19 Noyabr, 2017 - Bazar

Vəfa Hüseynqızı

Dahi insanların şəxsi həyatı, onların yaşayış tərzi həmişə diqqət mərkəzində olub. Adi adamlarda çox vaxt belə bir səhv təsəvvür olur ki, guya dahi doğulan şəxslər təbiətin ona bəxş etdiyi talantın sahəsində heç bir çətinlik çəkmədən şad- firavan ömür sürürlər. Amma əksər dahilərin bioqrafiyasına nəzər saldıqda onların sağlıqlarında çox vaxt daimi həsəd, çox zaman nifrət hədəfi olduqlarını , başa düşülməmək əzabı çəkdiklərini, psixi sarsıntılar keçirdiklərini görürük. Bəzən isə təbiətin özü də belə şəxslərlə sanki acı zarafat etmiş, onlara hansı bir sahədə isə qeyri – adi istedad bəxş etsə də , onlar məişətdə, adi həyatda aciz və səriştəsiz insanlar olmuşlar. Təsadüfi deyil ki, bir sıra dahilərin xəstəlik tarixlərində ən müxtəlif psixi xəstə diaqnozlarına rast gəlinirdi.
Vəfa Hüseynqızı Dahi bəstəkar Motsartda belə bir maniya var idi ki, italyanlar onu zəhərləmək istəyirlər.Başqa bir məşhur bəstəkar Şumanda hələ 24 yaşında dəlilik tutmaları başlamışdı və 46 yaşında o, tamamilə dəli olmuşdu.O səsləri gördüyünü, danışa bilən stolların onu təqib etdiklərini söyləyirmiş. Norveç dramaturqu İbsen içkidən ağlını itirdiyi anlarda bütün yazılarını cırıb məhv edirdi . Bu gün çəkdiyi şəkillər dünyanın ən baha satılan əsərlər siyahısında olan Van Qoq sutkalarla saysız hesabsız miqdarda şərab içər və şəkil çəkərdi. Dəlilk vəziyyətində o, özünün sol qulağını kəsmiş və belə vəziyyətdə öz avtoportretini çəkmişdi. Ruhi pozğunluq nəticəsində Van Qoq 37 yaşında həyatına qəsd etmişdi.
Dahilər gündəlik həyatlarında istər xarici görkəmləri ilə, istərsə də hərəkətləri ilə çox tez-tez təəccüb və gülüş hədəfinə çevrilirdilər.
Məsələn, alman şairi və dramaturqu Şillerin stolunun üstündə çürük almalar qoyulmayanda o, heç nə yaza bilməzmiş. Fransız Zolya romanlarını özünü stula bağlayaraq yazarmış. Şarlotta Bronte isə romanlarını yazarkən ,birdən yazısını saxlayar, gedib kartof soyar, sonra yenidən işini davam etdirirmiş .
Flober yaratdığı qəhrəmanlarla birlikdə inildəyər, ah çəkər, otaqda iri addımlarla gəzişərək personajlarının dili ilə ucadan gülər və ya ağlayırmış. Balzak yalın ayaqlarını soyuq döşəməyə qoyanda daha ilhamla yazır, Russo isə əksinə, başını qızmar günəşin altında saxlayaraq beynini daha güclü işləməyə məcbur edirdi. Şiller əsərlərini ayaqlarını soyuq su ilə dolu qaba qoyaraq yazardı. Jorj Sandın isə belə bir adəti vardı : o, düz saat 11 tamama kimi işləyərdi. Və əgər romanı saat 10.30-da bitirirdisə, dərhal da yeni əsəri yazmağa başlardı. Düma(ata) əsərlərini yalnız xüsusi kvadrat şəkilli vərəqlərdə yazar və əgər, təsadüfən belə kağızı qurtarardısa, yazını davam etdirməzdi. Anatol Frans isə əksinə, heç zaman kağız ehtiyatı görməz, yazılarını harda gəldi, -köhnə məktubların, konvertlərin, hətta dəvətnamələrin üzərində yazarmış.
Bir çox dahi şəxslərin unutqanlığı və diqqətsizliyi isə hətta lətifə halına çatırdı. Məşhur fransız fiziki və riyaziyyatçısı Amper bir dəfə evdən çıxarkən , qapının üzərinə təbaşirlə belə bir yazı yazıb gedir : Amper yalnız axşam evdə olacaq. Lakin iş elə alınır ki, o, evə daha tez qayıdır . Və öz qapısının üzərindəki yazını oxuyub qayıdıb gedir … O, Amperin özü olduğunu unutmuşdu ! Amper mühazirə zamanı tez-tez unutqanlıqdan dəsmal əvəzinə lövhəni sildiyi əski ilə burnunu da silirmiş və tələbələr onun təbaşirə bulaşmış sifətinə baxıb gülərmişlər.
Vəfa Hüseynqızı Dahi Nyuton bir dəfə qonaqları üçün şərab gətirmək üçün öz iş otağına keçir və təmamilə dostlarını unudaraq hansısa bir elmi iş üzərində çalışmağa başlayır. Qonaqlar onun gəlməməsindən təəccüblənərək, iş otağına girdikdə , alimin arxayınca işlədiyinin şahidi olurlar. Belə bir hadisə də məlumdur: Nyuton yumurta qaynatmaq istəyir, saatı götürüb vaxtı qeyd edir , bir neçə dəqiqədən sonra isə anlayır ki, əlindəki yumurtadır, saat isə suyun içində qaynayır. Onun bu huşsuzluğu bir dəfə ona çox baha başa gəlir. Evdən çıxarkən yanan şamı stolun üzərində qoyub gedir, baş verən yanğın nəticəsində uzun zəhmətin nəticəsi olan elmi əlyazmalar məhv olur.
Vəfa Hüseynqızı Digər bir dahi fizik Eynşteyn dostuna rast gələrkən , beynini məşğul edən fikirlərdən ayrılmadan : “ axşam bizə gəlin, professor Stimenson da bizdə olacaq”, – deyir. Təəcüblənmiş dostu :” elə mən özüm professor Stimensonam”- deyir. Eynşteyn fikirlərindən ayrılmadan : “fərqi yoxdur, siz də gəlin”, söyləyir.
Əlbəttə, dahilər ilk növbədə yaratdıqları ilə, kəşf və ixtiraları ilə tarixdə əbədi yaşayırlar. Qalan şeylər isə insanların yaddaşında yalnız dahilərin qəribəlikləri kimi yadda qalır.

Haqqında Əkinçi