24 Noyabr, 2017 - Cümə
Vəfa Hüseynqızı

Vəfa Hüseynqızı

Vəfa HüseynqızıInsan qəlbinin dərinliklərində baş verən təlatümlər, onun yaşadığı sevinc və kədər, qəzəb və qorxu hissləri ilk növbədə onun gözlərində öz əksini tapır . Elə buna görə də haqlı olaraq deyirlər ki, gözlər qəlbin aynasıdır . Lakin onlar yalnız insan qəlbinin deyil , həmçinin fiziki və psixi durumunu, onun əhval-ruhiyyəsini , sağlamlığını da göstərir . Hələ min il bundan əvvəl Şərq təbibləri gözləri oxumaqla , xəstəlikləri aşkara çıxarıb, müalicə etmişlər . Bu gün də bu qədim üsul davam etdirilərək, xeyli inkişaf etmiş və elm kimi öyrənilmişdir . İridologiya diaqnostikanın bir sahəsi kimi , gözün qüzehli qişasının şəklinə baxmaqla , bədənin müxtəlif orqanlarının vəziyyətini , hələ cücərməkdə olan xəstəlikləri üzə çıxarmağa imkan verir . Bizim bu günkü qonağımız da belə nadir bir sənət sahibi olan həkim-terapevt , iridoloq Bəşirova Şəfəq xanımdır . O, bu gün bizə diaqnostikanın bu metodunun özəllikləri barədə ətraflı məlumat verəcək .
– Şəfəq xanım, gəlin əvvəlcə sizinlə tanış olaq

Mən 1974-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşam .

– Şəfəq xanım , bəzi valideynlər öz övladlarının həkim olmasını çox arzulayırlar , hətta uşağın bu sahəyə marağı olmasa belə, onu buna məcbur edirlər . Bəs sizin həkim peşəsini seçməkdə hansı faktor başlıca rol oynayıb , başqa sözlə desək, özünüz öz arzunuzla gəlmisiniz, yoxsa…

Düzünü desəm, mən hələ kiçik yaşlarımdan həkim olmağı arzulamışam Ən böyük arzum isə göz cərrahı olmaq idi , amma əfsuslar olsun ki , biz institutu bitirən il göz sahəsinə dair ixtisaslaşma olmadığından müalicə işi fakultəsini seçdim . Amma sonra biz Moskvaya köçdük, çünki yoldaşım orada, Akademiyada təhsilini davam etdirməli oldu. Mən bu müddət ərzində işləyirdim və günlərin birində, təsadüfən, iridoloqun qəbuluna düşdüm . Bu sənət çox xoşuma gəldi və qərara aldım ki , göz həkimi ola bilməsəm də , göz sahəsi ilə bağlı bir sahəni seçim . İridologiya ürəyimdən olan bir sənətdir. Göz cərrahı olmasam da , gözlə insanların demək olar ki , qəlbini də oxuya bilirəm , çox maraqlı sahədir .

– Bizim bildiyimizə görə sizin diaqnostika metodunuz ənənəvi metodlardan xeyli fərqlənir . Bunun özəllikləri haqqında oxuculara məlumat verə bilərsinizmi?
Əlbəttə ki, dediyim kimi bu çox maraqlı bir sahədir. İridodiaqnostika Şərq təbabətinin bir sahəsidir və çox qədim bir tarixə malikdir . Hələ bizim eradan əvvəl arxeoloji qazıntılar zamanı papirusların üzərində gözün qüzehli qişası çəkilmiş şəkillər tapılmışdır . Bu da onu göstərir ki , qədimdə insanlar gözün qüzehli qişası ilə maraqlanırmışlar . Lakin iridologiyanın bir elm sahəsi kimi meydana gəlməsində macar alimi Iqnats Pektselinin böyük rolu olmuşdur . O, 11 yaşında təsadüfən bir gün bayquş ovlayarkən onun qanadını sındırır və bu zaman bayquşun gözündə ağ cızığın əmələ gəldiyini görərək heyrətə gəlir . Oğlan bayquşu evə gətirir , müalicə edir və görür ki , gözündəki cızıq əvvəl ağ idi , müalicədən sonra qara rəng aldı . Bu hadisə sanki onun yaddaşında həkk olur . Məktəbi bitirərək Tibb universitetinə qəbul olur və xəstələrin üzərində bu sahədə daimi müşahidələr nəticəsində belə bir nəticəyə gəlir ki , bədəndə olan hər bir orqanın gözün qüzehli qişasında özünəməxsus proyeksiyası vardır. Xarici faktorlarla , sinir sisteminin təsiri nəticəsində həmin proyeksion zonalarda müəyyən bir dəyişikliklər baş verir və həmin dəyişiklilərə əsaslanıb , insanın daxili aləmi barədə məlumat vermək mümkündür . Bütün bu müşahidələrə əsaslanaraq o , iridoloji sxemi tərtib etməyə başlayır və bununla da müasir iridoloji diaqnostikanın əsasını qoymüş oldu. O, hətta öz kitablarının birinə belə bir deviz qoymüşdu- “Gözlər yalnız qəlbin deyil, həm də bədənin aynasıdır”. İridologiya metodu Amerikada , Kanadada, Fransada və Almaniyada çox güclü inkişaf etmişdir . Mən özüm Sovet-Amerikan məktəbini bitirmişəm.SSRİ-də iridologiya sahəsi 80-ci illərdən inkişaf etməyə başladı . Çox fərəhli haldır ki , sovet iridologiyasının inkişafında görkəmli oftalmoloq – alim Zərifə xanım Əliyevanın da xüsusi rolu olmuşdur .

– Yeri gəlmişkən, bu sahədə tanınmış bir mütəxəssis kimi iridologiyanın Azərbaycanda hazırkı inkişaf səviyyəsi sizi qane edirmi ?

Açığını desəm, böyük xalq təbabəti ənənələrinə sahib olan ölkəmizdə bu sahənin inkişafı və ona olan münasibət məni tam razı salmır . Bizim ölkədə iridoloqların sayı azdır , iridoloqların konfransları təşkil olunmur , iridoloq cəmiyyətləri yoxdur . Bir vaxt mən Zərifə xanım Əliyevanın 80 illik yubileyinə həsr olunmuş konfransda çıxış edərkən bu bardə öz fikrimi söylədim və təkliflərimi də irəli sürdüm . O zamankı səhiyyə naziri mənim çıxışımdan sonra söz vermişdi ki, iridologiya sahəsinə xüsusi diqqət yetiriləcək və inkişaf etdiriləcək .Təəssüf ki, nə o zaman , nə də ki, yeni nazirimizin dövründə bu sahədə ciddi bir irəliləyiş müşahidə olunmur . Buna görə də iridologiyaya gənc kadrların həvəsi hiss olunmur. Bilirsinizmi, əslində hər bir həkim iridologiya sahəsində müəyyən biliklərə sahib olmalıdır. Mən çox istərdim ki, iridologiya üzrə Azərbaycan Tibb Universitetində müvafiq kafedra açılsın. Gələcəyin həkimlərinə iridologiya üzrə mühazirələr oxunsun.İnanın ki, bu çox lazımlı bir addım olardı.

– Səfəq xanım, elm və texnika əsrində , kimya və biologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir dövrdə xalq təbabəti ilə ənənəvi təbabətin birgə mövcudluğuna necə baxırsınız ?

Bu normal bir haldır və onları qarşı-qarşıya qoymağa ehtiyac yoxdur. Onların hər ikisi ülvi bir məqsədq-insan sağlamlığının qorunmasına xidmət edir. Sadəcə, ayrı-ayrı metodlarla… Ümumiyyətlə, xalq təbabəti bizi əhatə edən mühitlə əlaqəli bir elmdir . Demək olmaz ki , ənənəvi təbabət xalq təbabətindən ayrıdır. Bütün dərmanların tərkibində bitki , mineral , vitamin yəni təbii elementlərdən isitifadə olunur . Mən özüm dərman qəbul edərkən mütləq o dərmanın tərkibini oxuyuram , əgər tərkibi təbii elementlərdən təşkil olunubsa, ona daha çox önəm verirəm. 30 ilə yaxındır ki , həkim işləyirəm və hər zaman çalışmışam ki, xəstələrimə hormonal pereparatlar təyin etməyim , mümkün olan qədər onları təbii yollarla , xalq təbabəti üsulları ilə müalicə edim .

– Bəs sizin təcrübənizdə elə bir hal olubmu ki, sizin diaqnostikanız ənənəvi metodun müəyyən edə bilmədiyi hər hansı bir xəstəliyi üzə çıxarsın ?

Bilirsinizmi, iridodiaqnostika ilk növbədə istiqamətverici bir başlanğıcdır. Sadə dildə desək , o, ümumi diaqnostikanın girişidir – qapısıdır, açılır və sən oradan diaqnostik aləmə daxil olursan . Bütün bədən orqanları güzgüdə olduğu kimi bütün tamlığı ilə görünür və hər hansı bir orqanda baş vermiş dəyişiklik , problem , sinir faktorları aydın nəzərə çarpır . İridodiaqnostikada məni ən çox razı salan cəhət , onun vasitəsilə bədənin hər hansı bir nahiyəsində toplanmış şlakları görmək imkanının olmasıdır. Qeyd edim ki , zəmanəmizin ən geniş yayılmış problemlərdən biri orqanizmin şlaklaşmasıdır . Nə Uzi , nə də Tomoqraf aparatlarının görə bilmədiyi ilkin, hələ özünü büruzə verməyən , başlanğıc formada olan şlaklaşmanı bizim metodla görmək mümkündür. Təcrübəli bir həkim kimi deyə bilərəm ki,, hər hansı bir problemi elə yaranışındaca görmək onun müalicəsi üçün son dərəcə vacibdir.
– Təcrübənizdə yadda qalan ən maraqlı hadisəni danışa bilərsinizmi ?

Vəfa HüseynqızıƏlbəttə ki, vaxtında düzgün diaqnoz qoymaqla həyata qaytardığı hər bir insan həkim üçün həm peşə borcu, eyni zamanda bir mənəvi rahatlıqdır. Yadımdadır, hansısa rayondan bir xəstə qəbuluma gəlmişdi. Çox ağır vəziyyətdə idi , onu müayinə etdim və gördüm ki, mərkəzi sinir sistemində , beyinin proyeksiyasında çox ağır dəyişikliklər vardır . Düzü, çox narahat oldum və ona nevroloji mərkəzə getməyi tövsiyə etdim . Lakin xəstənin sözləri məni təəccübləndirdi. O, söylədi ki, heç yerə gedən deyiləm, , imkansız adamam , ölsəm də elə burda öləcəm . Neyləyə bilərdim ?! Mən onu özümlə fitooterapevtin yanına apardım, o, lazım olan otlarla müalicə təyin etdi və xəstəni yola saldı . Bu hadisədən bir neçə ay keçmişdi və mən bir gün işə gedəndə yolda bir nəfər mənə yaxınlaşdı və soruşdu :- Həkim, məni tanıdınızmı ? Mən həmin xəstəyəm ki, üç ay bundan əvvəl yanınıza ağır vəziyyətdə gəlmişdim . Düzü, onu tanımaq mənim üçün çətin idi – axı mən onu ilk dəfə görəndə, o, ümidsiz bir xəstə idi ! İndi isə qarşımda sağlam bir insan dayanmışdı… Mən onu yenidən müayinə etdim və inanın, bu möcüzə idi , onda xəstəlikdən heç bir əsər-əlamət qalmamışdı ! Bu doğrudan da Allahın möcüzəsi idi , indiyədək nağıl kimi yadımda qalıb . Deyim ki, xəstəni ilk növbədə ələ almaq , onu duymaq lazımdır . Həkim gərək hər bir xəstəyə və həmçinin xəstəliyə fərdi yanaşsın . Eyni zamanda psixoloji təsir və xəstənin həkimə inamı da müalicənin effektli olması üçün vacib şərtlərdəndir .

– Şəfəq xanım sizin sənətiniz şərəfli olduğu qədər də çox məsuliyyətli və çətindir . Gün ərzində neçə-neçə insanların ağrı və əzablarını öz gözünüzlə görürsünüz …Bəs bütün bunlardan azad olmaq üçün istirahət vaxtlarınızı necə keçirirsiniz ?

Bilirsinizmi, əlbəttə ki, uzun illərin təcrübəsi öz sözünü deyir. Düzgün qoyduğun diaqnozun müsbət nəticəsini görmək, öz peşənə məhəbbət hər şeyi unutdurur. Və, əlbəttə ki, hər zaman köməyimə çatan doğma musiqimiz . Mən musiqini çox sevirəm, xüsusilə də Azərbaycan musiqisinin vurğunuyam. Bilirsinizmi, mən istər Rusiyada yaşadığım illərdə , istərsə də işimlə və ya ailəmlə əlaqədar xarici ölkələrdə olduğum zaman da daim doğma musiqimizə qulaq asmağa can atmışam . Mənim aləmimdə dünyada ən gözəl musiqi bizim musiqidir! Bir də ki, şer oxumağı çox sevirəm . Mən orta məktəbdə oxuduğum illərdə ədəbiyyat fənnini çox sevirdim və çox güclü yaddaşım sayəsində o zaman oxuduğum şerlər indiyə kimi yadımdadır. Sizə bir sirri də açım ki, hətta mənə diktor olmaq təklifi də olmuşdu . Lakin atam buna icazə vermədi . Eləcə də də rəqsə çox böyük həvəsim var idi və yəqin ki, pis alınmırdı, çünki Əminə xanım məni ansambla dəvət etmişdi , amma yenə də ailəmizdə icazə verilmədi .

– Şəfəq xanım , biz sizin bir həkim kimi fəaliyyətinizlə müəyyən qədər tanış olduq . İndi isə sizin bir ana kimi haqqınızda məlumat bilmək maraqlı olardı .

Həyat yoldaşım Yaşar Bəşirov gözəl atadır , ailəsinə çox sadiq və qayğıkeş bir insandır . Biologiya sahəsi üzrə elmlər namizədidir. Vaxtı ilə respublikamızın şərəfini dünya idman arenalarında ləyaqətlə qorumuş, karate üzrə dünya və Avropa çempionu titullarına sahibdir . Ailəmdə çox xoşbəxtəm, üç övladımız var. Oğlum Novruz çox istedadlıdır . Düzü mən çox istərdim ki , o tibb sahəsinə getsin , çünki onda analiz-sintez qabilliyəti çox güclüdür , lakin o , başqa istiqaməti seçdi . Əvvəlcə Kentukki universitetinə qəbul oldu , orada əla qiymətlərlə oxuduğuna görə onu Harvard universitetinə göndərdilər .Sonra Nyu-York şəhərinə köçdü , 4 il işlədikdən sonra dünyanın ən məşhur təhsil ocaqlarından olan Varton biznes məktəbinə daxil oldu .Hal-hazırda Kaliforniya ştatında yaşayır , ailəlidir , Leyla adında bir qızı var . Qeyd edim ki , oğlum karate üzrə dünya çempionudur . Böyük qızım Səidə karate üzrə 7 qat Azərbaycan çempionudur . Azərbaycan Dövlət İdman İnstitutunu bitirib , fiziologiya üzrə kursu bitirib.Hal –hazırda anadır , Məryam adında qızı var . Kiçik qızım 12 il sonra dünyaya gəlib , çox qeyri-adi fərqli bir uşaqdı .Gözəl əl qabiliyyəti var, rəsmlər çəkir , rəssamlığa çox böyük həvəsi var , həmçinin gözəl səsi var. Amerikada təhsil almağa hazırlaşır . Ən böyük arzusu məşhur modelyer-dizayner olmaqdır .

– Çox gözəl , Şəfəq xanım, siz tibb sahəsində gözəl bir mütəxəssis olduğunuz kimi həm də xoşbəxt bir anasınız. Sizə həm şəxsi həyatınızda , həm də çox faydalı bir sənət olan iridologiya sahəsində uğurlar arzu edirik.

Haqqında Əkinçi