19 Noyabr, 2017 - Bazar
Vatikanda Azərbaycanla bağlı 150-dən çox sənəd və əlyazma aşkarlanıb

Vatikanda Azərbaycanla bağlı 150-dən çox sənəd və əlyazma aşkarlanıb

Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Vatikanda Azərbaycanla bağlı 153 yeni tarixi sənəd və əlyazma aşkarlayıb. AMEA-dan verilən məlumata görə, tarix elmləri doktoru Fərid Ələkbərlinin Vatikanın Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri (2011-2014) bu il başa çatıb. Ezamiyyətlərin məqsədi Vatikan arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkar edilməsi və ilkin araşdırmaya cəlb olunması idi.
Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Vatikan Məxfi Arxivində 700-dən çox mənbə araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol və sair dillərdədir. Aşkar edilmiş sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. Onların arasında orta əsr Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma papaları ilə yazışmalarını əks etdirən məktublar da var. Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı 400-dən çox qədim əlyazma tədqiqata cəlb olunub. Bunun nəticəsində həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsəri və çoxlu sayda xəritə aşkar edilib.

Haqqında Əkinçi