25 Sentyabr, 2017 - Bazar ertəsi
Vəfa Hüseynqızı

Vəfa Hüseynqızı

Vəfa Hüseynqızı  Afaq HüseynovaQədim yunan filosofu Pifaqorun belə bir kəlamı vardır : “Hər hansı bir xalqa yaxşı bələd olmaq istəyirsənsə, ilk növbədə onun dilini yaxşı öyrənməlisən”. Elə bu günkü müsahibimiz də öz ana dili ilə yanaşı ingilis dilini də mükəmməl bilən və deməli , bu xalqın ədəbiyyatı, incəsənəti, adət-ənənələri ilə yaxından tanış olan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Ədilə xanım Ağabəylidir. O, 1954-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini 36 saylı məktəbdə başlamış və 111 saylı məktəbin məzunu olmuşdur. Ədilə xanımın valideynləri həkim olsalar da , hələ orta məktəbdə xarici dillərə böyük marağı və dil öyrənməyə xüsusi istedadı olması onu öz valideynlərindən fərqli bir sənət yolunu seçməyə sövq etdi. O , Azərbaycan Dövlət Xarici Dillər İnstitunun ingilis dili fakültəsini bitirdikdən sonra həm müəllim, həm də bir tərcüməçi kimi səmərəli fəaliyyət göstərir. Ədilə xanım hələ tələbə ikən bədii tərcüməyə çox maraq göstərmiş , azərbaycan dilinə bir çox məqalə və hekayələr tərcümə etmişdir. Xüsusilə də onun Azərbaycan həqiqətlərinin , Qarabağ uğrunda xalqımızın ədalətli mübarizəsinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əvəzsiz xidmətləri olmuşdur. Elə ilk sualımız da onun bu sahədə indiyə qədər gördüyü işlərlə bağlı oldu.

– Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündən bəri bizim üçün ən böyük problemlərimizdən biri bu konfliktin mahiyyətini dünya ictimaiyyətinə lazımı qaydada çatdıra bilməməyimiz olub. Son illərdə bu sahədə böyük işlər görülsə də, hələ görüləsi çox işlər var. Biz bilirik ki , sizin də bu sahədə xidmətləriniz çoxdur . Xahiş edərdik ki , bizə bu barədə məlumat verəsiniz .
Mən 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı açıq-aşkar torpaq iddialarının başladığı ilk günlərdən , necə deyərlər , öz şəxsi mübarizəmə başlamışam. Hətta, qanlı döyüşlərin getdiyi günlərdə cəbhəyə getmək üçün ərizə də yazmışdım , lakin gözlərim çox zəif gördüyü üçün məni orduya götürmədilər. O zaman mən qərara aldım ki, mübarizəmi başqa bir formada aparmalıyam. Mənim “silahım”- Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsi , bu yolda onun başına gələn müsibətlər, tarixi həqiqətlər, ermənilərin törətdikləri vəhşiliklər haqqında yazılmış əsərləri dünyanın başa düşə biləcəyi bir dilə çevirdiyim tərcümələrimdir. Bir gün bizim hörmətli professorumuz Tahir Qafarov 20 yanvar hadisələri ilə bağlı “ Erməni terrorizmi” adlı mənə bir kitab gətirdi və mən bu kitabı oxudum. Sonra Tahir müəllimə dedim ki, bu kitabı dünya ictimaiyyətinə çatdırmaq üçün onu tərcümə etmək istəyirəm. Əlbəttə, professor təklifimi çox müsbət qarşıladı , mənim üçün çətin olacağını bildirdi. Lakin mən təmənnasız bu işi görməyə hazır idim . Kitabı tez bir zamanda təcümə etdim və o, Nyu-Yorkda “Essek” nəşriyyatında çap olundu. Ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri çoxsaylı terror hadisələri bu kitabda faktlarla işıqlandırılmışdı və bizim xaricdə olan diaspor nümayəndələrimiz özləri ilə bu kitabı xarici ölkələrə aparıb orada yaydılar. 1990-cı il hadisələri ilə bağlı yenə də Tahir Qafarovun “Qanlı yanvar” , “Qırmızı və qara” kitablarını tərcümə etdim, və onlar da qısa müddətdə bir çox xarici ölkələrdə yayıldı. Səriyyə Müslümqızının Xocalı faciəsi ilə bağlı “Xocalı harayı”, “Ümid olmasa ölərəm” kitablarını da tam təmənnasız tərcümə etmişəm. Sonralar bir-birinin ardınca “ Erməni məsələsi bir türkün gözü ilə” , “ Ön Asiyada və Qafqazda erməni terrorizmi ” , “Azərbaycan Böyük Müharibə illərində” , “Türklərə qarşı erməni terrorizmi” kitablarım ingilis dilində nəşr olundu və xaricdəki soydaşlarımızın vasitəsilə dünyaya yayıldı .
– Müasir dövrdə ingilis dili ən çox işlənilən dildir . Yeni texnologiyalarda , internetdə və digər sahələrdə bu dili bilmədən heç bir naliyyət əldə etmək olmaz . Hal-hazırda ölkəmizdə xarici dillərin tədris səviyyəsi sizi qane edirmi ?
Vəfa Hüseynqızı  Afaq HüseynovaBilirsiniz ki, mənim bu sahədə həm pedaqoq, həm də tərcüməçi kimi böyük təcrübəm var. İstər orta məktəblərdə, istərsə də bir sıra ali məktəblərdə xarici dilin tədris metodları və proqramları məni qane etmir. Məncə , tədrisdə müəllimə müəyyən qədər sərbəstlik verilməlidir. Çünki müəllim şagirdlərlə daimi ünsiyyətdədir və onun üçün tədris planı hazırlayan mütəxəssisə nisbətən öz işinin incəliklərini daha yaxşı bilir. Şagird və tələbələrdə öyrətmək istədiyi dilə məhəbbəti necə yaratmağı bacarır. Ümumiyyətlə isə orta məktəb dərsliklərində çoxlu səhvlərə rast gəlirəm .Başqa bir düzgün saymadığım cəhət isə dilin tədrisi prosesinin sadədən mürəkkəbə doğru deyil, mürəkkəbdən sadəyə doğru aparılmasıdır. Bu da, əlbəttə, düzgün deyil. Mən dərsliklərdə olan səhvlərlə bağlı qeydlər aparıram və Təhsil Nazirliyinə öz iradlarımı bildirəcəm.
– Ədilə xanım , siz yəqin ki, şəhərimizin küçələrində əcnəbi adlar daşıyan mağazalara , kafelərə və digər iaşə müəssisələrinə rast gəlmisiniz . Eləcə də hər addımbaşı qarşımıza çıxan reklamlara… Bir xarici dil mütəxəssisi kimi bu sözlərin tərcüməsini və ya doğma dildə qarşılığını bilirsiz . Siz bu yad dilli sözlərin müdaxiləsinə necə baxırsız?
Yaxşı baxmıram .Əlbəttə, Bakı çoxmillətli şəhərdir və xalqımız qonaqpərvər xalqdır. Lakin unutmaq olmaz ki, hər bir paytaxt şəhəri həmin ölkə və onun xalqı haqqında gələn qonaqlarda ilkin təəssürat yaratmalıdır. Bizdə xarici dillərə böyük maraq olduğu kimi , xarici dövlətlərdə də bizim ana dilimizə maraq hər zaman olmuşdur. Məşhur alman tərcüməçisi Bodenşted azərbaycan dilinin vurğunu olduğunu gizlətməmişdir və bizim dilə olan marağı onu öyrənməyə həvəs yaratmışdır . Bu azərbaycan dilinin həm zənginliyindən , həm də xoş avazla səslənməsindən irəli gəlir .Ona görə də biz həmişə dilimizə hörmətlə yanaşmalıyıq və unutmamalıyıq . O ki qaldı şəhərimizdə olan həmin mağazalardakı lövhələrə…Onların adı əvvəlcə azərbaycan dilində, sonra isə nisbətən kiçik şriftlə xarici dildə yazılmalıdır. Şəhərimizdə gəzməyə çıxarkən sanki özümü Avropa ölkəsindəki kimi hiss edirəm, əksər adlar xarici dildədir .
– Gəlin, bir qədər də bədii tərcümənin incəlikləri haqqında danışaq.Biz bilirik ki , sizin çoxlu sayda tərcümələriniz var . Sizcə tərcümədə orijinala münasibət necə olmalıdır ? İlkin mənbə bir etalon kimi qalmalıdır yoxsa sərbəstliyə yol verilə bilər ?
Burada müxtəlif yanaşmalar mövcuddur. Bəziləri yalnız müəllif fikrinin mahiyyətini saxlamaqla onu öz istədiyi kimi çevirir, yəni sərbəst tərcümə edir. Bu zaman isə orijinal mətn böyük dəyişikliyə məruz qalır. Amma, mənim fikrimcə, orijanalı saxlamaq lazımdır , sərbəstliyə yol verilməməlidir . Tərcüməçinin vəzifəsi müəllifin fikirlərini dəqiq tərzdə oxucuya çatdırmaqdır , sərbəstliyə yol verildikdə ola bilər həmin fikrin mahiyyəti itsin, ona görə əvvəlcə əsəri dönə-dönə oxuyub , özününküləşdirib və sonra tərcümə etmək lazımdır .
Biz, Ədilə xanım Ağabəylinin iş stolunun üstündə yeni başladığı işlərin əlyazmalarını gördük. Qarabağın qonşularımız tərəfindən uydurulmuş yalançı tarixindən deyil, əsl, tarixi faktlar, qədim əlyazmalar əsasında yazılmış həqiqi tarixi haqqında daha bir kitab da tez bir zamanda tərcümə olunacaq və beynəlxalq aləmdə həqiqət savaşına yollanacaq. Sizə bu şərəfli işinizdə uğurlar arzulayırıq, Ədilə müəllimə !

Haqqında Əkinçi