19 Noyabr, 2017 - Bazar

Vüqar Orxan “Mədəniyyət” qəzeti

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
Vüqar Orxan “Mədəniyyət” qəzeti
Tarix boyu xalqımızın başına açılan bir çox müsibətlərdə erməni məkri olub. Azərbaycanı ələ keçirmək istəyən işğalçı qüvvələr də bu planlarını reallaşdırmaq üçün zaman-zaman ermənilərdən istifadə ediblər. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini görüncə \”erməni kartını\” işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi: “Onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun”.

I Pyotrun tarixi vəsiyyəti təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etdi. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamililiyi barədə fərman verdi, 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərdi: \”Ermənilər nəyin bahasına olursa-olsun, Azərbaycan xanlıqlarının ələ keçirməsində istifadə olunmalıdır\”.
1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələri ilə Şimali Azərbaycanın Rusiyanın əlinə keçməsindən sonra ermənilərin torpaqlarımızda məskunlaşdırılması prosesi sürətləndi. 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində \”Erməni vilayəti\” təşkil edildi.
Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Analoji proses Rusiya-Osmanlı müharibəsinin yekununda (1829) da özünü göstərdi, Türkiyə ərazisindən təxminən 80 min erməni tarixi yurdlarımızda, Qərbi Azərbaycanda, Naxçıvanda məskunlaşdırıldı. Bu proses minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunurdu.
XIX əsrin sonundan ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmağa başladı. 1905-1907-ci illərin Rusiya inqilabı bu erməni terror təşkilatların fəaliyyəti üçün \”geniş imkanlar\” açdı. İnqilabi qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, İrəvanda, Naxçıvanda, Qarabağda kütləvi qırğınlar törətdilər .
I Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917) ermənilərin \”Böyük Ermənistan\” iddiası üçün yeni şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrindəki erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin həmin ərazilərdən köçürülməsi barədə əmr verdi.
* * *
Vüqar Orxan “Mədəniyyət” qəzetiTürkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura çoxlu sayda erməni əhalisi də köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər bu bölgələrdə azərbaycanlılara qarşı qırğınlar törətdilər. Bunun ardınca, 1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə divan tutmağa başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 200-dək azərbaycanlı kəndi dağıdılmış, minlərlə insan qətlə yetirilmişdi. Bu qırğınlara 1917-ci ilin dekabrında RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi.
I Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi. Brest-Litovsk (mart 1918) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumu tərk etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı. İran, Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi.
Şaumyan həmin qüvvələrdən azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə Bakıda az sayda könüllü müsəlman əsgərləri var idi. Daşnak-bolşevik qüvvələrinə kütləvi qırğınlara başlamaq isə yalnız bəhanə lazım idi, o da tapıldı. Müsəlman əsgərlərin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi Şaumyana bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmri verdi. Atışmada ölən və yaralananlar oldu. Şaumyan bu hadisədən istifadə etdi və \”sovet hökumətinə qarşı çıxan\” azərbaycanlı əhaliyə qarşı Bakıda görünməmiş qırğınlar başlandı.

* * *
Vüqar Orxan “Mədəniyyət” qəzetiMartın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 12 mindən çox insan qətlə yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri Bakıda yüzlərlə binanı talan etmiş, Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan \”İsmailliyyə\” binasına od vurmuşdular.
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir. Mart-aprel qırğınlarında Şamaxı qəzasında 8 min, Qubada 16 min, Naxçıvan və Zəngəzur qəzalarında ümumilikdə 10 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi. Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmışdır. Aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Bütün bu faktlar Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarında əksini tapmışdı.

* * *
70 illik sovet ideologiyasının tarix kitablarına \”vətəndaş müharibəsi\”, “erməni-müsəlman davası”, “əks-inqilabi qiyam\” adları ilə daxil edilən 1918-ci ilin mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Bu qırğının təşkilatçısı S.Şaumyan RSFSR XKS-yə 13 aprel 1918-ci il tarixli məktubunda etiraf edərək yazırdı: \”Bizim süvari dəstəyə edilən silahlı hücumdan biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi\”.
Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olduq, 70 illik sovet tarixi isə bizi gerçək tariximizdən uzaq saldı. Hətta soyqırımı qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üstündə Kirovun heykəlini qurmuş, ətrafda isə istirahət parkı salmışdılar. İllər boyu bu parkda istirahət edib, \”bəxtəvərlik\”dən dəm vuranlar təsəvvür etmirdilər ki, ayaqlarının altında nələr var. Çünki o tarix və dəhşətlərin üstü, sözün bütün mənalarında, betonlaşdırılmışdı.

* * *
Vüqar Orxan “Mədəniyyət” qəzeti1998-ci il martın 26-da Prezident Heydər Əliyev \”Azərbaycanlıların soyqırımı haqqında\” fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitləndi.
Ötən dövrdə tarixi gerçəkliklərin, xalqımızın zaman-zaman məruz qaldığı soyqırımı və qırğınların miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görülüb. Amma bu, yetərli deyil. Qan yaddaşımız olan bu tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.

Haqqında Əkinçi