin yayında və ya payızında, payız bağ əkməsi üçün isə bağın salınmasına ən azı iki ay vaxt qaldıqda, şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən asılı olaraq təsiredici maddə hesabı ilə 120-180 kiloqram fosfor, 90-120 kq kalium gübrələri verilməklə aparılır.
Sahədə bağ salmaq məqsədilə ölçü işləri aparılır, sərnələr ayrılır və plan əsasında bölgü aparılıb, baş və sərnələrarası yollar da nəzərə alınmaqla, eni 70-80 santimetr, dərinliyi isə 60-70 sm olan çalalar qazılır. Bağ salmaq üçün əsas etibarilə sağlam, elit və standartlara (boy və s. ölçülərinə görə) cavab verən əkin materialı seçilməlidir. Gübrələrin düzgün tətbiqi nəticəsində tumlu meyvə ağaclarının məhsuldarlığı 20-30 faizədək artırıla bilir. Bağda üzvi gübrələrin bütün formaları peyin, kompost və s. tətbiq edilir.
Lakin bu üzvi gübrələrdən bağ üçün ən yaxşısı yarım çürümüş mal peyinidir. Tərkibindəki qida elementlərinin (azotun və s.) zənginliyinə görə fərqlənən quş peyini isə nisbətən az doza ilə yemləmə şəklində istifadə edilməlidir. Mineral gübrələrin tətbiqindən ən yaxşı nəticə azot, fosfor, kalium və s. qida elementlərinin tarazlaşdırılmış tətbiqindən əldə edilir.
Hər bir meyvə bağına tətbiq olunacaq gübrə norması bağın torpağının qida elementləri ilə təmin olunma dərəcəsindən, cərgə aralarında torpağın saxlanma sistemindən, nəmlənmə dərəcəsindən, becərilən sortun bioloji xüsusiyyətlərindən, ağacların əkin sxemindən və planlaşdırılan meyvə məhsulunun miqdarından asılı olaraq seçilir. Bu zaman nəzərə almaq lazımdır ki, bağ torpağının tərkibi haqqında olan biliyin azlığını gübrəni çox verilməsi ilə əvəz etmək olmaz. Çünki normadan artıq verilən mineral gübrə sonradan düzəldilməsi mümkün olmayan bir sıra problemlər yaradır. Meyvə bitkisinin qida elementləri ilə təmin olunmasına nəzarət hər bir bağ üçün 4-5 ildə bir dəfə torpaq və yarpaq analizlərinin aparılması ilə həyata keçirilir. Yarpaq analizlərinin nəticələri əsasında bitkinin hər hansı bir qida elementi ilə (azot, fosfor, kalium, dəmir, sink, mis, bor, manqan və s. ) normal, zəif və ya artıq dərəcədə təmin olunduğu təyin edilir.
Meyvə ağacına forma verilməsinin əsas məqsədi onu tezliklə bar vermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdan ibarətdir. Meyvə bitkilərinin ən yaxşı budama vaxtı payızda yarpaqlar töküləndən sonra, eləcə də bütün qış dövrü olmaqla, tumurcuqların şişməsi dövrünədək aparıla bilər. Məqsədindən və gücündən asılı olmayaraq bütün növ budamalar vegetasiyanın başlanmasınadək olan müddətdə başa çatdırılmalıdır.
Azərbaycanda tumlu meyvə bitkilərində dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklər geniş yayılıb. Xəstəliklərlə mübarizə məqsədilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv etmək üçün bağlarda 1-2 faizli dnok (hektara 10-20 kq), yaxud 2-3 faizli nitrofen preparatları ilə çiləmə aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı ağaclarda tumurcuq açılana kimi bordo mayesi ilə çiləmə aparılmalı, vegetasiya müddətində xəstəliyə qarşı bordo mayesi və ya onu əvəz edən yeni pestisitlərdən istifadə edilməlidir. Tumlu meyvə bitkilərinin əsas zərərvericiləri olan alma meyvəyeyəni, alma güvəsi, müxtəlif mənənələr, Kaliforniya yastıcası və s. qarşı aqrotexniki və kimyəvi mübarizə tədbirlərindən istifadə olunması zəruridir. Kimyəvi mübarizə məqsədilə sumi-alfa (0,6 L/ha), karate (0,6 L/ha), Omay, (3 L/ha) və sair istifadəsinə icazə verilmiş preparatlardan düzəldilmiş məhlullarla çiləmə aparılmalıdır.
Tumlu meyvə bitkilərinin cins və sortları seçilərkən onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır. Məhsulun eyni vaxtda yetişməsi onun yığılmasını çətinləşdirir və itkiyə səbəb olur. Bunun üçün bitkilər yetişmə vaxtlarına görə qruplaşdırılır və bu zaman əsas üstünlük tumlu meyvə bitkilərində payız-qış sortlarına (60-80 faiz) verilir.

Haqqında Əkinçi