25 Sentyabr, 2017 - Bazar ertəsi
Xoşbəxtliyə həsrət

Xoşbəxtliyə həsrət

XIX əsrin sonu – XX əsrin əvvəlində müsəlman aləmində qadınların hüquq və azadlıqları üçün fədakarlıq göstərən görkəmli maarifçi və yaradıcı xanımlardan biri də Şəfiqə Qaspıralı olub.

Şəfiqə Qaspıralı 1886-cı ildə Krımda görkəmli maarifçi, mətbuat xadimi İsmayıl bəy Qaspıralının ailəsində dünyaya göz açıb. İsmayıl bəy övladlarının təlim-tərbiyəsi ilə özü məşğul olub, erkən çağlardan onlarda dövri mətbuata maraq oyadıb. Şəfiqə əmək fəaliyyətinə atasının redaktorluğu ilə nəşr olunan “Tərcüman” qəzeti redaksiyasında başlayıb. Ədəbi mühit onun həyata baxışında dəyişikliklərə səbəb olur. Xanımlara qarşı kobud, laqeyd münasibətlər onu qadın azadlığı uğrunda mübarizəyə cəlb edir. 1906-cı ildən 1910-cu ilə kimi “Tərcüman”ın mətbəəsində qadınlar üçün Rusiya müsəlmanlarının “Qadın dünyası” (“Aləmi-nisvan”) adlı ilk qadın jurnalının çapına nail olur.
XX əsrin əvvəllərində çar Rusiyasında və onun əyalətlərində iğtişaşlar baş verir. Belə bir vaxtda Novorossiysk Universitetində təhsil alan azərbaycanlı tələbələr Krımda olarkən İ.Qaspıralını ziyarət edir və fikir mübadiləsi aparırlar. Həmin tələbələr arasında Qaspıralı ocağında tez-tez olan Nəsib bəy Yusifbəyli də olur. Onu bu ocağa Qaspıralı qayğısı ilə yanaşı, həm də Şəfiqə xanıma olan sevgisi gətirirmiş. Nəhayət, 1906-cı ildə onlar ailə qururlar. Bir müddət Krımda yaşayan ailənin Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlir. Nəsib bəy burada təhsilini davam etdirməklə yanaşı, “Tərcüman”da dövrün ictimai-siyasi hadisələrini əks etdirən yazıları ilə çıxış edir. Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyur…
Nəsib bəy təhsilini başa vurduqdan sonra ailəsi ilə Gəncəyə qayıdır. Tədqiqatçı alim, professor Vilayət Quliyev “Baş nazirin xanımı” adlı məqaləsində yazır ki, çox keçmir Nəsib bəyin əvvəlcə başqa bir qadınla dini nikahda olduğu məlum olur. Bu, Şəfiqə xanımla Nəsib bəyin ayrılmasına səbəb olur. Şəfiqə xanım 1909-cu ildə övladları ilə birlikdə Krıma qayıdır. Bütün bunlara baxmayaraq, Nəsib bəy ailəsi və İsmayıl bəylə münasibətlərini kəsmir. 1914-cü il sentyabrında İsmayıl bəy dünyasını dəyişəndə Nəsib bəy dəfn mərasimində yaxından iştirak edir. Şəfiqə xanımdan bağışlanmasını xahiş etsə də, o, bu təklifi qəbul etmir.
Atasının ölümündən sonra Şəfiqə xanım “Tərcüman”ın nəşrinə diqqət yetirir, siyasi fəaliyyətini artırır. Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə (1917) nümayəndə seçilir. Krımda “Qadın komitələri” təşkilatını yaradır. Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edir. Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması hökumətin xoşuna gəlmir. Məhz bu səbəbdən də 1918-ci il fevralında “Tərcüman” qəzeti bağlanır. Bu hadisələrdən narahat olan Nəsib bəy Şəfiqə xanıma məktub yazaraq onları Bakıya dəvət edir. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində nazir olsa da, özünü xoşbəxt hesab etmədiyini bildirir… Şəfiqə xanım 1918-ci ilin əvvəllərində övladları ilə birlikdə Gəncəyə, 1919-cu ildə isə Bakıya gəlir. Araşdırmalardan məlum olur ki, Şəfiqə xanım Cümhuriyyət dövründə Bakıda Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayır. Dövri mətbuatda qadın azadlığı mövzusunda yazıları ilə çıxış edir.
1920-ci ildə Cümhuriyyətin süqutu və Nəsib bəyin müəmmalı qətli Şəfiqə xanımı bir daha Azərbaycandan uzaq salır. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxarır. Ailənin gələcək taleyindən narahat olan, o zaman Bakıda işləyən türk diplomatı Şəfiqə xanımı və övladlarını türk hərbçiləri ilə birlikdə Türkiyəyə yola salır. Bir müddət maddi çətinliklə üzləşirlər. Sonra Şəfiqə xanım İstanbulda “Qızıl ay” beynəlxalq xeyriyyə cəmiyyətində tərcüməçi kimi işə düzəlir. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün maraqlı olacaq bir kitab çap etdirir. Taleyinə əzablı günlər yazılan bu fədakar xanım uzun ömür yaşayır və 1975-ci ilin avqustunda dünyasını dəyişir.

Savalan Fərəcov

Haqqında Əkinçi