22 Noyabr, 2017 - Çərşənbə
“Yoldan çıxan” bir bakteriya nələrə səbəb olar?

“Yoldan çıxan” bir bakteriya nələrə səbəb olar?

Ölkələrin GDO-ya münasibəti 
 
Türkiyə GDO-lu qida və yem maddələrini qadağan edib. Ancaq ölkədə buna nəzarət edəcək bir qurum mövcud deyil. Ayrıca qanunvericilikdə də ciddi çatışmazlıqlar var. 2003-ci ilin əvvəllərindən etibarən Avstraliyanın bəzi əyalətləri transgen  bitkilərin yetişdirilməsinə maneə törədirdi. Ancaq 2007-ci ilin sonlarında New South Wales və Victoria əyalətləri qadağaları qaldırdılar. Cənubi Avstraliya bütövlükdə qadağanı qaldırmadığı halda Qərbi Avstraliya 1 il sonra bunu elədi. Tazmanya 2014-cü ilin noyabrına qədər qadağanı uzatdı. Queensland əyaləti 1995-ci ildən bəri transgen bitki yetişdirilməsinə icazə verib və heç bir zaman qadağa qoymayıb. 2005-ci ildə Kanadanın Prince Edward adasında (Prince Edward Islands) transgen məhsulların əyalət içində qadağan edilməsi üçün bir layihə hazırlandı. Amma layihə qəbul edilmədi. 2008-ci ildən bəri adada belə məhsulların istifadəsi sürətlə artmaqdadır. Kanada transgen bitkilərin ən çox istehsal olunduğu ölkələrdən biridir. Yeni Zelandiyada GDO-lu məhsullar yetiştirilmir və genetikası dəyişdirilmiş canlı orqanizm ehtiva edən dərmanlar qadağandır. 2004-ci ildə Kaliforniya ABŞ-da GDO-nu qadağan edən ilk ştat oldu. 57 lehinə olmaqla qadağa qərarı keçdi. Kaliforniya, Triniti və Marin mahalları GDO-lu məhsullara qadağa tətbiq etdilər, Butte, Lake, San Luis Obispo, Humboldt və Sonoma rayonlarında isə bu cəhd müvəffəqiyyətsiz oldu. Fresno, Kern, Kings, Solano, Sutter və Tulare kimi kənd təsərrüfatı baxımdan zəngin əyalətlərdə də mütəxəssislər bu təklifə “yox”, dedilər. Zambia hökuməti biotexnoloji işlərə cəmiyyətin mənfi düşüncəsini dəyişmək üçün bir layihə başlatdı. Fransız hökuməti MON810 qarğıdalısını qadağan edib. Bu, ölkədə icazə verilən tək GDO-lu məhsul idi. İnsan sağlamlığına təsirləri öyrənildikdən sonra müdafiə tədbirləri görülməsi planlaşdırılıb. Braziliya GDO tərkibli məhsullarda GDO nisbətinin yüzdə 1 faiz təşkil etməsi və bunun da məhsulun üzərində göstərilməsini zəruri sayır. Argentinada GMO tərkibli məhsulların üzərində xəbərdaredici yarlığın olması istəyə bağlıdır. Almaniya, Fransa, Macarıstan, Avstriya, Lüksemburq və Yunanıstanda GDO-suz məhsullar “GDO yoxdur” şəklində etiketlənir.  Rusiya Duması belə məhsulların üzərində onun mənşəyi və tərkibi haqqında məlumatların yazılması barədə qərar qəbul edib. Ümumiyyətlə, Rusiya hökuməti də xalqın təzyiqi ilə belə məhsullara qarşı çıxır, hətta ölkənin baş naziri qərbin bostanına daş atıb, “GDO-lu məhsulları özləri yesinlər”, deyib.
“Yoldan çıxan” bir bakteriya nələrə səbəb olar?
 
GDO əleyhdarlarının mümkün təhlükələrə öz arqumentləri var. Onlar hesab edirlər ki, GDO daxil olan bir məhsulun tozcuğu GDO-suz bir bitkiyə keçə, beləliklə ənənəvi olaraq yetişən məhsul bu yeni geni ala bilər. Kimyəvi dərmanlara dözümlü bir GDO-nun tozcuğu hibridləşmiş şəkildə bir fərqli ot toxumuna keçə və bu geni alan bitki də kimyəvi dərmanlara davamlılığı inkişaf etdirə bilər. Kimyəvi dərmanlara dayanıqlı genetikası dəyişdirilmiş məhsullar bir sonrakı il də çıxa bilirlər və onlara nəzarət etmək çətin olur. Böcəklər (məsələn böcək dərmanlarına davamlı) geni dəyişdirilmiş bir orqanizmdəki genlərə qarşı immunitet qazana bilərlər. Geni dəyişdirilmiş bitkilər torpaq içində olan təbii canlı həyata zərər verər, ömrünə son qoyar. GDO-lu məhsullar qida kimi kifayət qədər faydalı və kalorili olmaya bilər ya da həzmi çətin olar. Belə orqanizmlərin toksik, allergik, teratogenik (ana bətnində məruz qalan körpədə görülən struktur anomaliyaları) zərərləri ola bilər.
Müxtəlif dövlətlərin sınaqlarında alimlər gen köçürməsi  yolu ilə indiyə qədər yer üzündə yüzlərlə yeni varlıq meydana gətiriblər. Bu səbəbdən istənmədən də olsa, insan növünü yox edəcək bir mikroorqanizm ya da bir növün yaradılmasına yol açıla bilər. Məsələn, fantastik filmlərdə gördüyümüz mutasiyaya uğramış bədheybət, ətrafı dağıdan oraqnizmlər kimi, bu, heyvan da ola bilər, bitki də. Əvvəllər biotexnologiyanın, xüsusilə kənd təsərrüfatı məhsulları mövzusunda böyük inkişafa yol açacağı, dünyada aclığın aradan qaldırılmasında inqilab yaradacağı müjdəsi verilirdi. Lakin hazırda gen mühəndisliyi, xüsusilə biotexnologiya universitetlərdən xüsusi şirkətlərin əlinə keçib və bunlar böyük maddi qazanc gətirəcək başqa işlərə yönəlmiş vəziyyətdədirlər. Yeni araşdırmalar GDO ilə bəslənən heyvanlarda orqan problemləri ortaya çıxdığını müəyyən edib. GDO-lu qarğıdalı və soya paxlası ilə 90 gün müddətində bəslənən siçanlarda qaraciyər və böyrək zəhərlənmələri ortaya çıxıb. Baş verənlərə işarə edənlər bəzi təhlükələrə diqqət çəkərək cəmiyyətə bu tiplu suallar yönəldirlər: atomu kəşf etmiş, sonra atom bombasını icad etmiş insanın elmi kəşfləri hər zaman insanlığın faydasına istifadə edilmədiyinə görə, genetik mühəndislik və bioteknoloji üsulların daim bəşəriyyətin xeyrinə, məsələn bir bioloji müharibədə əsla insanlığın zərərinə istifadə edilməyəcəyinə kim zəmanət verə bilər? Bəzi dövlətlərin digərləri üzərində hökmranlıq etmək üçün, genetikadakı işlərini gizlicə insanlar üzərində sınaqdan keçirməyəcəyini, məsələn, bir müharibəyə ehtiyac görmədən müəyyən millətlərə ya da cəmiyyətlərə aid insanların gizlicə bəzi qabiliyyətlərini köraltmaq və ya onlara bəzi davranış formalarını aşılamaq kimi sahələrdə tətbiq etməyəcəklərinə necə, zəmanət varmı? Genetik fəaliyyət başlanğıcda açıqlandığı kimi, yalnız irsi xəstəliklərin diaqnoz və müalicəsi istiqamətindəmi davam etməkdədir, yoxsa gizlicə aparılan araşdırma və tətbiq sahələri var? Genetik quruluşu dəyişdirilmiş, “yoldan çıxan” bir bakteriya xəstəliyə yol açarsa, daha əvvəl təbiətdə heç qarşılaşmadığından yəqin ki, insan bədəninin müdafiəsiz olacağı bu bakteriyanın yol açacağı xəstəlikdən insanlığı biotexnologiya xilas edə biləcəkmi? Genetik quruluşu dəyişdirilmiş bir heyvan və ya orqanizmin qısa müddətdə insanlar üçün faydalı bir potensial daşıdığı görünsə də, irəlidə mənfi nəticələr yaratmayacağından, ətrafa təsir etməyəcəyindən və ya çox həssas qanunlar üzərinə qurulmuş təbiətdə ekoloji tarazlığı pozmayacağından necə əmin ola bilərik? Mutasiyaya uğradılmış virus və bakteriyaların laboratoriya xaricinə salınmayacağını və ya təsadüfən də olsa laboratoriya xaricinə heç çıxmayacağını kim deyə bilər?
Azərbaycanda bu sahədə gerçək vəziyyəti araşdıracağıq.
H.HƏMİDOVA

Haqqında Əkinçi