22 Sentyabr, 2017 - Cümə

Vahid Əliyev (özəl məsləhətçi)

Vahid Əliyev (özəl məsləhətçi)Budama meyvə bitkilərinin boy, inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə aparılan «cərrahiyə» əməliyyatıdır.

Budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır, bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün aşağı salınmasına, çətirin yan ölçülərinin məhdudlaşdırılmasına, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir.

Budama zamanı bitkinin bioloji özünəməxsusluğu, sort xüsusiyyətləri, ağacların yaşı , çətirin forması, budaqlama tipi və s. nəzərə alınmalıdır.

Alma və armud ağacları böyüməsi və meyvə verməsinə, budaqlanma, yarpaq və meyvə tumurcuqlarının tipinə görə, həmçinin meyvə budaqcıqları və çantalarının tipinə görə xeyli oxşar əlamətlərə malikdir.

Odur ki, bağın salınmasından tam çətir əmələ gələnədək olan dövrdə alma və armud ağaclarına forma vermə və onları budama tədbirləri qəbul edilmiş çətir formasına uyğun ştampın əldə edilməsi, əsas mərtəbə budaqlarının formalaşdırılması, kifayət qədər güclü aparıcı budağın yaradılması və aparıcı budağa rəqib olan budaqların məhdudlaşması istiqamətində aparılır.

Birinci budama. Biryaşlı tinglər əkilən zaman onların ucları 60 sm hündürlükdə gövdə saxlamaqla vurulur. Kəsim tumurcuqdan yuxarı çəpinə aparılmalı, tingdə 3-4 yaxşı inkişaf etmiş tumurcuq saxlanmalıdır.

BOYATMA MÜDDƏTİNDƏ BUDAMA
İkinci ildə birinci cərgə budaqlarının formalaşdırılmasından ötrü gövdədə bərabər yerləşmiş 3-4 güclü yan budaqlar seçin. Seçilmiş birinci cərgə budaqların güclülərini yarısına, az güclüləri isə 1/3-inə qədər qısaldın. Kəsimi xaricə yönəlmiş tumurcuqda aparın.

Üçüncü ildə ən böyük bucaq altında inkişaf etmiş 4-5 budaq seçin, onları yarıya qədər, zəiflərini isə 2/3-si qədər qısaldın. Tumurcuqlar xaricə tərəf kəsilir. Əgər ağac güclü boy atırsa, çətirlərin çöl tərəfindəki bəzi budaqlar saxlanır və onlara imkan verilir ki, çiçək tumurcuqları əmələ gətirsin. İti bucaq altında inkişaf etmiş budaqları kəsmək, çətirin mərkəzi hissəsini isə açıq saxlamaq lazımdır. Gövdədəki artımlar kəsilməli və gövdə təmiz saxlanmalıdır. Kəsim yerlərinə bağ məlhəmi çəkilməlidir.

Vahid Əliyev (özəl məsləhətçi)BÖYÜMƏ VƏ MEYVƏVERMƏ DÖVRÜNDƏ BUDAMA
Ağac 4-5 yaşında meyvə verməyə başlayır. Bu vaxtdan budamanı ağacın vəziyyətinə müvafiq surətdə aparırlar. Budamadan əvvəl aşağıdakıları bilmək vacibdir:

– nə qədər çox kəssək, bir o qədər çox boy artımı və az məhsul olacaq, yəni ağac özü güclü, lakin meyvəsi az olacaqdır.

– az budanan ağac bol məhsul verir, lakin meyvələri xırda olur.

Ona görə də ən səmərəli həddi – qızıl ortanı tapmaq vacibdir.

MEYVƏVERMƏ DÖVRÜNDƏ BUDAMA
Bu dövrdə, boy artımı zəif olan ağaclar istisna olmaqla, budama aparmamaq olar. Çətirin xarici hissələrindəki yox, yalnız daxili hissələrindəki budaqları qısaldın, təxminən 10 sm artım saxlayın. Artıq formalaşmış alma və yaxud armud ağaclarının budanmasından əvvəl hansı sortun budağı qısa, hansının ki isə uzun olanda meyvə verməsini ayırd etməyi öyrənmək lazımdır.

Aparıcı budaq zəifləmişdirsə (böyüməsi ləngimişdirsə), onu kəsib çıxıntı saxlayırlar. Əmələ gəlmiş yan budaqlardan birini seçərək şaquli olaraq çıxıntıya bağlayır və azca qısaldırlar. Qalan budaqları yeni aparıcı budağa tabe etməkdən ötrü kəsirlər.

İkinci cərgə skelet budaqlarını birinci cərgə skelet budaqlarından 50-60 sm aralı formalaşdırırlar.

Skeletə daxil olmayan budaqları bir-birinə keçirir, yaxud onlarda meyvəvermənin başlanmasını tezləşdirmək üçün əyib bağlayırlar.

Vahid Əliyev (özəl məsləhətçi)BUDAMANIN VAXTI

Alma və armud ağaclarını ən yaxşı budama vaxtı payızda yarpaqlar töküləndən erkən yazda tumurcuqların şişməsinin başlanğıcınadək keçən bütün dövrü əhatə edir.

Məhsuldar alma və armud ağacları cavan ağaclara nisbətən daha tez müddətdə budanmalı, sanitar budamalar payızda, ucvurma, gücləndirici-cavanlaşdırıcı və çətiri aşağı salan dərin budamalar isə qışın sonunda aparılmalıdır.

Filed under: Meyvəçilik, Portal

Haqqında Əkinçi